“Muğanın səsi” ictimai-siyasi qəzetinin 8 iyul 2021-ci il tarixli 48-ci nömrəsində dərc edilmiş “POÇT XİDMƏTİ “AXSIYIR” və yaxud ŞİRVAN REGİONAL POÇT FİLİALININ XİDMƏTİ YARITMAZDIR” sərlövhəli tənqidi yazıda qaldırılan məsələnin həlli ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən cavab istəmişdik.
“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətin Baş direktoru Əfqan Cəlilovun imzası ilə aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
“Muğanın səsi” qəzetinin 8 iyul 2021-ci il tarixli 48-ci nömrəsində dərc edilmiş “Poçt xidməti axsayır” sərlövhəli yazıda qaldırılan məsələyə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə müraciətinizə aidiyyəti üzrə “Azərpoçt” MMC-də baxılmışdır.
Bildiririk ki, hazırda poçt göndərişlərinin daşınması və mübadiləsi mövcud qaydaların tələblərinə uyğun “Azərpoçt” MMC tərəfindən təsdiq olunmuş marşrut qrafikinə uyğun həyata keçirilir. Həmçinin, “Azərpoçt” MMC-nin tabeli Poçt Filialları və poçt şöbələrində aparılan stuktur islahatları çərçivəsində poçt göndərişlərinin nəzarət keçid müddətlərinin daha da sürətləndirilməsi üçün zəruri tədbirlər davam etdirilir.
Bununla belə, poçt göndərişlərinin təsdiq olunmuş qrafikə uyğun mübadiləsinə nəzarətin gücləndirilməsi barədə aidiyyəti üzrə bir daha müvafiq tapşırıq verilmişdir.
Xahiş edirik nəzərə alasınız”.