Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məhz 26 fevral – Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməsi heç də təsadüfi deyildi. Dövlətimizin başçısı dünya istimaiyyətinin diqqətini bir daha bu faciəyə yönəltdi və mesaj verdi ki, XX əsrin ən böyük qətliamlarından biri olan Xocalı soyqırımını törədənlərin cəzası verilməlidir. Prezidentimiz həmişə olduğu kimi, mətbuat konfransında da yüksək diplomatik məharət, natiqlik nümayiş etdirdi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirdi.
Ölkə rəhbəri dünyanın aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi və informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi. Prezident İlham Əliyev hazırda Ermənistantanın düşdüyü vəziyyətin səbəblərini izah edərək dünya birliyinin diqqətinə çatdırdı ki, bütün bunlar Köçəryan-Sarkisyan xuntasının, Paşinyan rejiminin işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan Azərbaycana qarşı əsassız iddialar irəli sürməklə, qonşu ölkənin ərazilərini zəbt etməklə əslində, özünü iflic vəziyyətinə salıb. Bu gün Ermənistanda siyasi vəziyyət demək olar ki, dövlət çevrilişi həddinə çatıb. Onlar özləri də bilmirlər nə istəyirlər. Dövlətimizin başçısı bildirdi ki, “bu gün Ermənistanda mövcud olan revanşist qüvvələr anlasınlar, Azərbaycan geri çəkilən deyil və ölkəmiz üçün təhlükə yarandığı təqdirdə, biz yenidən düşmənin başını əzməyə hazırıq”. Dövlətimizin başçısı mətbuat konfransında qeyd edib ki, 10 noyabr Bəyanatına əsasən sülh məramlılarının bölgədə yerləşdirilməsi müvəqqəti xarakter daşıyır. Rusiya hərbçiləri Dağlıq Qarabağda beş il xidmət edəcəklər. Rəsmi Bakı vəziyyətə uyğun olaraq beş ildən sonra qərar vermək səlahiyyətinə malikdir. Prezident İlham Əliyev Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından da danışdı və qeyd etdi ki, nə qədər ki, ermənilər soyqırımı məsələsini gündəmdə saxlayacaqlar, sərhədlərin açılması sual altındadır.
Ölkə rəhbəri 10 noyabr 2020-ci ildə Azərbaycan-Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyanatın detalları barədə də jurnalistlərin suallarına ətraflı məlumat verdi. Prezident qeyd etdi ki, üçtərəfli bəyanatın icrası yerinə yetirilir. İşğaldan azad olunmuş torpaqlara həmyerlilərimizin qayıdışı mərhələli şəkildə həyata keçiriləcək. Xankəndinə və Xocalıya da azərbaycanlıların qayıdışı tam təmin olunacaq. Prezident bununla da həm Ermənistanın, həm də özümüzdən olan bəzi qaragüruh qüvvələrin guya Xankəndinə və Xocalıya azərbaycanlıların qayıda bilməyəcəkləri barədə fikirlərini alt-üst etdi. Qarabağımızda hazırda bərpa-quruculuq işləri gedir.
İnanırıq ki, 30 ildən xeyi müddətdə işğal edilən torpaqları 44 günlük Vətən müharibəsi nəticəsində xilas edən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev doğma Qarabağımızı cənnətə çevirəcək və bütün dünya bu diyarı daha da yaxından tanıyacaq.
Ölkə rəhbəri həmçinin mətbuat konfransında bildirdi ki, “Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə, sabitliyə hesablanmış davranış. Eyni zamanda, ilk günlərdən Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini göstərmişdir”.
Bu heç də təsadüfi deyildir. Son tarixi proseslər Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü "Bir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha reallığa çevirdi. Türkiyənin siyasi və mənəvi dəstəyi Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Haqq işimizə dəstək Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanın haqq davasında öz dəstəyini əsirgəmədi.
Bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir. Türkiyənin hətta ən kritik hadisələr zamanı da ölkəmizi diqqətdən kənarda qoymaması, Azərbaycanın apardığı haqq davasını nəzərində saxlaması Dağlıq Qarabağ məsələsinin ölkəmiz qədər Türkiyə üçün də şərəf məsələsi olduğunu göstərir.
Ağalar Ağammədov,
Sabirabad Regional Mədəniyyət idarəsinin məsləhətçisi