Kitab oxumağa maraq niyə azalıb ?
Kitab-bütün bəşər
müdrikliyinin,
müəllifliyinin,
müəllimliyinin
MÜƏLLİMİDİR...“Bir kitabı oxudum, həyatım tamamilə dəyişdi...” Vaxtilə çox adamdan eşidirdik bu cür fikirləri. Amma zamanın axınına qoşularaq bir çox mənəvi zövqlərdən uzaq düşdük...
Elə uzaqlaşdıq ki, aradan az müddət keçməsinə baxmayaraq, o hislər artıq bizim üçün nostaljiyə çevrildi. Elə kitab oxumaq mədəniyyəti kimi... Vaxtilə evlərimizin ən qiymətli zinəti hesab olunan kitabların saralmış səhifələri gözlərimiz önündən, özünəməxsus qoxusu da burnumuzdan getmir ki, getmir...
Bir başqaydı, bir nağıldı o kitablı dünyamız...
Nə baş verdi?
Biz niyə kitab oxumaq mədəniyyətindən bu qədər uzaq düşdük və onun haqqında artıq keçmiş zamanda danışmağa başladıq?
20-25 il bundan əvvəl, demək olar ki, hər kənddə, qəsəbədə heç olmasa bir kitabxana var idi. Rayon mərkəzlərində isə bir neçə kitabxana və kitab mağazaları olurdu. İndi isə əvvəllər kitab mağazası kimi fəaliyyət göstərən yerlər təyinatını dəyişib. Eyni sözü kitabxanalar barədə də demək olar. İndi gənclərdən kitab oxumamaqlarının səbəblərini soruşduqda onlar istədikləri kitabı internet vasitəsilə oxuduqlarını bildirirlər.
Mütəxəssislər deyirlər ki, bütün tanınmış intellektuallar, alimlər açıq şəkildə etiraf edirlər ki, internet resursları heç vaxt kitabı əvəz edə bilməyəcək. Kitab başqa fəlsəfəyə malikdir. Kitaba münasibət məsələsi sovetlər süquta uğradıqdan sonra başladı. Sabirabad şəhərinin bir neçə tinində kitab mağazaları var idi. “Kniqi” adlanan böyük kitab mağazasının yerində isə indi ticarət obyekti var. Rayon mərkəzində olan kitab mağazalarının demək olar ki, hamısı yerlə yeksan olundu. Kim ki deyir hər şey internetdə var, bilin ki, o adamlar çox savadsız və kitab oxumağa meylli olmayan adamlardır. Kitab müqəddəs bir dəyərdir və ona toxunmaq olmaz.
Əksər Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün fürsət hesab olunur. Ancaq bu gün bizdə əksər insanlar nəinki istirahət mövsümündə, heç bekarçılıqdan ürəyimiz sıxılanda da kitab oxumaq barədə düşünmürlər. Gününün çoxunu ya çayxanada, ya kompyuter arxasında, ya da televizor qarşısında keçirir. Hələ mən kitaba pul xərcləyənlərə cəmiyyətimizdə birtəhər baxılmasından danışmıram. Halbuki kitab oxumağın insan psixologiyasına və səhhətinə bir sıra müsbət təsirləri var.
Bəs ölkəmizdə, o cümlədən Sabirabadda kitab oxumağa qarşı marağın azalması nə ilə bağlıdır? Bu suala cavab tapmaq üçün redaksiya olaraq sakinlər arasında sorğu keçirdik. Sabirabad şəhər sakinləri ilə söhbət etdik:
İbrahim Məmmədov: Uşaqlıqda kitab oxumağı çox sevirdim. Əlimə pul düşən kimi kitab alırdım. Çoxlu bədii ədəbiyyat oxumuşam. İndi isə kitaba marağım yoxdu. Heç kitab var ki alasan. Bu böyüklükdə Sabirabadda bir dənə kitab mağazası yoxdur.
Saleh Məhərrəmov: İndiki zamanda insanların kitab oxumağa marağı yox dərəcəsindədir. Bunun da səbəbi internetdi. Hamı istəyir internetdən məlumat alsın. Bu sosial şəbəkələr xəstəliyə çevrilib. Orada kimi desən tapa bilərsən. Axşama kimi veyil-veyil gəzənlərin hamsı orda gün keçirirlər. Belələri kitab nə olduğunu hardan bilsinlər. 30-40 il əvvəllər rayonumuzda bir neçə yerdə kitab mağazaları var idi. İstədiyimiz kitabları alıb oxuyurduq. Özüdə qəpik-quruşa. İndi isə kimin imkanı var cızma-qarasını kitab halına salıb satdırır. Belə kitabları oxmağa dəyməz. Azərbaycanda nə qədər yazıcılar var. Yaxşı yazan, hörmətli. Onların da kitabların görmürük.
Yusif Əkbərov: Xarici ədəbiyyata marağım böyükdür. Nəinki rayonumuzda, heç paytaxda da belə əsərləri tapa bilmirəm. Kriminal mövzulu kitablar da yoxdur.
Heydər Əliyev prospektindəki “Kitab evi”ndə də olduq. Adının çəkilməsini istəməyən mağaza müdiri bildirdi ki, biz bədii kitab gətirmirik. Bizdə ancaq dərs vəsaitləri və uşaqlara aid dərs ləvazimatları olur. Doğrusu bir neçə il bundan əvvəl az miqdarda bədii ədəbiyyar gətirmişdik. Ancaq alan olmadı.
Hətta bəzi həkimlər kitab oxumağın ilk növbədə, zehni məşq etdirmək uğrunda atılan uğurlu bir addım kimi qiymətləndirirlər. Daimi mütaliə yaddaşı, məntiqi gücləndirir, öyrənmə qabiliyyətini artırır. Nəticədə insan hadisələri daha düzgün analiz edə bilir, gözəl nitqə sahib olur, məntiqli danışır. Düzgün qaydada kitab oxumaq gözləri də məşq etdirir. Bununla yanaşı, həkimlər həmçinin bildirirlər ki, kitab oxuyarkən ürək döyüntüsü normallaşır.
Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı mütəxəssislər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır. Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir. Mütəxəssislərin araşdırmalarına görə, qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Kitablar uşaqların zehinlərinin, hisslərinin, danışıq qabiliyyətinin inkişafında da önəmli rol oynayır. Kitab oxumaq uşağın təxəyyülünü genişləndirir, daxili dünyasına müsbət təsir göstərir.
Oxumaq vərdişi ailədə
qazanılmalıdır
Psixoloqlar hesab edirlər ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməlidirlər. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir. Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir.
Maraqlı statistika
Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə daha az televizor seyr edib, daha çox kitab oxuyurlar. Almaniyalı professor Fişer isə: "İnsan düşündükçə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehni məşğələ etmək lazımdır. İllərlə işləməyən beyinin nə hala düşdüyünü özünüz təsəvvür edin".
Bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə hər 7 nəfərə 1 kitab düşür. Azərbaycanda isə bu göstərici minimum səviyyədədir.
Kitab şəxsiyyətin formalaşmasında mühüm rola malikdir. Kitabların bizə verdiyi, aşıladığı dəyər onun satış qiymətindən ölçüyəgəlməyəcək dərəcədə qat-qat üstündür.
Və ən əsası, kitab oxumaq mədəniyyətdir, mənəvi zövqdür...
İ.DƏMİRQAYA,
“Muğanın səsi”