• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ali Baş Komandanın Laçın MÜJDƏSİ: İlham ƏLİYEVİN siyasi iradəsinin nəticəsi

  • 31.08.2022, 23:23, Baxış sayı:
  • 574
Ali Baş Komandanın Laçın MÜJDƏSİ: İlham ƏLİYEVİN siyasi iradəsinin nəticəsi
Avqustun 26-da nəhayət ki, Azərbaycan xalqının çoxdan gözlədiyi şad xəbər gəlib çıxdı: Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən Azərbaycanın nəzarətinə keçib. 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi, bu şad xəbəri yenə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa çatdırdı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi “Twitter” səhifəsində hamımız üçün sevindirici olan bir xəbər paylaşdı. Bildirdi ki, Laçın şəhəri artıq ölkəmizin tam nəzarəti altına keçib. Dövlət başçısının bununla bağlı paylaşımında deyilir ki, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü: “Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Sosial şəbəkələrin Azərbaycan seqmentinə nəzər saldıqda da 26 avqust tarixinin məhz “Laçın Günü” olduğuna şübhə yeri qalmır. Azərbaycanlı istifadəçilərin əksəriyyətinin profilini dövlət başçısının “Twitter”dəki paylaşımının skrini və korpus komandirinin Laçından Müzəffər Ali Baş Komandana məruzəsinin videosu bəzəyir. Doğrudan da, fəxr ediləsi bir mənzərə və ona uyğun ictimai ovqat yaranıb.
Laçının azad edilməsi ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da rəsmi instaqram səhifəsində paylaşım edib. Deməliyik ki, Laçın və kəndlərinin ölkəmizin nəzarətinə keçməsi Mehriban xanımın ad günü ilə eyni vaxta təsadüf edir və həmin gün Mehriban Əliyeva üçün ikiqat bayram olur.
Heç şübhəsiz, Laçının və kəndlərinin azad edilməsi birbaşa Prezident İlham Əliyevin siyasi uğuru hesab edilməlidir. Bu yolda o, çox böyük əzm və iradə, eyni zamanda, böyük səbr nümayiş etdirdi. Hətta dövlətimizin başçısı ermənilərin təbiətimizi və tərk edəcəkləri evləri yandırmaması ilə bağlı da böyük səylər göstərdi. Təəssüf ki, erməni erməniliyini göstərdi: yenə də meşələrimizə və evlərə od vurdular. Bununla onlar həm də beynəlxalq aləmdə özlərinin mənfur simalarını bir daha nümayiş etdirmiş oldular.
2022-ci il avqustun 26-da Laçın şəhəri qoparıldığı bütövə – Azərbaycana qovuşdu. Son 3-4 həftədə baş verənləri yada salaq. Laçında, Zabuxda, Susda qanunsuz məskunlaşan ermənilər o ərazilərdən çıxmayacaqlarını, “lazım gələrsə, döyüşəcəklərini” deyirdilər? Nə oldu bəs? Heç nə! Artıq gücünü bildikləri “Dəmir yumruq” xofu qarşısında şələ-külələrini toplayıb qaçmaqdan başqa nə edəcəkdilər ki?
Bütün bunlar, əlbəttə, çox qürurverici, Dövlətin gücünü və iradəsini növbəti dəfə dünyaya nümayiş etdirən gedişatdır. Lakin unutmayaq ki, heç nə elə baş vermir. Bu gün Laçın şəhərinin 30 illik işğal dönəmindən sonra yenidən ölkəmizin nəzarətinə keçməsi Azərbaycan Prezidenti İlham Əliyevin saniyəsinə və nöqtəsinə qədər dəqiqliklə hesabladığı siyasətin məntiqi sonluğudur.
Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi, azərbaycanlıların Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışı sıradan hadisə deyil. Bununla, işğaldan azad olunmuş ərazilərə Azərbaycanın nəzarəti tamamlanıb, sonuncu rayon mərkəzinə də nəzarət bərpa olunub. Bunun çox böyük tarixi əhəmiyyəti var.
Laçının Azərbaycanın tam nəzarətinə keçməsi Ermənistandakı revanşistlər və Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki separatçı qüvvələr üçün son ümidin də itməsi deməkdir. Nəzərə alınmalıdır ki, Laçının işğalı ilə Qarabağa dəhliz yaradılması ermənilərin sonrakı işğalçılıq siyasətinin reallaşmasında böyük rol oynayıb. Bu dəhliz Qarabağa işğalçı ordunun bölmələrinin, silah və texnikanın daşınmasına, digər rayonlarımızın işğalına imkan yaradıb. İşğal dönəmində Laçında qanunsuz məskunlaşma siyasətinin aparılması, Suriya və Livandan Laçın şəhərinə, Zabuxa ermənilərin köçürülməsi də bu dəhlizin saxlanılmasına Ermənistanın və erməni diasporunun nə dərəcədə önəm verməsinin göstəricisidir. Zabuxda qanunsuz məskunlaşan ermənilər üçün evlərin tikilməsi, infrastrukturun qurulmasına erməni diasporunun xüsusi maliyyə ayırdığı da məlumdur. O da təsadüfi deyil ki, Vətən müharibəsində də Şuşanın işğaldan azad edilməsi ilə Laçın-Şuşa yolunun - Laçın dəhlizinin bağlanmasından dərhal sonra Ermənistan kapitulyasiyaya imza atmağa razılaşmaq məcburiyyətində qaldı.
Yeri gəlmişkən, hələ sovetlər dönəmində Ermənistan ciddi-cəhdlə Laçının rayon statusunun ləğv edilməsinə, Dağlıq Qarabağ Muxtar Vilayətinə birləşdirilməsinə çalışıblar. Çünki Ermənistan üçün Laçın Qarabağın qapısıdır və bu qapının bağlı olduğu halda iddialarının reallaşması şansının sıfıra bərabər olduğunu dərk edirdilər. Bu baxımdan Birinci Qarabağ müharibəsində Şuşa və Laçının müdafiəsinin etibarlı təşkil olunmaması, yol verilən səhvlər, bəzən də xəyanətlər ermənilərə on illərlə arzuladıqları dəhlizi yaratmaq imkanı vermişdi. Məhz Laçının işğalı ilə Qarabağla Ermənistan arasında birbaşa əlaqə yarandı. Bu isə növbəti mərhələdə Qarabağın dağlıq hissəsinin hüquqi cəhətdən də Ermənistana birləşdirilməsi planlarının işə düşəcəyi demək idi. Lakin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi bunun qarşısını aldı, bu gün Laçının Azərbaycanın nəzarətinə keçməsi isə məkrli planlara son nöqtəni qoydu.
Laçına nəzarətin təmin edilməsi həm də uzaqgörən, müdrik siyasətin nəticəsidir. 10 noyabr 2020-ci il Bəyanatında göstərilmişdi ki, Laçın şəhərindən yan keçəcək yeni yol çəkiləcək, üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bənd Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə aparılan danışıqlarda Ermənistan üçün kapitulyasiya aktı sayılan Bəyanata məhz Prezident İlham Əliyevin təkidi ilə salınıb. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycan daha qısa müddətdə bu yeni yolun çəkilməsini təmin edib. Başqa sözlə, 32 km uzunluqda yeni yolun marşrutu ilə bağlı İkinci Qarabağ müharibəsindən dərhal sonra Rusiya tərəfi ilə danışıqlara başlanıb və marşrut razılaşdırılıb, bunun nəticəsində bu gün Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub.
Qarabağın qapısı sayılan Laçının Azərbaycanın tam nəzarətinə keçməsinin revanşist planlara və Qarabağda gələcəkdə erməni separatizminin baş qaldırması xəyalına nöqtə qoyacağını dərk edən Ermənistan hakimiyyətinin prosesi uzatmağa çalışacağı da cənab İlham Əliyev tərəfindən öncədən proqnozlaşdırılmışdı. Beləliklə, Prezident İlham Əliyevin qətiyyətli və rasional siyasəti Ermənistanın bu ümidini də puç etdi. Dövlət başçısı bu il avqustun 12-də AzTV-yə müsahibədə Ermənistanın bu yöndə səyləri və bu səylərin qarşısının necə alındığına aydınlıq gətirib. Azərbaycan öz vətəndaşları olan Qarabağda yaşayan ermənilərin müraciətinə də müsbət yanaşıb və Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4,8 kilometr qrunt yolu da tikib.
Bütün bunlardan sonra isə Ermənistanın Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan erməniləri oradan çıxarmaq, Azərbaycanın tələblərinə boyun əyməkdən başqa çıxış yolu qalmadı.
Prezident İlham Əliyevin nəyi, necə və nə vaxt etmək fəlsəfəsinin həyatiliyi, düzgünlüyü növbəti dəfə təsdiqini tapdı. Prosesi ustalıqla idarə edən dövlət başçısı üçtərəfli Bəyanat, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, bütün ərazisi üzərində suverenliyini uğurla bərpa edir. Azərbaycan dövləti kapitulyasiyası, məğlubiyyəti ilə barışmayanlara siyasət, zəruri olduqda isə hərb meydanında başa salır ki, qarşısına qoyduğu məqsədə çatmaqda heç kim və heç nə ona mane ola bilməz. Bu yerdə xatırladaq ki, Laçın dəhlizinə alternativ yolu vaxtından əvvəl istifadə verən Azərbaycan 30 il qeyri-qanuni məskunlaşdıqları ərazilərdən çıxmaq üçün ermənilərə avqustun 25-dək vaxt vermişdi. Ermənistanın, onun havadarlarının, revanşistlərin, separatçıların yersiz etirazına baxmayaraq, Azərbaycan dövlətinin və Prezidentinin qətiyyəti sayəsində yenə də biz deyən oldu. Özgəsinin torpağında cənnətdə yaşamaq istəyən çağırılmamış qonaqlar qoyulan vaxtda gəldikləri yerə qayıtmalı oldular. Bu, həm də onun göstəricisidir ki, Prezident İlham Əliyevin idarəçiliyi, qəbul etdiyi qərarlar və əldə olunan nəticələr bir-birini tamamlayır. Bundan sonra da belə olacaq və bunu hər kəs bilməli, anlamalıdır. Bu siyasət sistemlidir, əsaslıdır, beynəlxalq hüquqa söykənir.
Beləliklə, əgər Azərbaycan torpaqlarının işğalı məhz Şuşa və Laçından başlamışdısa, Vətən müharibəsində Şuşanın azad edilməsi Ermənistanın kapitulyasiyasını, Laçının Azərbaycanın tam nəzarətinə keçməsi isə ərazilərimiz üzərində suverenliyimizin tam bərpasına gətirib çıxardı. Laçın və Şuşanın işğalı ürəyimizdə böyük bir yara idisə, Şuşanın azad edilməsi Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun yenilməzliyini, xalqımızın müzəffər xalq olduğunu, bu gün Laçının tam nəzarətimizə keçməsi Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarından heç bir halda vaz keçməyəcəyini bütün dünyaya nümayiş etdirdi.
... Heydər Əliyev Azərbaycanı parçalanmadan xilas etdi, dövləti qorudu, Ordunu qurdu: 10 ildə heç kimsənin, heç bir liderin bacarmayacağı nəhəng işləri gördü və “Mən İlham Əliyevə özüm qədər inanıram. Əminəm ki, mənim yarımçıq qoyduğum işləri o başa çatdıracaq”-, dedi.
Hər məsələdə haqlıydı, hər addımında 20 il, 30 il, 50 il sonranı dəqiqliyi ilə görə bilirdi.
Dövləti kimə etibar etmək lazım olduğunu da incəliyinə qədər bilirmiş!
Xəritəmizə baxırsınızmı? İndən sonra qürurla baxın. Bu gün xəritəmiz böyüdü. Laçın boyda, Zabux və Sus kəndləri boyda böyütdük ərazilərimizi. Müzəffər Ordumuz İlham Əliyevin rəhbərliyi ilə tarix yazır. Özü də xalqımızın tarixinə qızıl hərflərlə.

Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter