• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Uşaq adı ilə böyüyür

  • 21.07.2022, 23:21, Baxış sayı:
  • 974
Adlarımızı niyə “xariciləşdiririk”?

Son dövrlərdə yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb.

Uşaq dünyaya gəldikdən sonra ən çox müzakirə olunan məsələlərdən biri adın qoyulmasıdır. Bir çox hallarda bu prosesin hətta körpələr dünyaya göz açmamışdan öncə başlandığını desək yanılmarıq. Bəzi ailələr nənə-baba adlarına, bəziləri bəyəndikləri, bir çoxları dini, müəyyən qisim isə serial və ya xarici qəhrəmanların adlarına üz tutaraq işlərini bitmiş hesab edirlər. Son statistik rəqəmlər də dediklərimizin doğru olduğunu bizə deməyə əsas verir. Belə ki, Ədliyyə Nazirliyinin statistik məlumatlarına da nəzər yetirdikdə son dövrlərdə uşaqlara qoyulan adlar içərisində Türkiyə seriallarından götürülən adların çoxluğunun şahidi oluruq. Bəs görəsən körpələrimizə adı necə seçməliyik?


Uşaq adı ilə böyüyür

Əvvəllər tez-tez istifadə olunan adlar artıq unudulmaq üzrədir. Belə davam etsə, Müşfiq, Məcnun kimi adlarla yalnız kitablarda rastlaşacağıq. İndi valideynlər qeyri-adi adlara üstünlük verirlər. Hətta istədikləri adı övladlarına qoymaq üçün dəridən-qabıqdan çıxanlar da var. Məsələn, heç uzağa getməyək bir uşaq 6 aydır adsızdır. Buna səbəb atanın oğluna "Arxabala" adını vermək istəyidir. Deyir ki, böyük oğlumun adı Ağabaladı. Istəyirik bununda adı ona yaxın olsun. Adın qeydiyyat idarəsində qəbul edilməməsi isə ona əks təsir edib və müraciəti dəfələrlə təkrarlayıb. Nəticədə isə, uşaq 6 ay adsız qalıb. Başqa bir valideyn uşağına “Aktiv” adını qoymaq istəyir. Bunu onunla əlaqələndirir ki, “qoy uşağım gələcəkdə adı kimi aktiv olsun”.
Bənzər halların artması valideynlər tərəfindən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına edilən müraciətlərə də təsir edib. Məktub göndərənlərin əksəriyyəti "Ə” hərfini "A” ilə əvəzləmək istəyirlər. Əli kimi məşhur adı Ali, Əzimi isə Azim deyə yazdırmaq istəyənlər var.
Terminologiya Komissiyasının məlumatına görə, Şekspir, Meyvəli, Türməxanım, Xırdaxanım, Dumuş kimi adları övladına vermək istəyən valideynlərin tələbi də rədd edilib. Əbülfəz adını Əbülfəzl kimi yazdırmaq istəyən ana-ataya da "yox” cavabı verilib. Oğlana qız, qız uşağına isə oğlan adı qoymaq istəyən valideynlər də komissiyaya məktub göndəriblər.
Bəs görəsən niyə bizdə valideynlər uşaqlarına belə qəribə adlar verməkdə israrlıdır. Bu düzgündürmü?
Sosioloqlar deyirlər ki, hər millətin övladına öz milli kökünə xas, dilində dolğun mənası olan ad qoyulmalıdır. Ad insanın ruhu ilə bütövləşir, gələcəyini təyin edir, yaşayacaqlarına təsir göstərir. Bir azərbaycanlı öz soy-kökünü unudub övladına ərəb mənşəli ad verəndə bilməlidir ki, onun taleyini ikitirəli edir. Körpənin soyu-kökü azərbaycanlı, adı ərəb adıdırsa, bu haçalanma onun taleyində öz əksini göstərəcək mütləq. Mən övladına Pulluqız, Dumuş adı vermək istəyən adamlar tanıyıram. Bir dəfə şahidi oldum, Asan Xidmətdə bir ata oğluna Əmiş adı verilməsi üçün var gücü ilə israr edirdi. Xidmət əməkdaşı bu adı verə bilməyəcəkərini deyəndə isə, ata şöbədə hay-küy saldı, polislər işə qarışmalı oldu. Yəni əslində valideynlər nə istədiklərini anlasalar, mənası, kökü olmayan adların körpəyə qoyulmasının doğru olmadığını bilsələr bu cür problemlər yaşanmaz.
Valideynin israrı isə anlaşılan, başadüşülən deyil. Burada valideynin seçim imkanları istənilən halda böyükdür. Digər tərəfdən, valideynin üzərinə burada övladın gələcəyi, taleyi ilə bağlı böyük məsuliyyət payı düşür. Elə adlar seçilməlidir ki, övladları bu ada görə sonradan utanmasınlar, təəssüf hissi keçirməsinlər Bu mənada, valideynin israrı, bəyənilməyən, qəbul edilməyən bir ada görə övladını altı ay adsız qoyması çox yanlışdır və belə hallar ciddi icimai qınaq obyekti olmalıdır.
Valideynlər övladlarına ad seçərkən diqqətli olmalıdırlar. Çox vaxt valideynlər uşaqlarına öz valideynlərinin adlarını qoymağa üstünlük verirlər. Belə olan təqdirdə isə, çox vaxt uşağı öz adı ilə çağırmırlar. Bu həm də uşağın tərbiyəsinə müəyyən formada yansıyır. Çünki ata, yaxud ana öz valideynlərinin adını övladına qoyanda, digərinə icazə vermirlər ki, o uşağı danlasınlar. Bununla da uşaqlarda davranış pozuntuları formalaşır. Uşaq aqressivləşir, stressə davamsız olur. Çünki valideynlərdən biri daima onu müdafiə edir. Bu da uşağın psixologiyasına mənfi təsir göstərir. Bəzən isə uşağa xarici adların verilməsinə üstünlük verilir ki, bu da düzgün deyil. Bu zaman uşaq öz milliyətindən və mentalitetindən uzaqlaşır.
Son dövrlərdə yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb. Xüsusilə uşaqlara daha çox Türkiyə seriallarından götürülmüş adlar verilir.
Belə adlar daha çox qız uşaqlarına qoyulur.Yalnız keçən il ərzində Əsma 259, Damla 253, Miray adı 226, Nur 220, Melisa 186, Aişə 109, Milana 84, Elif 82, Elay 78, Selcan 70, Milay 66, Selin və Sunay 62, Əsra 54, Əsmanur və İlayda 49, Cansu adı isə 42 qıza qoyulub. Oğlanlara gəldikdə isə ötən il 183 uşağa Fateh, 194-nə Onur, 77-nə Renat, 70-nə Miran, 65-nə Turqut, 49-na isə Harun adları qoyulub.
Unutmayaq ki, ad qoyarkən əsas məsuliyyət valideynlərin üzərinə düşür. Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s) hədisində də qeyd olunur ki, valideynin övladı qarşısında məsuliyyətindən biri də ona yaxşı, gözəl ad qoymaqla bağlıdır. Biz övladlarımıza xoş təsir bağışlayan adlar qoymağa çalışmalıyıq ki, həmin ad uşaqlarımızın gələcək həyatına da müsbət təsir etsin.
Adların insan psixologiyasına birbaşa təsir etdiyini alimlərimiz hər zaman açıqlayırlar. Deyirlər ki, adın hər bir hərfinin insan şüurunun altına ötürdüyü mesaj var.
Hər bir insan öz adının enerji yükünün kodlaşdırılaraq ona ötürdüyü mesajın təsiri altındadır. Hətta bir insana adının qısaldılmış variantı ilə müraciət etdikdə belə, həmin şəxs öz adının deyil, məhz qısaldılmış adın enerjisinin təsiri altına düşür. Bu baxımdan gündəlik insan beyninə yönləndirilən ad çox mühümdür. İnsana taleyi çətin olan, çox ağır həyat yaşayan, sınaqları ciddi şəkildə əzablı olan şəxslərin adını qoymaq düzgün deyil. Çünki belə adlarla körpələrə həmin şəxslərin taleyini də yükləmiş oluruq.
Ad pozitiv notlarla seçilməlidir. Burada niyyət çox önəmlidir. Valideynin ad seçərkən hansı niyyətdə olması, kimin adını və niyə məhz həmin adı seçməsi mühüm əhəmiyyət kəsb edir. Çünki ad seçərkən edilən niyyət enerji şəklində körpəyə ötürülür ki, bu da uşağın gələcək xasiyyətinə, həyatına və insani keyfiyyətlərinə təsir etmiş olur. Düzdür, insan gələcəkdə öz adının təsirlərindən çıxa bilər, amma bu, çox çətin prosesdir. Bunun üçün kamilləşməli, mənəvi olaraq inkişaf etməli, özünü yetişdirməli, həyata öz fəlsəfi baxışları olmalıdır. Yalnız o zaman insan bütün təsirlərdən çıxaraq öz yolunu seçmiş olar.
Bəzən valideynlərin öz övladlarına heyvan adları qoymasında məqsəd onlara xas olan "yüksək keyfiyyətlər”i uşaqlarında görmək və ya böyüklərə məxsus adın davam etdirilməsi arzusudur. Çox zaman nənələrimizin adlarından götürülərək uşaqlara Ceyran, Maral kimi adlar qoyulur. Bu cür heyvan adlarının qoyulması daha çox gözəlliklə assosiasiya olunur. Burada sözün mənbəyindən çox onun niyyəti önəm kəsb edir. Ümumiyyətlə, hər bir valideynin ad seçməsi onun dünyagörüşünü ortaya qoymuş olur. Hər bir insan da öz dünyası və mərtəbəsinə əsaslanaraq ad seçir. Bunu bizim dəyişdirməyimiz mümkün deyil. Sadəcə biz onlarda empatiya yaradaraq, uşaqların hisslərinə önəm veməsinə, körpənin gələcəkdə öz adından utanmaması üçün irəlini görməyə kömək etməliyik. Valideynlərimiz ad seçərkən eqoist yanaşıb, sadəcə öz istəklərini deyil, övladlarının gələcəklərini də düşünməlidirlər.
Adınızı bəyənmirsizsə
dəyişdirin!

Adın çox önəmi var. Bəzən uşaqlar gələcəkdə onlara qoyulan ada görə utanc hissi keçirirlər. Əslində isə bu valideynlərindən uşağa ötürülən genetik karma, yəni neqativ enerjidir. Uşağın üzərində daşıdığı utanc hissi əslində ona qoyulan ada görə deyil, məhz valideynin keçirdiyi utancı, qorxu və narahatçılıq hissidir. Bunu dəyişdirmək isə hər bir insanın əlindədir. Əgər kimsə öz adı ilə narahatçılıq yaşayırsa, o, adını dəyişdirməlidir. Heç bu kim utanc hissini yaşamağa dözmək məcburiyyətində deyil.

İ.DƏMİRQAYA,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter