Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günündə Füzuli rayonuna səfər etdilər. Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra çıxışında bir daha bildirdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.
Müzəffər Ali Baş Komandanın Anım Günündə Füzuli rayonuna səfəri təbii ki, səbəbsiz deyil. Ermənistan üzərində Zəfərinə Füzuli şəhərinin azad olunması ilə başlayan, Şuşanın işğaldan azad edilməsi ilə işğalçı dövləti kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan 44 günün hər gününü bir rayonun, şəhərin, neçə-neçə yaşayış məntəqəsinin, strateji yüksəkliyin işğaldan azad edilməsi ilə tarixə yazdı. İkinci Qarabağ müharibəsinin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan sözügedən çıxışında bu məqamı qeyd etdi ki, ilk şəhidləri məhz burada, bu yerdə vermişik: «Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın.» 44 günlük İkinci Qarabağ müharibəsi zamanı 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Ermənilərin illərdir himayədarlarının dəstəyi sayəsində ərazilərimizdə qurduqları istehkamları dağıdan Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirməklə ilk gündən qarşısına qoyduğu hədəfə nail olmaq üçün səylər göstərdi.
Dövlət başçısı İlham Əliyevin xalqa müraciətlərinin, həmin dövrdə xarici mətbuata müsahibələrinin mahiyyətində dayanan «Şuşasız bizim işimiz yarımçıq olar» bəyanatı özündə bütün məqamları, ən əsası məqsədi birləşdirdi. Alınmaz qalanın mənfur düşməndən azad edilməsi böyük bir möcüzə idi. Şuşa əməliyyatı dastana çevrildi, dünyaya səs saldı. Hazırda beynəlxalq hərbi ekspertlər bu əməliyyatı öyrənmək, düzgün araşdırmaq üçün səylər göstərirlər. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli müharibə Kollecinin və Seton Hall Universitetinin diplomatiya və beynəlxalq münasibətlər məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Mirqiyam Məmmədov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının fəal gənci