Media məkanı belə fırıdaqçılardan təmizlənməlidir
Jurnalistikada "reketçilik" böyük bir bəla, böyük bir fəlakətdir. Çox təəssüf ki, “reketçilik” son illər ölkə mediasında iyrənc bir vəziyyətə gəlib çıxıb. Biz sözün dəyərdən düşməsinə və jurnalistikamıza başaşağlığı gətirən bu cür addımların qarşısında qətiyyətlə dayanmalıyıq. Artıq “reket jurnalist”ləri durdurmaq vaxtı çatıb!“Reketlik" ümumiyyətlə peşəkar jurnalistika ilə bir araya sığmayan yoldur. Bu cür davranışların mətbuata heç bir aidiyyatı yoxdur. Onlar sadəcə olaraq müəyyən cinayət əməlləri törədən insanlardır və həmin şəxslər qanun qarşısında məsuliyyət daşımalıdır. Ona görə düşünürəm ki, “reket jurnalistikası” ilə məşğul olan, mətbuatın şərəfli adına ləkə gətirən zümrə ilə mübarizə təkcə mətbuatın deyil, həm də dövlətin və cəmiyyətin işidir. Son günlər gündəmi məşğul edən məsələlərdən biri də “jurnalist” adı altında reketliklə məşğul olan insanların peyda olmasıdır. Düzdür, müxtəlif dövrlərdə mətbuatda bu kimi tendensiyalar yaşanıb. Lakin görülən adekvat tədbirlər nəticəsində "reket jurnalistika"sının qarşısı xeyli dərəcə alınıb. Ancaq təəssüf ki, bu günlər də bu problem yenidən baş qaldırıb və məsələ o yerə çatıb ki, bu işbazlar cəmiyyətin həssas təbəqəsi olan şəhid ailələrinin belə qapısını döyüblər və özlərinə məxsus həyasızlıqla şəhid ailələrindən müəyyən çəkiliş müqabilində pul da tələb ediblər. Adını belə qoya bilmədiyimiz bu cür alçaq hərəkətlər biz mətbuat işçilərini narahat etməyə bilməz.
Jurnalistikada "reketçilik" böyük bir bəla, böyük bir fəlakətdir. Çox təəssüf ki, “reketçilik” son illər ölkə mediasında iyrənc bir vəziyyətə gəlib çıxıb. Belə qaranlıq işlərlə məşğul olan insanlar özlərini jurnalistikaya bu və ya digər şəkildə soxuşdurmuş insanlardır. Hamımız bu jurnalistikaya yox deməliyik. Biz sözün dəyərdən düşməsinə və jurnalistikamıza başaşağlığı gətirən bu cür adamların qarşısında qətiyyətlə dayanmalıyıq.
Təcrübəmdən manısın da, dərzinin də, bənnanın da, qəssabın da, hətta “svarşik”in da jurnalist adı ilə reketçilik etdiyinin şahidiyəm. Şahidiyəm ki bunların içində xüliqanlığa, böhtana görə məhkumluq həyatı yaşayanlar da var. Ancaq nə fayda. Əksinə dustaqlıqdan sonra bir az da azğınlaşıblar. Özlərinə məxsuz yeni iş üsulu da tapıblar. Özləri səviyyələrində savadsız, heysiyyatlarını itirmiş adamları öz ətraflarına toplayaraq hərəsinə bir vəsiqə veriblər. Ən başlıcası qəzetçiliyin nə olduğunu anlamayan binava qadınları küçələrə salıblar. Onlar üçün vicdan, ləyaqət məhfumları yaddır, insanlıqdan kənar hər şey onların qəbuludur, təki nə olursa-olsun pul olsun...
... Bu günlərin söhbətidir. Avtomobilimə yanacaq doldurarkən YDM-nın müdiri mənə yaxınlaşıb “üzdəniraq” müxbirlərdən danışdı: “Vallah gicələk qoyublar bizi. Iki gündən bir “jurnalist xanım”lar yanımızdadırlar. Adam lap xəcalət çəkir, onlarla söhbət edəndə. 10-15 manata görə özlərini elə hala salırlar ki, bütün qəzet işçilərinə nifrət edirsən”.
Məntəqənin müdiri sonra əlavə etdi ki,
“İnanırsız, belələri ilə qarşılaşmamaq üçün güdüyə durmuşuq, elə bil siçan-pişik oyunu oynaylrıq, birtəhər özümüzü yaxındakı mağazalara veririk ki, bəlkə getdilər, ancaq onlar da üzlərinə verib saatlarla gözləyirlər”.
Redaksiyamıza kömək üçün müraciət edən A.Ağayev soyadlı bir Sabirabad şəhər sakininin məktubu da sizin üçün maraqlı olar: “Mən Sabirabad şəhərində yaşayıram, II qrup əliləm. Həyat yoldaşım təqaüdçü, oğlum ordu sıralarındadır. Başıma gələn bir nağıla bənzəyir. 3 il əvvəl Melioratorlar qəsəbəsində pomidor-göyərti satan Adil adlı biri ilə tanış oldum. Bir neçə ay keçəndən sonra onu küçədə göyərti satan görmədim. Soruşdum, dedilər Adil hüqüq qəzetində müxbir işləyir. Doğrusu, inanmadım. Həmin günün ertəsi Adil məni özü tapdı. Kostyumda, qalstukda. Dedi ki, mən artıq müxbirəm bu da mənim vəsiqəm 6 rayona baxıram. Dedim ki, axı sənin təhsilin yoxdur, necə işləyirsən. Cavabında dedi ki, ay rəhmətliyin oğlu, sən nə qoyub, nə axtarırsan. Redaktorumuz 2 il həbsdə yatıb, o da mənim kimi təhsilsizdir. Nə olsun, qəzetin 40-dan çox işçisi ona tabedir. Mənə 500 manat təcili pul lazımdır, qəzetimizin redaktorunun maşınının matorunu yığdıracam. Nə istəsən onu edərəm. İstəsən uşaqlarına da pensiya düzəltdirərəm. Təki bu gün axşama mənə pulu çatdır. Mən də hələ yaxşı tanımadığım bu adama inandım, faizə pul götürüb ona verdim. Dedi ki, faizini də özüm verəcəm, pulunun hamısını da uzağı bir aya qaytaracam. Amma üstündən aylar keçsə də pulumu qaytarmadı. Hər həftə onun qapısını döydüm, hər dəfə də söz verirdi bu gün-sabah. Axırı onun yaşadığı İ.İsgəndərov küçəsindəki 4 saylı beşmərtəbəli binanın sakinlərindən öyrəndim ki, bu adam məşhur kələkbazıymış. Adil rayonun Mugan Gəncəli kəndindənimiş Onu da öyrəndim ki, o, 6 uşağını da atıb bu binada guya ailə qurmaq adı ilə bir qadının evində yaşayır. Onu-bunu qorxuzmaqla bir maşın da alıb. Rayonda onlarla mağaza müdirinə hədə-qorxu biçərək kostyum, ayyaqqabı və s, götürüb. Bu adamın işi-gücü ancaq ona-buna şər-böhtan atmaqla pul qazanmaqdır. Bu yaxınlarda eşitmişəm ki, onun müxbiri olduğu hüquq qəzetini reket qəzet elan ediblər. Amma bunun da mənə faydası yoxdur. Çünkü hələ də pulumu ala bilmirəm. Artıq faizlə borcum 1600 manatı keçib. Xahiş edirəm, bu dələduz müxbirin cəzalandırılmasına kömək edin”.Çox çətinliklə də olsa kömək etdik. Hissə - hissə də olsa pulu aldıq, həmin dələduzdan.
Ancaq eşidmişik ki, Adil indi də reketçiliklə məşğuldur.
Belələri əməllərinə görə cinayət məsuliyyəti daşımalıdırlar. Çox təəssüf ki, bu "reket jurnalistlər"in sayı dünən də çox idi, bu gün də kifayət qədərdir. Görünür ki, asan yolla pul qazanmaq istəyənlərin sayı çoxalıb. Hesab edirəm ki, bu məsələ ilə əlaqədar qanunlar çərçivəsində çox kəskin mübarizə aparılmalıdır. Bu, həmin şəxslərin nəinki, jurnalistika adına, həm də insanlıq adına utancverici bir zümrə olduqlarının göstəricisidir.
Cəmiyyət bu cür məsələlərə qarşı aktiv reaksiya verməlidir və bu cür hallarla rastlaşanda dərhal ya hüquq-mühafizə orqanlarına, ya da medianın özünü tənzimləmə qurumlarına mütləq şəkildə məlumat verməlidirlər.
“Reketlik" ümumiyyətlə peşəkar jurnalistika ilə bir araya sığmayan yoldur. Bu cür davranışların mətbuata heç bir adiyyatı yoxdur. Onlar sadəcə olaraq müəyyən cinayət əməlləri törədən insanlardır və həmin şəxslər qanun qarşısında məsuliyyət daşımalıdırlar. Ona görə düşünürəm ki, təkcə “reket jurnalistikası” ilə məşğul olan, mətbuatın şərəfli adına ləkə gətirən zümrə ilə mübarizə təkcə mətbuatın deyil, həm də dövlətin və cəmiyyətin işidir.
Belə reketçilərin diqqətinə ölkə Prezidenti cənab İlham Əliyevin aşağıdakı sözlərini çatdırmağı vacib bilirəm. Bəlkə pis əməllərindən əl çəkdilər, haqq-ədalət yoluna qayıtdılar. Çünkü sonra gec olacaq onlar üçün.
«Reket jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır».
Artıq “reket jurnalist”ləri durdurmaq vaxtı çatıb!