2019-cu ilin sentyabrında “Azərpoçt” MMC tərəfindən istehsalat zərurəti ilə əlaqədar respublika ərazisində 11 regional poçt filiaı yaradılıb.
Bunlar Şirvan, İmişli, Gəncə, Göyçay, Cəlilabad, Yevlax, Tovuz, Xaçmaz, Şəki, Şamaxı, Sumqayıt regional poçt filiallarıdır.
Şirvanda təşkil olunan Poçt Filialı qonşu Sabirabad, Hacıqabul, Salyan və Neftçala poçtlarını əhatə edir, poçt filiallarrı poçt göndərişlərinin daşınmasını və nağd pul inkassasiyasını həyata keçirir.
Mətbuatda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, poçt filiallarının yaradılmasında məqsəd regional poçt filiallarının işinin səmərəliliyinin artırılması və genişləndirilməsi, operativliyin təmin olunması və ən əsası poçt göndərişlərinin nəzarət-keçid müddətlərinin sürətləndirilməsində irəliləyişə nail olmaqdır.
Nail olunubmu?!
Biz redaksiya olaraq Sabirabad poçt şöbəsi ilə müqaviə bağlamışıq. Poçt nəzərdə tutulan vəsait müqabilində nəşrin abunəçilərə vaxtında çatdırılmasını üzərinə alıb. Ancaq həfdəlik qəzet növbəti qəzet işıq üzü görənədək yerlərə çatdırılmır.
Səbəbini aydınlaşdırmışıq. Günahkar Şirvan Regional Poçt filialıdır. Diqqət yetirin Sabirabad poçtundan poçt göndərişlərini Şirvan poçt filalınının inkassatorları Şirvana aparır və “çeşid”lədikdən sonra rayonun 45 poçt çöbəsinə daşıyırlar.
Anlamaq olmur. Sabirabad şəhərinə bitişik Kürkəndi, Qalağayın və digər kəndlərə məktub və bağlamaları, o cümlədən mətbuatı əlbəl vermək olar. Çünki həmin yaşayış məntəqələri Sabirabad poçtunun “5 addım”lığındadır . Ancaq qoyulan qaydaya görə Inkasatorlar poçt göndərişlərini mütləq Şirvana aparmalı və orada “çeşid”ləndikdən sonra yenidən getikləri yolu (ən azı 45-50 kilometr) geri qayıdaraq poçt şöbələrinə çatdırmalıdırlar. Elə bilməyin gündəlik, yox, həfdədə 2 dəfə.. Heç çeşidləmə də əməlli başlı aparılmır. Çeşidləyicilərin Sabirabadın 74 kəndinin adını düzgün bilməməsi səbəbindən məktublar çox vaxt “itgin düşür”. Nəticədə vətəndaş məhkəmənin hazırlıq iclasından, valideyn övladının andiçmə günündən vaxtında xəbər tuta bilmir. Yenə sağ olsunlar yerli poçt şöbələri. Onların sayəsində gec də olsa məktub və bağlamalar ünvanına yetişir. Ancaq nə fayda iş-işdən keçəndən sonra.
Belə yarıtmaz xidmətin nəticəsində məktub və bağlamalar sahiblərinə, qəzet və jurnallar abunəçilərə vaxtında çatdırılmadığından haqlı narazılıqlar yaranır.
Regional poçt filiallarının yaradılmasında əsas məqsəd hesab edilən operativlik bu yolla təmin edilmir, cənablar!
Əgər bunu islahat hesab edirlərsə, yanılırlar!
“Muganinsesi.az”