“Ələyin gözündən yaxşılar düşəcək” - Əflatun Amaşov
- 01.08.2022, 10:05, Baxış sayı:
- 424
Facebook
Вконтакте
Одноклассники
Google+
“Mediadan, jurnalist adından sui-istifadə halları ötən illərdə olduğu kimi, yenə də aktuallığını saxlamaqdadır. Azərbaycan Mətbuat Şurası fəaliyyətə başlayandan bu sayaq təmayüllərə qarşı mübarizə aparmaqdadır. Qurum məsələyə cəmiyyətin diqqətini çəkmək üçün “reket jurnalistika” anlayışından istifadə edib. Təbii ki, anlayışa izah da verilib. Bu barədə geniş danışmaq istəməzdim. Çünki həm mübarizəmiz, həm onun nəticələri, həm də açıq deyim, müəyyən mənada gözlədiyimiz effekti verməməsi media cameəsindəki hər kəsə məlumdur. Yeri gəlmişkən, illər ərzində mübarizənin lazımi qədər effekt verməməsinin səbəblərindən geniş danışmışıq. Səbəblər əsasən obyektiv səciyyə daşıyıb. Yəni böyük ölçüdəki obyektivlikdən danışıram. Nəyə görə belə deyirəm? Çünki Şura problemlərin hamısını diqqətdə saxlayıb, onların ictimai müzakirəsi aparıb. Hətta qanunvericilik baxımından vacib məqamları açıqlayıb, vəziyyətdən çıxış yollarını vurğulayıb. Mətbuat Şurası onu da bildirib ki, media adından sui-istifadələrin qarşısının alınmasında hüquqi prosedura ehtiyac duyulmaqdadır. Paradoksal durum yaranır. Diqqət etmişəm ki, bir çox həmkarımız jurnalistikadan sui-istifadələrə qarşı mübarizənin vabliyini diqqətə çatdırsa da, sonralar həmin həmkarlarımızı mübarizəmizə qarşı çıxanların səngərində görrmüşük. Deyərdim ki, bəzən belələrinə qarşı mübarizənin söz və ifadə azadlığı kontekstində dəyərləndirilməsinə, müxtəlif siyasi spekulyasiyalara baş vurulduğuna da şahidliyimiz var”.
Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
“Hər bir halda məsələyə prinsipial yanaşılmasını, daha böyük həqiqətlərin üstün tutulmasını heç kəs inkar etməyib. Prinsipial yanaşma və daha böyük yanaşma isə budur. Birincisi, jurnalistika onun missiyasına yad təmayüllərdən qurtulmalıdır. İkincisi, jurnalistika informasiya işidir və bu iş həm də ölkənin təhlükəsizliyi ilə bağlıdır. Hər iki nəticə bir-birilə üzvü şəkildə bağlıdır. Birinci hala lazımi qiymət verilməməsi peşənin nüfuzunu zədələyir, ikinci məqama diqqət yetirilməməsi ölkənin təhlükəsizliyini təhdid edir. Bütün bunları nəzərə alaraq bildirməliyəm ki, qarşımızda dayanan vəzifə media adından sui-istifadələrə qarşı geniş cəbhə açmaqdır. Bu cəbhə təsadüf simaları sıradan çıxaracaqdır. Bir növ, ələnmə baş verəcəkdir. Obrazlı desəm, ələyin gözündən yaxşılar düşəcəkdir. Ən əsas məsələ o ələyi hərəkətə gətirməkdir. Bunun üçün isə qanuni mexanizmlər var. O qanuni mexanizmlər ki, mövcud sahəyə toplanmış müxtəlif təsadüfi şəxsləri sıradan çıxarsın. Yenə də deyim, indiki məqamda məsələ başlıca olaraq həm də ölkənin informasiya təhlükəsizliyi ilə bağlıdır. Biz jurnalist adından sui-istifadə edənlərin spekulyativ davranışlarının təmənna mahiyyətini bilirik və heç kəs təminat verə bilməz ki, bu mahiyyət nə zamansa ölkə miqyaslı məsələlərdə cəmiyyəti yanlış yönləndirmə kimi neqativ təmayüllərin də girovuna çevrilməyəcək. Odur ki, peşəyə sədaqət elə Vətənə sədaqətdir. Prinsipial yanaşma peşəyə sədaqətsizliyin eyni zamanda Vətənə sədaqətsizlik kimi qiymətləndirilməsi üçün şübhələr aktuallaşdırır. Bu yanaşmanı bizdən zaman tələb edir” – Ə.Amaşov qeyd edib.