Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.
Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.
Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara - zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi.
Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi