Yas mərasimi: milli adət-ənənə, yoxsa israfçılıq?
Məsuliyyətin böyük hissəsi din xadimlərinin üzərinə düşür! Çünki məhz onlar yeri düşdükcə ictimaiyyət arasında təbliğat aparmaqla ziyafət masasına çevrilmiş yas məclislərinin dindən uzaq olduğunu izah etməli, sadə təşkil olunan yas məclisini qınaq
obyektinə çevirənlərin dini baxımdan hətta günah işlədiklərini açıqlamalı, borc - xərclə verilən ehsanın mərhumun ruhuna heç bir savab qazandırmadığını açıq şəkildə deməlidirlər.
Yas mərasimlərində israfçılığın aradan qaldırılmasına yönəlmiş müzakirələr cəmiyyət tərəfindən birmənalı müsbət qarşılanır. Çünki dəfn mərasimində, ehsan süfrəsində və qəbir daşlarının hazırlanmasında müşahidə edilən israfçılıq uzun illər az qala "adət-ənənələrin dəyişməz rəmzləri" kimi qarşılanıb. Biz hər birimiz bu məsələ ilə bağlı dini hökmlər və müqəddəs kitabın tələblərini əhaliyə çatdırmalıyıq.
Bu günün aktual problemlərdən biri yas mərasimlərindəki israfçılıq, mənasız dəbdəbədir. Müşahidələr göstərir ki, yas mərasimlərinin keçirilməsi getdikcə sadələşməkdənsə, ölü yiyəsinin sosial vəziyyətinə, müasir dəyərlərə hesablanmaqdansa kimin varlı, kimin kasıb, ortabab olmasını göstərir. Imkansızı el arasında “nə edim, necə edim?” dilemması ilə üz-üzə qoyur. Imkanlı, vəzifəli insanlar bayramlarda, toylarda olduğu kimi yas mərasimlərində də özlərini göstərir, əsl “şah süfrəsi” açırlar. Stolun üstünə nələr düzülmür-təamlar, növbənöv xörəklər, müxtəlif növ şirniyyatlar, sərinləşdirici içkilər. Bu dəbdəbəli mərasimlər ehsandan çox ziyafəti xatırladır. Ehsan adı ilə açılan yas süfrələrində, bircə “quş südü” çatışmır. Sanki bura yas məclisi deyil, toy və ya ərzaq məhsulları sərgisidir. Guya ki, ölü sahibi bununla mərhumu çox istədiyini və onun ruhunu şad etdiyini göstərir. Ancaq bunları din adına edirlər. Doğrudanmı bütün bunların dinə, şəriətə dəxli var?
Bəli, problemin kökü burdan başlayır. "Ehsan" sözünün lüğətdəki mənası "yaxşılıq etmək" deməkdir. "Həsanat" sözünün mənası isə yaxşılıq etmək üçün nəyi isə verməkdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu sözlə heç də ancaq yemək nəzərdə tutulmur. Lakin yas mərasimlərinin zaman-zaman dəyişən bu anlamı günümüzdə yalnız "ehsan süfrəsi" - yemək məfhumu ilə məhdudlaşıb. Ehsan süfrəsində də məqsəd xeyir iş görüb savab qazanmaqla, mərhuma "rəhmət" oxutdurmaq, axirətinin yaxşı olması üçün dua etməkdir. Bu məsələdə hədər yerə, israfa yol verməklə vəsaitin xərclənməsi dinimizlə daban-dabana ziddir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, İslamda "ehsan" yalnız süfrə açmaq anlamına gəlmir. Bu mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri ehtiva edir. Görülən xeyir əməldə israfa varmaq isə bəyənilməyən işdir. Müqəddəs Kitabımızda bununla bağlı buyurulur: "Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!" (əl-İsra, 29). Başqa bir ayədə isə buyurulur: "Yeyin-için, ancaq israf etməyin, çünki (Allah) israf edənləri sevməz" (əl-Əraf, 31).
Məsələnin başqa tərəfi isə bu kimi ehsan süfrələrinin mahiyyətinin nə dərəcədə dinimizə uyğun olması ilə bağlıdır. İlahiyyatçılara görə, ümumiyyətlə, yaxını vəfat etmiş insanın yanında xörək yemək cahillik əlamətidir. Bu barədə İmam Sadiqdən gələn hədisdə qeyd edilir ki, "Müsibətə düçar olanların qarşısında xörək yemək cahiliyyə adətidir. İslami qayda isə Peyğəmbərin Cəfər ibn Əbu Talibin məsələsində buyurduğu kimi onların yeməyini başqalarının hazırlamasıdır".
Göründüyü kimi, dinimizdə vəfat etmiş şəxsin ailəsinə başqaları tərəfindən yemək bişirilib gətirilməsi buyurulur. Amma hazırda bu qaydaya nəinki riayət olunur, əksinə, onsuz da psixoloji durumu sarsılmış, öz müsibətinə ağlayan və özünə belə yemək bişirmək iqtidarında olmayan insanlar yüzlərlə insanı yedirtmək barədə düşünməyə vadar edilir. Görünür bəziləri ehsan anlayışını o qədər də yaxşı mənimsəməyiblər. Ümumiyyətlə, yemək insanın yaddaşında qalmayan elementlərindən biridir. İnsanın yaddaşında yeməkdən çox, yaxşılıq qalar. Məsələn, imkansız bir tələbənin təhsil haqqının ödənilməsi həyatın sonuna qədər yaddaşlardan silinməyəcək yaxşılıqdır. Yaxud hansısa xəstənin müalicəsini kimsə maliyyələşdirirsə, xəstə heç vaxt onu unutmur. Və yaxud kimsə haradasa bulaq tiksə, ağac əksə və s. insanlar onu həmişə xatırlayar. Amma yeməyi heç kim xatırlamaz. Ona görə də yemək ehsan deyil, gündəlik tələbatdır. Ehsan isə insan yaddaşına hopmalı olan xeyirxah əməldir. Bu baxımdan ehsan anlayışını düzgün qavramaq, tətbiq etmək lazımdır. Kimsə təkcə yeməyi ehsan hesab edirsə, deməli, həmin şəxs dinimizdəki ehsan anlayışını kifayət qədər mənimsəməmişdir.
İlahiyyətçilər bildirirlər ki, bir mərhumun ruhunu rahat etmək və qəbir əzablarını yüngülləşdirmək üçün yaxınlarının edə biləcəyi ən mühüm iş onun üçün oxuduqları Quran ayələri, etdikləri duadır. Heç bir müsəlman ölkəsində ehsan adı ilə bu cür israfçılığa yol verilmir. Məsələn, Türkiyədə ehsan məsələsi bizdəki anlayışdan tamamilə fərqlənir. Başsağlığı verməyə gələn qonaqlara çay və halva təklif olunur. Məclisdə Quran oxunur. İranda da bu mərasimlər heç bir dəbdəbə olmadan məscidlərdə həyata keçirilir. Bu mərasimlər təxminən zöhr namazından sonraya salınır və axşam namazına qədər davam edir. Məclisdə Allah kəlamı oxunur, dini söhbətlər edilir, qonaqlara çay və xurma verilir.
Yas mərasimləri əslində mərhumun ruhunu şad etmək, haqq dərgahına qovuşan insanın həyatı, bu dünyadakı əməlləri barədə xoş xatirələri dinləmək, yada salmaq üçün yaradılan vaxt imkanı kimi başa düşülməlidir. Lakin son illər belə məclislərdə rəhmətə gedən insan heç yada düşmür. Məclisdəkilər əsasən özlərinin gündəlik qayğıları, işgüzar fəaliyyətləri, görəcəkləri işlər barədə uca səslə mübahisəyə girişir, bəziləri isə bərkdən mobil telefonla danışırlar.
Yas mərasimlərindən söhbət düşmüşkən bir vacib məsələyə də toxunmaq istəyirik. Yas mərasimində böyük xərclərə başa gələn qəbir daşları da dinimizin göstərişlərinə uyğun gəlmir. Hər birimiz unutmamalıyıq ki, qəbirstanlıq sadəcə ölülərin dəfn olunduğları ərazi deyil, insanın ölüb-keçənlər, bu gün və gələcək haqqında bircə saatlıq da olsa saf duyğularla yaşamasına , düşünməsinə və özü üçün nəticə çıxarmasına şans verən bir müqəddəs ünvandır. Burada hər şey səliqəli, təmiz olmalıdır. Bəs bizdə necədir?!
Kimin imkanı varsa öz əzizinin qəbri üstündə heç bir ölçüyə-biçiyə, əndazəyə sığmayan baralyef, qorelyef və müxtəlif formalı baş daşları qoyması da dini və mənəvi etik dəyərlərimizlə qətiyyən uzlaşmır. Bəzən başdaşlarında ölümün səbəblərini əks etdirən avtomobil, təyyarə, tapança və s. şəkillərin vurulması da anlaşılmır. Bu adamlar yaddan çıxarırlar ki, əslində belələri Allah dərgahında günah işləmiş olurlar, kasıb-küsubun yanında isə heç də hörmət qazanmırlar. Dünyanın ən inkişaf etmiş ölkələrində bu cür “mənzərə”lərin şahidi olmaq mümkün deyil-istər xristian, istərsə də müsəlman dövləti olsun. Sadəcə başdaşı basdırır, heç sinədaşı da qoymurlar, qəbrin üstünə gül-çiçək əkirlər, vəssəlam. Heç kəsin qəbri digərlərindən fərqlənmir, əsl parkı xatırladır, güllü-çiçəkli bu məkan insanlarda müsbət bir emosiya yaradır.
Biz ziyalılarla, ictimai-siyasi xadimlərlə, sadə vətəndaşlarla, bir sözlə, cəmiyyətin bütün təbəqəsinin təmsilçiləri ilə mütəmadi görüşür, bu barədə fikir mübadiləsi aparır, onların rəyini soruşur, fikirlərimizi izah edirik. Sevindirici haldır ki, tövsiyyəmiz əhalinin mütləq əksəriyyəti tərəfindən müsbət qarşılanır. Dini icmalar, ziyalılar, sıravi vətəndaşlar bizimlə həmrəylik nümayiş etdirirlər. Onlar da israfçılığın, bütlərin əleyhinədirlər. Dinimizin tələblərinə cavab verməyən və tarixi milli-mənəvi dəyərlərimizlə uzlaşmayan adətlərə tabu kimi, toxunulmaz amil tək baxmalı deyilik!
Bu, çox ciddi məsələdir. Bu məsələdə cəmiyyətimizdə söz sahibi olan hər kəs öz mövqeyini bildirməlidir. Qısa müddətdə həll olunması, bəlkə, mümkün deyil! Amma bu istiqamətdə ictimai müzakirələrin aparılması, el ağsaqqallarının, din xadimlərinin tövsiyyələrinin dinlənilməsi də vacibdir. Məsuliyyətin böyük hissəsi isə din xadimlərinin üzərinə düşür! Çünki məhz onlar yeri düşdükcə ictimaiyyət arasında təbliğat aparmaqla ziyafət masasına çevrilmiş yas məclislərinin dindən uzaq olduğunu izah etməli, sadə təşkil olunan yas məclisini qınaq obyektinə çevirənlərin dini baxımdan hətta günah işlədiklərini açıqlamalı, borc - xərclə verilən ehsanın mərhumun ruhuna heç bir savab qazandırmadığını açıq şəkildə deməlidirlər.
Dinimizn tələbu budur ki, vəfat edən insanın ruhuna hörmət əlaməti olaraq Qurani-Kərimdən irəli gələn bəzi vəzifələr icra olunsun. Məhəmməd peyğəmbərin(s) özünün sağlığında müəyyən etdiyi və söylədiyi fikirlər bütün müsəlman aləminə bəllidir və onlar tətbiq olunsun.
Hesab edirik ki, biz birlikdə yas mərasimlərində israfçılıq və digər məsələləri həll edə bilərik.
İlham ƏSGƏROV,
Ziyalılar Cəmiyyəti Sabirabad Rayon Təşkilatının sədri