Ümid qalıb Təhsil Nazirliyinə
"Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq". Bu fikir Ümummilli Liderimiz Heydər Əliyevin məktəbə, müəllimə verdiyi dəyərin göstəricisidir. Ölkəmizdə məktəb tikintisinə böyük önəm verilir. Hər il yeni məktəblər tikilir.
Görülən işlərə baxmayaraq, hələ də istifadəyə yararsız halda, uçulub-dağılmış, darısqal, müasir tələblərə cavab verməyən məktəblər qalmaqdadır.
Quruzma kənd sakinlərindən bir qrupu redaksiyaya müraciətlərində kənd məktəbinin dağılmaq üzrə olduğunu bildirirdi. Sakinlər belə davam edərsə, uşaqlarını məktəbə qoymayacaqlarını deyirdilər.
Bu siqnalın izi ilə həmin Quruzma kənd məktəbində olduq. Bizi qarşılayanlardan biri redaksiyaya müraciət etmiş kənd sakini Babayev İsgəndər Abbasəli oğlu oldu. Umu-küsü etdi, dedi ki, niyə bu məktəbə baxan yoxdur: “Görürsünüz də, məktəb qəzalı vəziyyətdədi. Döşəmə və tavan tamamilə çürüyüb sıradan çıxıb, uşaqlar döşəmənin üstündə gəzməyə qorxurlar, yağış yağanda da ki, bütün siniflər su olur, uşaqlar oturmağa yer tapmır”.
İsgəndər Babayevin sözlərinə görə, istilik sisteminin yox səviyyəsində olması şagirdlərin dərslərdən yayınmasına səbəb olur: “Soyuq siniflərdə oturmaqdan uşaqlar tez-tez xəstələnirlər. Nəvəm 3-cü sinifdə oxuyur. Bu il də 2 nəvəm gəlməlidi. Ancaq mən ürək eləyib o nəvələrimi bu məktəbə göndərə bilmirəm. Sovet dövründə bu məktəbdən hər il 30-40 nəfər ali məktəblərə qəbul olunurdu. Indi isə 2-3 şagirdimiz belə institutlara girə bilmir. Onun da səbəbi məktəbin acınacaqlı vəziyyətdə olmasıdır. Belə şəraitdə hansı uğurlu təhsildən danışmaq olar?!".
Sabirabad rayonunun şəhid Zaur Əliyev adına Quruzma kənd tam orta məktəbinin binası 1960-cı ildə tikilib. Ötən müddətdə bircə dəfə də olsun burada tikinti-təmir işləri aparılmayıb. 471 şagirdin təhsil aldığı bu məktəb ömrünü çoxdan başa vurub. Valideynlərin bu məktəbə uşaq qoymaq istəməmələri başadüşüləndir. Binanın üz fasadı rənglənsə də, daxili bərbad haldadır. Qeyd edək ki, Quruzma kəndinin 2884 nəfər əhalisi var.
Məsələ ilə bağlı Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayevin fikirlərini də öyrəndik. O bildirdi ki, məktəb binasının bərbad vəziyyətdə olması barədə xəbərdardırlar. Lakin nə zaman təmir ediləcəyindən və ya yeni məktəb binasının tikiləcəyi ilə bağlı isə heç bir məlumatları yoxdur: "Məktəbin adını qəzalı olan məktəblərin sıyahısında qeyd edib, Təhsil Nazirliyinə göndərmişik. Amma məktəbin gələn il və yaxud nə zaman təmir olunacağı haqda heç nə bilmirik" .
Ümid qalıb Təhsil Nazirliyinə.
İ.DƏMİRQAYA,
“Muğanın səsi”