• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə? Ümid qalıb Təhsil Nazirliyinə

  • 01.09.2022, 17:51, Baxış sayı:
  • 1079
Ulu Öndər Heydər Əliyevin təhsil sistemində başladığı islahatlardan 25 ildən çox ötür. İslahatlar təhsilin bütün sahələrini əhatə etdiyi kimi, yeni məktəblərin tikintisinə, yeni avadanlıqlarla təchiz edilməsinə, qəzalı məktəblərin bərpasına və köhnələrin təmirinə də əsaslı şəkildə geniş imkanlar yaratmışdır. Prezident İlham Əliyev bu sahədə islahatların sürətlə həyata keçirilməsini təmin etmiş, ölkənin təhsil sistemi əsaslı şəkildə yenidən qurulmağa başlamışdır. Dövlət başçısı çıxışlarında dəfələrlə bildirmişdir ki, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmayacaq.
Son dövrlərdə təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün regionlarında müasir məktəblər inşa edilir, yeni korpuslar tikilir, məktəblərimiz öz simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır. Ümumiyyətlə, məktəb tikintisi ölkədə prioritet olaraq qalmaqdadır. Prezident İlham Əliyev bu barədə danışarkən demişdir: “Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın. Bax, qarşıya belə məqsəd qoyulub”.
Ölkəmizdə məktəb tikintisinə böyük önəm verilir. Hər il yeni məktəblər tikilir. Sabirabad rayonunda da son illər bir sıra orta və ibtidai məktəb binaları tikilib, qəzalı vəziyyətdə olan bir neçəsində də təmir –bərpa işlərinin aparılması nəzərdə tutulub. Ancaq görülən işlərə baxmayaraq, rayonda hələ də istifadəyə yararsız halda, uçulub-dağılmış, darısqal, müasir tələblərə cavab verməyən məktəblər qalmaqdadır.
Yeni tədris ilinin başlanmasına az qalıb. Şagirdlər və valideynlər dərs ilinə hazırlaşırlar. Məktəbli forması, ayaqqabı, iş dəftərləri, karandaş, qələm - əksəriyyəti hazırdır. Bəs dərs ilinə hazır şagirdləri qarşılayacaq məktəb binası necə, yeni dərs ilinə hazırdırmı?

Şəhid Məlik Məlikov adına Şəhriyar kənd tam orta məktəbi uzun illərdir baxımsız vəziyyətdə olduğu üçün uçmaq təhlükəsi ilə üz-üzədir.
600-ə yaxın şagird kontingenti olan bu kənd məktəbi ötən əsrin 70-80-ci illərində tikilib. O vaxtan bu məktəbdə nə əsaslı, nə də ki cari təmir işləri aparılıb. 2 mərtəbəli bu təhsil ocağı qəzalı vəziyyətdədir. Buranın sinif otaqlarında ayaq basıb gəzmək belə təhlükəlidir. Bütün döşəmələri çürüyüb, sinif otaqlarının partaları, qapı və pəncərələri yararsız vəziyyətə düşüb, tavan hissələri isə çökmək üzrədir. Belə bir vəziyyətdə bu məktəbdə tədrisin normal şəraitdə keçirilməsi sual doğurur.
Məktəbin müəllimi Ərzuman Babaşov: “Yeni dərs ilinin başlanması hamımızı sevindirir. Amma məktəbə gəlirik, buradakı acnacaqlı vəziyyət bizi narahat edir. Yəni belə bir məktəbdə hansı həvəslə gəlib uşaq təhsil alar? Məktəb yararsız vəziyyətdədir. Burada sökülən qapılar, şüşəsiz pəncərələr, tökülən divarlar, qəzalı pilləkənlər, yararsız sinif otaqları, istismar müddətini başa vurmuş daş tavan, çürüyən taxta döşəmələr hər gün məktəb kollektivinin gördüyü mənzərədir”.
Quruzma kənd sakini İsgəndər Babayev nəvəsinin təhsil aldığı kənd məktəbinin vəziyyətinin bərbad olduğunu deyir. Onun sözlərinə görə, məktəb 60-70 ildən artıqdır ki, əsaslı təmir üzü görməyib: "Məktəb qəzalı vəziyyətdədi. Döşəmə və tavan tamamilə çürüyüb sıradan çıxıb, uşaqlar döşəmənin üstündə gəzməyə qorxurlar, yağış yağanda da ki, bütün siniflər su olur, uşaqlar oturmağa yer tapmır. Bu il də 2 nəvəm gəlməlidi. Ancaq mən ürək eləyib o nəvələrimi bu məktəbə göndərə bilmirəm. Sovet dövründə bu məktəbdən hər il 30-40 nəfər ali məktəblərə qəbul olunurdu. Indi isə 2-3 şagirdimiz belə institutlara girə bilmir. Onun da səbəbi məktəbin acınacaqlı vəziyyətdə olmasıdır. Belə şəraitdə hansı uğurlu təhsildən danışmaq olar?!".
Sabirabad rayonunun şəhid Zaur Əliyev adına Quruzma kənd tam orta məktəbinin binası 1960-cı ildə tikilib. Ötən müddətdə bircə dəfə də olsun burada tikinti-təmir işləri aparılmayıb. 470-dən çox şagirdin təhsil aldığı bu məktəb ömrünü çoxdan başa vurub. Valideynlərin bu məktəbə uşaq qoymaq istəməmələri başadüşüləndir. Binanın üz fasadı rənglənsə də, daxili bərbad haldadır. Qeyd edək ki, Quruzma kəndinin 2888 nəfər əhalisi var.
Rayon mərkəzinin 3 - 4 kilometrliyindəki Cavad kəndində yerləşən 1 və 2 nömrəli tam orta məktəblərin də əsaslı təmirə ehtiyacı var. Bu məktəb binaları kiçik bir titrəmədən və yaxud zəlzələdən uça bilər. Təhsil Nazirliyi məktəblərin “taleyi” barədə ciddi düşünməlidir. Əks təqdirdə məktəblərin şagirdləri baş verə biləcək faciələrdən sığortalanmayıb.
Cavad kənd 1 nömrəli tam orta məktəbin direktoru İbad Rüstəmov: “Məktəbimizdə 330 nəfər şagird təhsil alır. Doğrusu dərs vaxtı ciddi narahatçılıq keçiririk. Çünki ötən əsrin 80-ci illərində tikilmiş məktəb binası qəzalı vaziyyətdədir. Əksər qapı-pəncərələr yoxdur. Bina çöküb, uçmaq təhlükəsi var”.
Cavad kənd 2 nömrəli tam orta məktəbin direktoru Aydın Bağırov: “Məktəbimizin təmirə ehtiyacı var. 187 nəfər şagirdin təlim-tərbiyəsi ilə 20 nəfər müəllim məşğul olur. Məktəbin idman zalı hər an uçmaq vəziyyətindədir”.
Bu hər iki məktəb binasındakı iri çatlar, sinif otaqlarında tədrisi həyata keçirməyə imkan verməyən yararsız inventarlar vəziyyətin ciddiliyindən xəbər verir. Görün nə vəziyyətdir ki, döşəmə yamaq-yamaqdır, divarlar belə əyilib.
Kənd sakinləri məktəblərin qəzalı vəziyyətindən ürək ağrısı ilə danışdılar.
Kamil Cəfərov: “Mən Cavad kənd 1 nömrəli məktəbi bitirmişəm. Məktəbimizin binasının acınacaqlı vəziyyəti hazırda kənd sakinlərini çox narahat edir. Bina bərbad vəziyyətdə olduğundan övladımı rayon mərkəzindəki məktəbdə oxuduram. Bu isə vaxt itkisi və əlavə xərc hesabına başa gəlir. Mən özüm də müəlliməm. Yolçubəyli kənd tam orta məktəbində işləyirəm. Həmin məktəbin binasında da vəziyyət acınacaqlıdır”.
Ağalar Rüstəmov: “Qardaşım Cavad kənd 1 nömrəli məktəbdə oxuyur. Biz onu məktəbə göndərəndə hər gün narahatçılıq hissi keçiririk. Qorxuruq ki, məktəbin binası uçar, fəlakət yaşanar”.
Faiq Mirzəyev: “Mən uşağımı Cavad kənd 1 nömrəli məktəbdə oxutmaq istəsəm də bina qəzalı vəziyyətdə olduğundan, məcburən şəhər məktəbinə göndərirəm”.
Mufil Əhmədov : “27 ildir ki, Cavad kənd 2 nömrəli məktəbdə gözətçi işləyirəm. Bəlkə də bu illər ərzində onlarla komissiya gəlib-gedib. Onlara məktəbin idman zalının qəzalı vəziyyətdə olduğunu anlatmışıq. Kömək etməyə söz versələr də vədlərinə xilaf çıxıblar. Uşaqlar dərsə gələndə onların necə deyərlər, qoruğunu çəkirik ki, idman zalının ətrafına fırlanmasınlar. Çünki oranın uçması hər an ola bilər”.
Əhmədabad kənd tam orta məktəbinin binası da qəzalı vəziyyətdədir.
Əhmədabad kənd tam orta məktəbinin direktoru Aydın Veysəlov: “1974-cü ildə tikilmiş Əhmədabad kənd tam orta məktəbinin ikimərtəbəli binası çöküb. Buna görə iki korpus bağlanıb. Dərs vaxtı şagirdlər və müəllimlər sinif otaqlarına girməyə qorxurlar ki, uçacaq. İlanlar binada yuva salıb, otaqlarda sürünürlər”.
Əhmədabad kənd tam orta məktəbi çoxdandır bu vəziyyətdədir və heç bir təmir-bərpa işləri aparılmayıb: "Ümumiyyətlə məktəb qəzalı vəziyyətdədir. Burada hər an uçqun ola bilər". Öyrəndik ki, bəzi valideynlər də şəraitsizliyə görə övladlarını digər məktəblərə göndərməyə məcbur olurlar. Uçub dağılmaqda olan tavan, yararsız halda olan döşəmə, qış aylarında odun sobası ilə çətinliklə qızdırılan sinif otaqları artıq kənddə hər kəsi bezdirib.
Sabirabad şəhər Zülfü Hacıyev adına 7 nömrəli tam orta məktəbi də yenidən qurulmalıdır. Məktəbin direktoru Ağabala Mənsimov deyir ki, “Məktəbimiz əsaslı təmir olunmalıdır. Döşəmə və pəncərələr dəyişdirilməli, akt və idman zalları tikilməlidir, elektrik xətti yenilənməlidir”.
Bu məktəb binasının da dam örtüyü, tavan və döşəməsi demək olar ki, yararsızdır. Bir sözlə yüzlərlə şagirdin dərs keçdiyi bina çox təhlükəlidir.
Rayonun Azadkənd, Yolçubəyli, Narlıq, Hacıbəbir, Cöl Dəllək, Rüstəmli, Güdəcühür, Yenikənd, Qəzli və başqa kəndlərdə olan məktəblərdə də heç bir yenidənqurma, bərpa və təmir işləri görülməyib. Onu da qeyd edək ki, binalar günü-gündən daha da uçub-sökülür, xüsusən qış aylarında dözülməz hallara səbəb olur. Qarlı-şaxtalı havalarda uşaqların sağlamlığı da ciddi təhlükə altına düşür. Çarəsiz qalan müəllim və şagird kollektivləri məktəblərin bərpa ediləcəyini, yaxud da yeni məktəb binasının tikiləcəyi günü səbirsizliklə gözləyirlər.
***
Yeni tədris ilinə az bir müddət qalıb. Həmişə olduğu kimi valideynləri təkcə orta məktəbə yollayacağı övladlarına geyim, dərs ləvazimatları almaq məsələsi qayğılandırmır, onlar orta məktəblərdəki sanitar vəziyyətlə də bağlı narahatdırlar. Axı heç də bütün məktəblərdə sanitar vəziyyət qənaətbəxş deyil.
Məktəb bufetlərində şagirdlərə təklif olunan qida məhsullarının keyfiyyətinin aşağı olması, fasiləsiz axar su təminatının yoxluğu, təhsil ocaqlarındakı sanitar qovşaqların (ayaqyollarının) yaxşı işləməməsi və yaxud primitiv olması nöqsanlar sırasındadır. Rayonun orta məktəblərində hər kəsə məlum olan digər yolverilməz hal sinif otaqları və dəhlizlərin döşəmələrinin neftlə slinməsidir. Mütəxəssislərin sözlərinə görə, məktəblərdə döşəmələrin neftlə silinməsi şagirdlərdə allergik xəstəliklərin baş qaldırmasına şərait yaratdığından belə hala yol vermək olmaz. Mövcud tələblərə görə, hər bir məktəbin direktoru ərazidə fəaliyyət göstərən dezinfeksiya şöbələri ilə müqavilə bağlamalı və vaxtaşarı təhsil müəssisələrindəki otaqların, kabinetlərin döşəmələri, qapıların cəftələri, pilləkənlər, onların məhəccərləri dezinfeksiya edilməlidir. Amma ötən dərs ili müddətində məktəb rəhbərləri bu məsələyə biganə yanaşmışlar.
HAŞİYƏ:
Məktəblərin əksəriyyətində sanitar qovşaqları bərbad vəziyyətdədir. Ayaqyollarına üfunətdən yaxın getməli deyil. Su ilə belə təminatı yoxdur. Nazirlər Kabinetinin qərarı ilə təhsil müəssisələrində sanitariya qovşaqlarına olan tələblər müəyyənləşib. Sanitariya qovşağının döşəməsi, çanaqlar, qapı tutacaqları və digər istifadə olunan səthlər xüsusi dezinfeksiyaedici vasitələrlə hər iki saatdan bir təmizlənməli və dezinfeksiya edilməlidir.
Bəs üfunətdən baş gicəldən rayonun əksər məktəblərinin ayaqyollarında bunlara əməl edilirmi? Əsla yox! Unutmayaq ki, belə üfunətli yerlər xəstəlik mənbəyidir. Və həm də utancvericidir.
Ümidvarıq ki, Sabirabad Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) yeni dərs ili ərəfəsində rayonun ümumtəhsil müəssisələrinin sanitar vəziyyəti ilə, xüsusilə sanitar qovşaqları ilə bağlı reydlər keçirəcək, məktəblərdə şagirdlərin sağlamlığına mənfi təsir göstərən amilləri müəyyənləşdirəcəkdir.Yoxlamalar başa çatandan sonra Gigiyena və Epidemiologiya Mərkəzi nəticələri ümumiləşdirərək Sabirabad Regional Təhsil İdarəsinin qarşısında müvafiq təkliflərlə çıxış edəcək və bu vacib məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırmaq üçün redaksiyaya da rəsmi məlumat verəcəkdir.

İ. ƏSGƏROV,
“Muğanın səsi”

Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?  Ümid qalıb Təhsil Nazirliyinə
Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?  Ümid qalıb Təhsil Nazirliyinə
Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?  Ümid qalıb Təhsil Nazirliyinə
Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?  Ümid qalıb Təhsil Nazirliyinə
Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?  Ümid qalıb Təhsil Nazirliyinə
Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?  Ümid qalıb Təhsil Nazirliyinə
Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?  Ümid qalıb Təhsil Nazirliyinə
Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?  Ümid qalıb Təhsil Nazirliyinə
Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?  Ümid qalıb Təhsil Nazirliyinə
Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?  Ümid qalıb Təhsil Nazirliyinə
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter