Aprelin 2-dən Ramazan ayı başlayır: Oruc ömrün süzgəcidir
Prezident İlham Əliyev: İslam dəyərləri milli - mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir.
“Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir” söyləyən Prezident İlham Əliyev dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsini ölkəmizi gücləndirən amillərdən hesab edir. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şupasının üzvü olan Azərbaycan hər iki qurumda layiqincə təmsil olunmaqla dünyada baş verən hadisələrə tək islami deyil, bəşəri dəyərlər baxımından münasibətini bildirir. İƏT-in fəal üzvü kimi sivilizasiyalararası əlaqələrin möhkəmləndirilməsinə , inkişafına, dünyada irqi ayrı-seçkilik hallarının aradan qaldırılmasına layiqli töhflərini verən Azərbaycan İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatı olan İSESCO-da da uğurlu fəaliyyət göstərir. 2009-cu ildə İSESCO tərəfindən Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi, 2018-ci ildə bu ada Azərbaycanın ən qədim diyarı Naxçıvanın layiq görülməsi bir daha təsdiqləyir ki, İslam aləminin ayrılmaz parçası olan ölkəmiz dünyada dinlər, millətlərarası münasibətlərin tənzimlənməsi, mültikultural dəyərlər, bərabərlik prinsipləri əsasında inkişafı üçün səylərini əsirgəmir. Ölkəmizdə “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli”nin qeyd olunması, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın dünyada sülhün təminatına verdiyi töhfələrdəndir. [/b]
Dövlətimizin daxili və xarici siyasətinin prioritet istiqamətlərinin əsaslarndan birini də Həmrəylik, Birlik, Vəhdət və Tolerantlıq təşkil edir. Xalqımızın minilliklər ərzində formalaşmış dini və milli adət-ənənələrimizi qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin dini siyasətinin əsas hədəfləri sırasındadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamı olaraq Prezident İlham Əliyev bu məsələləri dövlət səviyyəsinə qaldırıb.
Biz Sabirabad rayonunun dindarları da bu zəngin mənəvi xəzinənin qorunmasına öz töhvəmizi veririk. Radikal cərəyanların cəmiyyətə sirayət etməməsi üçün gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğini düzgün qurmağa çalışırıq. Moizə və söhbətlərimizdə bu vacib, mühüm məsələləri daim diqqətdə saxlayırıq.
Məscidlərimiz bir ibadət ocağı olmaqla yanaşı, həm də milli və mənəvi dəyərlərimizin təbliğ olunduğu yerlərdir. Hələ uzaq keçmişdən xalqımız məscidlərdən təkcə ibadət ocağı kimi deyil, həm də elm öyrənmək, Vətənimiz üçün mühüm məsələləri müzakirə etmək və qərarlar vermək, birisinə yardım etmək və sair kimi məsələlərdə istifadə edib. Yetmiş il Sovetlər Birliyi dövründə məscidlərimiz tam fəaliyyət göstərə bilməsə də, müstəqilliyimizin bərpasından sonra bu istiqamətdə mühüm işlər görüldü. Rayonumuzda da məscidlərimizin əsaslı şəkildə yenidən qurulması, yeni məscidlərin tikilməsi diqqət mərkəzində saxlanılan məsələlərdən biri olub. Məlumat üçün bildirim ki, hazırda rayonumuzda 96 məscid fəaliyyət göstərir. Fəaliyyətləri ilə bağlı onu deyə bilərəm ki, məscidlərimiz hər kəsin üzünə açıqdır və istər dini ayinlər, istərsə də dini bayramlarımız milli və mənəvi dəyərlərimizə, İslam ənənələrinə uyğun olaraq təşkil olunur və keçirilir. Rayonda Qafqaz Müsəlmanları İdarəsinin Attestasiya İmtahan Kommusiyasından keçərək müvafiq vəsiqə almış 11 nəfər imam, 32 nəfər imam müvini, 30 nəfər dini ayinlərin icrası və 75 nəfər mütəvəlli olmaqla 148 nəfər rəsmi din xadimi çalışır.
2014-cü ildən başlayaraq mütamadi olaraq din xadimlərinin aylıq iclaslarını keçiririk. Bu iclaslarda Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyinin göstəriş və tapşırıqlarını məscid rəhbərlərinə və din xadimlərinə çatdırırıq və qarşıdan gələn növbəti ay üçün görüləcək işlər barədə tövsiyyələr veririk. Yerlərdə ağsaqqal, ziyalı və gənclərlə tez-tez keçirdiyimiz görüşlər də həmişə səmərəli olur.
Həyata keçirdiyimiz söhbətlərin, görüşlərin nəticəsidir ki, rayonumuzda dini məzhəblər arasında vəhdət, birlik tam təmin edilmişdir. Bu istiqamətdə Qaragüney, Yenikənd, Bulaqlı və Qaratəpə kənd məscidlərini örnək göstərmək olar. Bu kəndlərdəki 8 məscidin din xadimləri əsl İslami vəhdətə nail olublar.
Ərazi bütövlüyümüz uğrunda 44 günlük Vətən müharibəsi şanlı tariximizin səhifəsinə qızıl hərflərlə yazıldı. Ordumuzun igid əsgərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoydu. Şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz hünərlərilə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdilər.
Biz dindarlar da şəhidlərimizi hörmət və ehtiramla anırıq. Rayonumuzun ilk şəhidini Vətən müharibəsinin ikinci günü, yəni sentyabrın 28-də qarşıladıq. Həmin gündən başlayaraq bütün din xadimlərimiz şəhidlərimizin dəfinində, yas mərasimlərində, onların şərəfinə inşa olunan bulaq və abidələrin açılışlarında, şahədətlərinin ildönümlərinin qeyd edilməsində yaxından iştirak etdilər və bu gün də həmin tədbirlərin önündəyik.
Rayonumuzun din xadimləri həmçinin Vətən müharibəsi dövründə hərbi hospitallardakı yaralılarımıza, hərbi hissələrin əsgərlərinə ərzaq, isti geyim, yataq dəsti və s. yardımlar göstərmiş, müdafiə fonduna pul vəsaiti də köçürmüşlər.
Təsadüfü deyil ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Vətən müharibəsi dövründəki fəaliyyətlərini yüksək qiymətləndirərək rayonumuzun dörd din xadimini Fəxri fərman və tərifnamə ilə təltif etmişdir.
Artıq müqəddəs Ramazan ayı başlayır. Bu ayda oruc tutmağı Allah-Təala özü əmr edib, mükafatını da özü verəcək. Oruc tutan insan nəfsinə qalib gəlməyi öyrənir, ruhən bərkiyir, ucalır. Bu gün bizim bəlkə də ən çox ehtiyacımız olan da elə budur: bərkimək, ucalmaq, nəfsinə qalib gəlmək.
Allah-Təala bəndələrindən bütün ibadətlərində, ilk növbədə səmimiyyət gözləyir və onları yalandan, riyadan uzaq durmağa çağırır. Hədisi-Şərifdə açıq ifadə edilir ki, bütün gününü yalanla yaşayanın orucuna Allah–Təalanın ehtiyacı yoxdur.
Amma məlum həqiqətdir ki, cəmiyyətimizdəki bütün naqisliklər yalan və riyadan, nəfsə uymaqdan və səmimiyyətsizlikdən qaynaqlanır. Qollarınızı geniş açın, süfrənizdə nə var, nə yox, utanmayın, qonaq çağırın, qonaq gedin, könül açın, qəlb sevindirin, heç kimdən təbəssümünüzü əskik etməyin (“Təbəssüm də sədəqədir”- Hədisi-Şərif). Unutmayın ki, yaradılanı sevmək Yaradanı sevməklə, Yaradanı sevmək yaradılanı sevməklə mümükün olur.
Allah-Təala tutduğumuz orucları, qıldığımız namazları qəbul eləsin![/i]
Ağakərim SADIQOV,
Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə Səlahiyyətli Nümayəndəsi