Azərbaycan xalqı 8 noyabr – Zəfər Gününü qürurla və şərəflə qeyd edir
- 08.11.2022, 10:52, Baxış sayı:
- 166
Facebook
Вконтакте
Одноклассники
Google+
44 günlük Vətən müharibəsində şanlı qələbəmiz Azərbaycanın mərd, igid oğullarının misilsiz qəhrəmanlığının nəticəsi olmaqla yanaşı, həm də ölkə rəhbəri Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin yürütdüyü ardıcıl və məqsədyönlü siyasətin nəticəsi idi. Ölkə başçımız qazanılacaq qələbənin konturlarını Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən cızmağa başlamışdı. Çünki işğal olunmuş torpaqlarımızın, Şuşamızın azad edilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən Cənab İlham Əliyevə vəsiyyət edilmişdi. Ata vəsiyyətini layiqincə yerinə yetirən ölkə başçımız, bu tarixi missiyanı şərəflə və qətiyyətlə icra edərək xalqımızın qəlbində özünə əbədi taxt qurmuş oldu.
Qızğın döyüşlərin baş verdiyi günlərdə Cənab İlham Əliyev dünyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycanın haqlı mövqeyini tutarlı sübutlarla və təkzibedilməz faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Məhz Müzəffər Ali Baş Komandanın fədakarlığı və dönməzliyi sayəsində Azərbaycan Respublikasına qarşı informasiya blokadası yarıldı və haqq səsimizi dünya eşitmiş oldu. Ölkə başçımız qələbə xəbərlərini şəxsən özü doğma xalqına çatdırır və sevincini böyük fərəh hissi ilə insanlarla paylaşırdı. Bu məqam qələbəyə olan inamımızı daha da artırır və xalqımızı tam olaraq səfərbər edirdi. Prezidentimizin xalqa müraciətləri həmin günlərdə öz emosionallığı ilə diqqət çəkirdi. 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə bir çox dövlətlər haqq savaşımıza ikili standartlardan yanaşsalar da dost və qardaş Türkiyə həmişə olduğu kimi bu dəfə də qətiyyətlə Azərbaycanın tərəfində dayandı və mənəvi dəstəyini bir an olsun belə əsirgəmədi.
2020-ci il 8 noyabr Zəfərindən sonra da regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün Türkiyə və Azərbaycan birlikdə addımlar atmaqdadırlar. 2021-ci il iyunun 15-i Azərbaycan tarixində ilk dəfə olaraq ölkə lideri xarici dövlətin başçısını Qarabağda – Şuşada qarşıladı. Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması regionun gələcək təhlükəsizliyinə önəmli töhvələr verəcək bir hadisə oldu. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətləri arasında qardaşlığın sözün həqiqi mənasında təntənəsi idi.
Hal-hazırda Azərbaycan post-konflikt quruculuğu dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi ilə Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan geniş miqyaslı tikinti quruculuq prosesi hər birimizi qürurlandırır. Bütün bu nəhəng işlər yalnız və yalnız Azərbaycanın öz daxili imkanları hesabına gerçəkləşdirilir. Ölkə başçımızın rəhbərliyi altında post-konflikt quruculuğunun əsas istiqamətləri dəqiq müəyyənləşdirilmişdir və uğurla, planlı şəkildə həyata keçirilir. Bu canımız və qanımızdan da dəyərli olan Azərbaycanımızın yeni inkişaf mərhələsidir. “Böyük Qayıdış” artıq xalqımızın milli ideyasına çevrilmişdir.
Vüqar Kərimov,
Sabirabad rayon Gənclər və idman idarəsinin rəis müavini