Ölkə Prezidenti İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi haqqında sərəncam imzalamışdır. 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir.
Anım Günü ilə əlaqədar Sabirabad rayonundakı Şəhidlər Xiyabanında tədbir keçirilmişdir. Anım mərasimində şəhid ailələri, qazilər, idarə, müəssisə rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq bildirmişdir ki, bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından bir il ötür. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Düşmən üzərində möhtəşəm Qələbə əldə edilib. Rayonumuzdan da Vətən müharibəsinə xeyli igidimiz yollanaraq mərdliklə vuruşmuş, qəhrəmanlıqlar göstərmişlər. Şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə can sağlığı diləyirik.
Milli Məclisin deputatı Ramin Məmmədov çıxış edərək müzəffər Azərbaycan ordusunun rəşadətindən, ölkə rəhbərinin şəhid ailələrinə, qazilərə göstərdiyi qayğıdan danışmışdır.
Sonra şəhidlərin qəbrləri ziyarət edilmiş, önünə gül-çiçək dəstələri düzülmüşdür.
Məktəblilər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləmişlər.
Anım mərasimi zamanı şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq müxtəlif növ ağac və gül kolları əkilmişdir.
Saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi, Sabirabad rayonunda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Muğanın səsi”