Bu gün ölkədə reket “jurnalist”lər çoxdur. Təhsili olmayan, həmçinin hər peşədən adamlar bu sahəni gözdən salıb. Buna son qoyulmalıdır. Cəmiyyətimizdə jurnalist adının hörmətini qaldırmaq lazımdır. Bu gün manısın, dərzinin, bənnanın, qəssabın, hətta çobanın belə qəzet çıxardığının şahidiyik. Bu qanuna ehtiyac yoxdur deyənlərə tutarlı bir misal çəkmək istəyirik: Baş çobanlıqdan qovuldu, ancaq Baş redaktor oldu.
“Media haqqında" yeni qanunun qəbul olunması Azərbaycanda qanunvericilik hadisəsidir, tarixi hadisədir və bizim medianın inkişafı ilə bağlı qarşıya istiqamət almış yeni bir mərhələnin başlamasında sözsüz əhəmiyyətli qanunvericilik və praktik təsir rolunu oynayacaq
Bizim indiyə qədər hələ qüvvədə olan KİV Haqqında Qanunun müxtəlif istiqamətlərdə bəzən boşluqları, bəzən ziddiyyətli məqamları, bəzən ortaya çıxan və hətta mütərəqqi tendensiyaları lazımı yönümdə istiqamətləndirə bilməməsinin əziyyətini çox çəkmişik. Bu nöqteyi - nəzərdən yeni qanunun qəbul olunmasına ehtiyac var idi. Eyni zamanda Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış olan yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə böyük tələbat yaratmışdı. Hansı ki, bu qanun media sahəsində və ümumən islahatlar prosesində çox mühim bir mərhələnin başlanğıcını qoyacaq.
Media sahəsində ən məşhur olan və indiyə qədər işlətdiyimiz kateqoriyaların hüquqi və sosial portret təsvirinin verilməsi ilkin önəmli cəhətlərdən biridir. Məsələn, redaksiyanın, Kütləvi İnformasiyanın, medianın, jurnalistin kim olması və kimin jurnalist adlandırılması və s. ilə bağlı verilmiş hüquqi təyinatlar indiyə qədər praktikada rast gəldiyimiz bir sıra çətinlikləri ortadan qaldıracaq.
Qanun layihəsində media subyektinin idarəetmə orqanının rəhbərinin ali təhsilli olmasından, freelancer çalışan jurnalistlərin fəaliyyətində vahid kart sisteminə keçiddən və reyestrin təşkilindən də söz açılır. Bunlar çox vacib məsələlərdir. Biz media rəhbərlərinin ali təhsilli olmasının tərəfdarıyıq. Ölkədə reket “jurnalist”lər çoxdur. Təhsili olmayan, həmçinin hər peşədən adamlar bu sahəni gözdən salıb. Buna son qoyulmalıdır. Cəmiyyətimizdə jurnalist adının hörmətini qaldırmaq lazımdır.
Bu gün manısın, dərzinin, bənnanın, qəssabın, hətta çobanın belə qəzet çıxardığının şahidiyik. Bu qanuna ehtiyac yoxdur deyənlərə tutarlı bir misal çəkmək istəyirik. Bir neçə ilin söhbətidir. Baş çobanlıqdan qovulmuş birisinin baş redaktor olduğunun şahidi olduq. “Kadr və tərəqqi” adlı bir qəzetin baş redaktoru Sadıqov Zöhrab Yaqub oğlu sözün həqiqi mənasında çoban olub. Ağdam rayon təsərrüfatlararası yemçilik müəssisəsi direktorunun 2 yanvar 1986-cı il tarixli 7 saylı əmri ilə həmin müəssisəyə çoban təyin edilib. Direktorun 5 oktyabr 1987-ci il tarixli 11 saylı başqa bir əmri ilə o, müəssisənin qoyun fermasına baş çoban keçirilib.
Amma Zöhrab baş çobanlığın öhdəsindən gələ bilməyib. 1997-ci ilin aprelin 8-də 4 saylı əmrlə öhdəsindəki heyvanlarda çatışmazlıq aşkar edildiyindən o, baş çobanlıqdan uzaqlaşdırılıb.
Və nəhayət...”Kadr və tərəqqi” qəzetinin baş redaktoru olub. Demə qəzeti özünə “dəyənək” bilib hara gəldi tolazlayan, kimə gəldi hərbə-zorba gələn bax belə çoban redaktor da varmış.
Vay bizim halımıza. Görün kimlər bizə yol göstərir, üç-dörd quzunun öhdəsindən gələ bilməyən çoban bizə ağıl öyrədir.
“Media haqqında" qanun layihəsinin hazırlanması təqdirəlayiq haldır. Fikrimcə, bu qanun mətbuatın inkişafında yeni uğurlu mərhələnin başlanğıcı olacaq. Ümidvaram ki, yeni qanun mətbuatla bağlı bütün sferaları özündə əks etdirəcək və mətbuatın inkişafına mühüm töhfələr verəcək.
Hesab edirik ki, "Media haqqında" qanun layihəsi qəbul olunmalı və icrasına qərar verilməlidir.
İ.DƏMİRQAYA,
“Muğanın səsi”