15 avqust 2022-ci il tarixdə Youtube portalının “Media TV” kanalında Saatlı şəhər sakini Mirzəyev Sabit Abas oğlunun video-müraciəti yayımlanmışdır. Video-materialda S.Mirzəyev Saatlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Siraqəddin Cabbarov barəsində şər-böhtan dolu ifadələr işlətmişdir. O, S.Cabbarovun Saatlı rayonuna rəhbərlik etdiyi müddət ərzində ayrılan vəsaitlərin mənimsənildiyini bildirmiş və əvvəlki çıxışlarına görə qarşı tərəfdən məhkəməyə verildiyini dönə-dönə qeyd etmişdir.
Məlumat veririk ki, Sabit Mirzəyevin Siraqəddin Cabbarov haqqında fikirləri, həmçinin onun rayona ayrılmış vəsaitlərin mənimsənildiyi barədə dedikləri tamamilə əsassızdır. Belə ki, Saatlı Rayon İcra Hakimiyyətinin maliyyə məsələləri, o cümlədən Prezidentin Ehtiyat Fondundan, həm də dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına görülmüş işlər Azərbaycan Respublikası Hesablama Palatası və Maliyyə Nazirliyi tərəfindən təftiş olunmuş, hər hansı maliyyə pozuntusu aşkar olunmamışdır.
Qeyd edək ki, S.Mirzəyevin bu xarakterdə çıxışları dəfələrlə olmuşdur. Elə bu səbəbdən Siraqəddin Cabbarov tərəfindən Sabit Mirzəyevə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair məhkəmədə iddia qaldırılmış və 29.08.2022-ci il tarixdə Saatlı rayon Məhkəməsində ilkin baxış məhkəməsi keçiriləcəkdir.
Məlumat üçün onu da bildiririk ki, S.Cabbarov 17 may 2019-cu ildən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısıdır.