Avqustun 30-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisinin açılışı ilə tanış olublar.
Əvvəla bildirək ki, xalçaçılıq sənəti Azərbaycan xalqının milli mədəniyyəti tarixində müstəsna yer qazanıb. Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət xalçaçılıq sənətindən yan keçməyib. Elə Fondun təşəbbüsüylə Azərbaycan ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də görülən işlərin bariz nümunəsidir.
Yüksək estetik əhəmiyyət kəsb edən xalçaçılıq sənətinin dünyanın şah əsərləri sırasına daxil edilməsi ilə bu sənət növünün dünya dövlətləri tərəfindən qəbul edilməsinə gətirib çıxardı. Xalçaçılıq sənətinin beşiyi hesab olunan Azərbaycanda toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunə kimi qəbul olunur.
Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan xalçaları" kataloqu nəşr edilib. "Azərbaycan xalçaları bütün məktəbləri ilə" layihəsi kitab şəklində nəşr edilib.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar çox əhəmiyyətli işlər görülüb. Heydər Əliyev Fondu tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun baş qərargahında və bir sıra ölkələrdə Azərbaycan xalça sənətinin təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır. Ötən ilin yanvarında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi də nümayiş olunub.
Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan sərgidə də Milli Xalça Muzeyinin təqdim etdiyi xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur.
Xalçaçılıq Qalereyasında diqqət çəkən məqam isə orada nümayiş edilən eksponatların 1992-ci ildə Şuşa filialından xilas edilmiş xalçalar olmasıdır. Bu bir daha onu göstərir ki, Heydər Əliyev Fondu hər zaman olduğu kimi tariximizə sahib çıxır.
Əli HÜSEYN,
“Muğanın səsi”