Məlumat üçün deyək ki, 2019-cu ilin sentyabrında “Azərpoçt” MMC tərəfindən istehsalat zərurəti ilə əlaqədar respublika ərazisində 11 regional poçt filiaı yaradılıb: Şirvan, İmişli, Gəncə, Göyçay, Cəlilabad, Yevlax, Tovuz, Xaçmaz, Şəki, Şamaxı, Sumqayıt.
Şirvanda təşkil olunan Regional Poçt Filialı qonşu Sabirabad, Hacıqabul, Salyan və Neftçala poçtlarını əhatə edir, poçt filialları poçt göndərişlərinin daşınmasını və nağd pul inkassasiyasını həyata keçirir.
Mətbuatda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, poçt filiallarının yaradılmasında məqsəd regional poçt filiallarının işinin səmərəliliyinin artırılması və genişləndirilməsinə, operativliyin təmin olunmasına və ən əsası poçt göndərişlərinin nəzarət-keçid müddətlərinin sürətləndirilməsində irəliləyişə nail olmaqdır.
Nail olunubmu?!
Biz redaksiya olaraq Sabirabad poçt şöbəsi ilə müqavilə bağlamışıq. Poçt nəşrin abunəçilərə vaxtında çatdırılmasını üzərinə alıb. Ancaq həftəlik qəzet növbəti qəzet işıq üzü görənədək yerlərə çatdırılmır.
Araşdırma zamanı bunun və digər çatışmazlıqların səbəbini Şirvan Regional Poçt filialında tapdıq. Diqqət yetirin inkassatorlar Sabirabad Poçtamptından poçt göndərişlərini Şirvan filalına aparır və çeşidləndikdən sonra rayonun 45 poçt şöbəsinə daşınır.
Anlamaq olmur. Sabirabad şəhərinə bitişik Kürkəndi, Qalağayın və digər kəndlərə məktub və bağlamaları, o cümlədən mətbuatı əlbəəl vermək olar. Çünki həmin yaşayış məntəqələri rayon Poçtamptının “5 addım”lığındadır . Ancaq qoyulan qaydaya görə Inkassatorlar poçt göndərişlərini mütləq Şirvana aparmalı və orada çeşidlədikdən sonra yenidən getdikləri yolu (ən azı 45-50 kilometr) bir də geri qayıdaraq poçt şöbələrinə çatdırmalıdırlar. Elə bilməyin gündəlik, yox, həftədə 2 dəfə, həm də 2 marşrut üzrə. İnkassatorlar 1-ci - 5-ci günlər Kürqırağı kəndlərə, 2-ci - 4-cü günlər isə əsas magistral yol boyunca olan poçt şöbələrinə “səfər” edirlər.
Heç çeşidləmə də doğru-düzgün aparılmır. Şirvan çeşidləyicilərinin Sabirabadın 74 kəndinin adını doğru-düzgün bilməməsi səbəbindən məktublar çox vaxt “itgin düşür”. Nəticədə vətəndaş məhkəmə iclasından, valideyn əsgər övladının vəziyyətindən vaxtında xəbər tuta bilmir. Yenə sağ olsunlar yerli poçt şöbələri. Onların sayəsində gec də olsa məktub və bağlamalar ünvanına yetişir. Ancaq nə fayda, iş-işdən keçəndən sonra.
Belə yarıtmaz xidmətin nəticəsində məktub və bağlamalar sahiblərinə, qəzet və jurnallar abunəçilərə vaxtında çatdırılmadığından haqlı narazılıqlar yaranır.
HAŞİYƏ:
Bu yazı “muganinsesi.az” saitində verildikdən sonra ünvanımıza çoxsaylı zənglər gəldi. Yerlərdən Şirvan Regional Poçt Filialının təşkil olunduğu gündən rayonda poçt xidmətinin bərbad vəziyyətə düşdüyünü faktlarla açıqladılar: Filialın baş mütəxəssislərinin ayda bir-iki dəfə rayonun poçt şöbələrinə baş çəkmələri çox səmərəsizdir dedilər. Məktubların sahiblərinə vaxtında çatdırılması onları qətiyyən maraqlandırmır. Əgər düşünsəydilər tək nəfərdən olan şöbələrə 18.00-dək işdə olmaları, işdən sonra isə məktubları ünvanlarına paylamağı deməzdilər. Birgə diqqət yetirəyin: Bir poçt şöbəsi 7 və an azı 3 kəndi əhatə edir. Poçtalyonları ixtisara salıb 250 manat maaş verdikləri həmin işçilərdən bunları tələb etmək nə qədər gülüncdür. Kimi aldadırıq?!
Poçtların demək olar ki, əksəriyyətinin internetə çıxışının olmaması da ciddi problemlər yaradır. Elə bu səbəbdən poçt işçiləri deyirlər ki, maaşlarımızın çoxunu konturlara veririk. Pul daxilolmaları və vətəndaşların pul baratlarının göndərişləri ilə bağlı hər gün dəfələrlə öz şəxsi mobilimiz vasitəsilə mərkəzi poçtu məlumatlandırırıq. Poçtlara əvvəllər abunə mobil nömrələr verirdilər. İndi isə minumum əmək haqqı qədər olan maaşımızı da tam ala bilmirik. Çünki, hər ay konturlara 100-150 manat pul xərcləyirik.
P.S. Yazılanlardan görünür ki, Regional poçt filiallarının yaradılmasında əsas məqsəd hesab edilən operativlik təmin edilmir, poçt xidməti “axsıyır”. Bu vacib sahədə qısa müddətdə dönüş yaradılması günün vacib məsələlərindəndir.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da videoformatda qəbul edərkən yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevin “Həmkarlarımla birlikdə nazirliyin səlahiyyətləri çərçivəsində qəbul edəcəyimiz bütün qərarların və atacağımız bütün addımların əsas qiymətləndirmə meyarı Sizin siyasətinizin ayrılmaz hissəsi olan Azərbaycan vətəndaşlarının sosial maraqlarının qorunması olacaqdır”, - dediyi fikirlər bizdə tam əminlik yaradır ki, çox yaxın zamanda poçt sahəsində də əsaslı canlanma olacaqdır.
İ. DƏMİRQAYA,
“Muğanın səsi”