• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azadlıq meydanında keçirilən Zəfər paradı daim yaddaşlarda qalacaq

  • 10.12.2022, 00:40, Baxış sayı:
  • 181
Azadlıq meydanında keçirilən Zəfər paradı daim yaddaşlarda qalacaq
“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.” - Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev.
Vətən müharibəsi Azərbaycan xalqının tarixində dərin iz qoydu. 30 ilə yaxın bir müddət idi ki, düşmən tapdağı altında olan əzəli torpaqlarımızın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpa edilməsi "44 Günlük" şanlı tarixin nəticəsidir. O tarixin ki, özünə qədər bu torpaq uğrunda qanını, canını vermiş minlərlə şəhidin qısası alındı, qəlbləri torpaq həsrəti ilə yanan insanların həsrətinə son qoydu.
Bu 44 günün hər bir günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu tərəddüd etmədən irəli doğru addımlayırdı. Əsas bir amal, bir qayə var idi - Düşməni öz doğma yurdumuzdan qovmaq, əzəldən bəri bizə mənsub olan torpaqları geri qaytarmaq. Sıravi əsgərindən ordu generalına kimi hər kəs çiyin - çiyinə mübarizə aparırdı. Hər gün yeni kəndlər, şəhərlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan igidlərinin haqq - ədalət yolunda apardığı mübarizə bizi qələbəyə hər gün bir addım daha yaxınlaşdırırdı. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu Ermənistana elə bir məğlubiyyət yaşatdı ki, ermənilərin uydurduğu məğlubedilməzlik mifi məhv edildi. Ermənistanın hərbi texnikasına, canlı qüvvəsinə ağır zərbələr endirildi. Ermənilər eyni zamanda mənəvi məğlubiyyətə də düçar oldular. Dəfələrlə erməni ordusunda fərarilik halı baş verdi. Hətta o dərəcəyə çatmışdı ki, döyüş meydanından qaçmasın deyə əsgərləri hərbi texnikalara, səngərlərə zəncirləyirdilər. Bundan fərqli olaraq qəhrəman Azərbaycan oğulları yaraları belə sağalmadan səngərlərə qayıtmağa can atırdılar. Belə mübariz ruhlu, vətənpərvər xalqın qarşısında düşmənin məğlubiyyəti qaçınılmaz idi.
Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarında başlamışdı. O zamanlar indiki Ermənistan Respublikasının ərazisində yaşamış 100 minlərlə həmvətənlərimiz öz dədə-baba torpaqlarından, yurd-yuvalarından didərgin salındı. Ermənilərin sinələrinə döyə-döyə Ermənistan Respublikası adlandırdığı ərazi didərgin salınan bu insanların tarixi torpaqları - Azərbaycan torpaqlarıdır. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra mənfur qonşularımız bizim sərhədlərimiz daxilindəki torpaqlara da ərazi iddiaları etməkdən çəkinmədilər. Elə bu utanmaz davranışın nəticəsi idi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə erməni təcavüzü başladı. Azərbaycan Respublikası öz ərazisinin 20%-ə qədərinin müstəqilliyini itirdi. Onminlərlə vətəndaşı şəhid oldu, daha çoxu qaçqın düşdü. Aktiv hərbi əməliyyatlarlar 1994-cü ildə imzalanmış atəşkəslə müəyyən qədər səngisə də "Dağlıq Qarabağ münaqişəsi" öz aktuallığını qorumaqda davam edirdi. Hətta atəşkəs dönəmində belə ermənilər cəbhə bölgəsində təxribatlara əl atmaqdan çəkinmirdilər.
Atəşkəs imzalandıqdan sonra Azərbaycan tərəfi münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ciddi səy göstərirdi. Amma müharibə ehtimalinin da mümkün olduğunu heç vaxt inkar etmirdi. Bu istiqamətdə də lazımi hazırlıqlar həyata keçirilirdi. Uzun illər ərzində ölkəmizin əsas büdcə xərci hərbi sahəyə yönəldilmişdi. Ordunun döyüş qabiliyyəti möhkəmləndirilir, ordumuz müasir silah-sursat, hərbi texnika ilə təchiz edildi. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Bu illər ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də tədbirlər görüldü. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı. Günü gündən inkişaf edən, iqtisadi gücünü artıran, özünü dünyaya tanıdan Azərbaycan Respublikası "Vətən müharibəsi"ndə qazanacağı qələbənin təməllərini özü inşa etdi.
2020-ci il sentyabr ayının 27-si gecə saatlarında düşmən təxribatı nəticəsində "Vətən müharibəsi" başladı. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında birləşmişdi. Hətta ölkədə siyasi qarşıdurmalar səngimiş, ölkə ərazisində olan siyasi partiyaların böyük əksəriyyəti Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyannaməsi imzalamışdılar. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutmasını göstərir. Müharibənin gedişində Azərbaycan ordusunun hücumları nəticəsində itkilərə məruz qalib, geri çəkilməyə məcbur olan düşmən nə edəcəyini bilmirdi. Döyüş meydanında məğlub olarkən mülki əhaliyə qarşı cinayətlər törədir. Azərbaycanın müharibə zonasından kənarda yerləşən, mülki əhalinin yaşadığı ərazilərə raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəş açırdı. Bu cinayətkar əməllər nəticəsində Azərbaycanda 100ə yaxın mülki şəxs həlak oldu. İnsanlar yaralandı, evlərinə ziyan dəydi. Məhz belə namərd düşmənə qarşı müharibə meydanında qəhrəmancasına qazanılan qələbələr düşməni çıxılmaz vəziyyətdə qoydu. Şuşa şəhəri Azərbaycan hərbçiləri tərəfindən azad edildikdən sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu akt Azərbaycanın Ermənistan üzərində üstünlüyün 44 günün sonunda rəsmi sənədi idi.
İmzalanan Bəyanatla müharibə başa çatdı və 1 güllə belə atilmadan Ağdam,Kəlbəcər və Laçın rayonları geri qaytarıldı. Azərbaycanın qələbəsi şərəfinə 10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, müharibədə şəhid olmuş qəhramanlarımızın sayına bərabər türk əsgər və zabitləri də iştirak etmişdi. Paradda yerli və xarici qonaqlarla yanaşı, diplomatik korpusun nümayəndələri də iştirak etmişdi.Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsinin ilk günlərindən etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss edirdi.
Azərbaycanın qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dən çox hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul olunmuş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdi. Azərbaycan ordusunun şahinləri Bakı səmalarında öz hünərlərini nümayiş etdirirdilər. Paradda eyni zamanda müharibə zamanı Ermənistandan hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı qüvvələrinə aid hərbi texnikanın da bir qismi nümayiş etdirilmişdi.
Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdi. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzaladı.
Müharibə dövründə ələ keçirilən hərbi qənimətlətlərin nümayiş etdirildiyi Hərbi Qənimətlər Parkı yaradıldı. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.
Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter