“MUĞANIN SƏSİ” QƏZETİ ABUNƏÇİLƏRƏ ÇATDIRILMIR !
- 21.09.2022, 22:47, Baxış sayı:
- 529
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Poçt Filialı mətbuatın yerlərə çatdırılmasında məsuliyyətsizlik göstərir“Muğanın səsi” qəzetinin abunəçilərə vaxtlı-vaxtında çatdırılmasını təmin etmək məqsədilə Sabirabad Poçt Filialı ilə müqavilə bağlamışıq. Neçə vaxtdır arxayın idik ki, onlar işi layiqincə yerinə yetirirlər. Lakin bəzi abunəçilərdən şikayətlər gəlməyə başladı. Hər kəs qəzet istəyir. Rayondakı yeniliklərdən xəbər tutmağa çalışır. Amma biz hər dəfə bu haqda Sabirabad Poçt Filialına müraciət etdikdə, onlar daş atıb başlarını tuturlar ki, nə verirsinizsə, hamısı çatdırılır. Biz də fikirləşdik ki, abunəçilərə nə düşüb ki, qəzet ala-ala, gündə zəng vurub gileylərini bildirsinlər?
Həqiqəti bilmək üçün abunəçilərə tək-tək zəng vurduq. Hələ çoxuna zəng edilməsə də, danışa bildiklərimizin içərisində qəzet almayanları seçib qeyd etmişik. Budur, RİHB-nin Minbaşı, Moranlı, Çölbeşdəli, Cavad, Həşimxanlı kəndlərinin İnzibati Ərazi Dairələri üzrə nümayəndələri Zaur Dəmirov, Müzəffər Qasımov, Qalib İbrəhimov, Ceyhun Əliyev, Elsevər Xancanov, Qaratəpə kənd ümumi orta məktəbinin direktoru Məleykə Ağayeva, Azadkənd Bələdiyyəsinin sədri Amil Vəlişov, Sabirabad rayon Sanitar Təmizlik Sahəsinin rəisi Rüstəm Nəsirov, Qalağayın həkim məntəqəsinin müdiri Nazim Cəfərov qəzet almırlar. Nazim Cəfərov dedi ki, qəzeti vaxtında oxumadın, nə faydası...Poçta “Muğanın səsi” qəzetini almadığımı şikayət edəndə gətirib mənə 3 qəzet çatdırdılar. Baxam görəm həmin qəzetin üçü də iyun ayında çıxan eyni nüsxədir...
Elə abunəçilər də vardır ki, onlara hərdənbir, yəni keflərinə düşəndə qəzet çatdırırlar. Amma bu siyahı tam deyil. Əməkdaşlarımız hələ əlaqə saxlayıb qeydiyyatı aparmağa davam edirlər. Bir sözlə, biz qəzetləri Sabirabad Poçt Filialına təhvil verib öz işimizi tamamlayırıq. Bundan sonra məsuliyyət onların üzərinə düşür. Qəzetlərin sonrakı taleyindən xəbər tuta bilmirik. Abunəçilər vaxtlı-vaxtında qəzet oxumaq istəyirlər. Qəzet onlara çatdırılmadığından haqlı olaraq narazı qalırlar. Bütün bunlardan təngə gələn abunəçilər narazılıqlarını Sabirabad Poçt Filialına yox, redaksiyaya bildirirlər. Eybi yoxdur, bizə desinlər. Təki qəzet onlara çatsın.
P.S. Bu vacib məsələni qəzetimizin səhifələrində bir neçə dəfə işıqlandırmışıq. Bir müddət əvvəl Sabirabad poçtu Şirvan Regional Poçt Filialının əhatə dairəsində idi. O vaxtlar məktub və bağlamaların, mətbuatın yerlərə çatdırılmamasının əsas səbəbkarı, yəni günahkarı Şirvan Regional Poçt Filalı idi. Ona görə ki, Şirvan Poçt Filalınının inkassatorları Sabirabaddan poçt göndərişlərini Şirvana aparır və “çeşid”lədikdən sonra rayonun poçt şöbələrinə daşıyırdılar. Qoyulan qaydaya görə inkassatorlar poçt göndərişlərini mütləq Şirvana aparmalı və orada “çeşid”ləndikdən sonra yenidən getikləri yolu (ən azı 45-50 kilometr) geri qayıdaraq poçt şöbələrinə çatdırmalı idilər. Elə bilməyin gündəlik, yox, həftədə 2 dəfə. Heç çeşidləmə də əməlli başlı aparılmırdı. Üstəlik çeşidləyicilərin Sabirabadın 74 kəndinin adını düzgün bilməməsi səbəbindən məktublar çox vaxt “itgin düşürdü”. Nəticədə vətəndaş məhkəmənin hazırlıq iclasından, valideyn övladının andiçmə günündən vaxtında xəbər tuta bilmirdi.
Belə yarıtmaz xidmətin nəticəsində məktub və bağlamalar sahiblərinə, qəzet və jurnallar abunəçilərə vaxtında çatdırılmadığından haqlı narazılıqlar yaranırdı.
Həmin sistem ləğv olunanda şükür etdik ki, tay bundan belə poçtla bütün göndərişlər, o cümlədən “Muğanın səsi” qəzeti yerlərə vaxtında çatdırılacaq. Ancaq yenə astagəllik, məsuliyyətsizlik davam edir. Ümidvarıq ki, Sabirabad Poçt Filalında bu sahədə ciddi qayda yaradılacaq.
“Muğanın səsi”
Maqazin
- Son əlavə olunanlar
- Ən çox oxunanlar