Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu: Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Belə ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Qeyd olunmalıdır ki, Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.
Belə ki, Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Azərbaycana işgüzar səfəri Səfər çərçivəsində istər prezidentlərin təkbətək, istərsə də geniş tərkibdə görüşlərində, həmçinin səfərin mahiyyətini özündə əks etdirən dövlət başçılarının mətbuata birgə bəyanatlarında diqqəti çəkən mühüm məqamlardan biri Prezident İlham Əliyevin şəxsi nüfuzuna, yürütdüyü siyasətə böyük dəyərin verilməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq.Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan prezidenti onu da bildirdi ki, Azərbaycan və Serbiyanın gözəl strateji tərəfdaşlıq münasibətləri var: «Azərbaycan və Serbiyanın gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə, ilk növbədə, ticarət sahəsində bunun nəticəsi olacaq”.Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, hələlik istənilən səviyyədə olmayan ticarət dövriyyəsi əldə edilmiş razılaşmaların icrası nəticəsində artacaq.
Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək. Çünki Serbiya Prezidenti Aleksandar Vuçiçin dediyi kimi: «Azərbaycan və Prezident İlham Əliyev nəinki Serbiya üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır.
Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri