27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, həbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Anım tədbirinin iştirakçıları öncə Şəhidlər Xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra 27 Sentyabr -Anım Günü münasibətilə Sabirabad rayonunda ağacəkmə aksiyası təşkil olunub. Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Sabir bağında 310 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir.
Tədbirin bədii hissəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə anım mərasimi başlamışdır. Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırmışdır.
Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrının hazırladığı “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Şəhid ailələrinin üzvləri övladlarının əziz xatirəsinin yad olunması üçün təşkil olunan təqdirəlayiq tədbirlərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Sabirabad rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.