Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan Ordusunun potensialının şahidi oldu. Qısa müddət ərzində Ordumuz düşmənə sarsıdıcı zərbə vurdu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu, irimiqyaslı islahatlar bəhrəsini verdi, Ordumuz tarix yazdı.
Orduya diqqət və qayğı postmüharibə dövründə də davam edir. Bu günlərdə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bəyan edildiyi kimi 2022-ci ilin altı ayı ərzində də hərbi sahədə struktur islahatları, o cümlədən hərbi təhsildə islahatlar aparılıb, yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Büdcəyə də əlavələr, dürüstləşmə edildi və hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Bir sözlə, Azərbaycanda ordu quruculuğu sahəsində işlər davam etdirilir.
Müşavirədə ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş təhlil edilib. İlin birinci yarısı ümumi daxili məhsul istehsalının həcmi artıb. Bu dövrdə qeyri-neft iqtisadiyyatının 10 faizə yaxın artması da xüsusi qeyd olunmalıdır. Qeyri-neft sektorunun inkişafı da ciddi şəkildə nəzərə çarpır və bu sahədə büdcə daxilolmaları yüksəlir.
Bütün bunlara paralel olaraq müşavirədə ölkəmizin xarici siyasəti və beynəlxalq əməkdaşlıq məsələlərinin də xüsusi diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.
Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi uğurlu fəaliyyəti, təşkilatın Parlament Şəbəkəsinin yaradılmasının önəmi qeyd edildi. Bundan başqa, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində dünyanın 80-dən çox ölkəsinə yardım göstərib. Eyni zamanda, türk dövlətləri, qonşu ölkələrlə əlaqələrin daha da gücləndirilməsi diqqət mərkəzində olub. Həmçinin, Avropa İttifaqı ilə əməkdaşlığın önəmi vurğulanıb. Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəallığı, region ölkələri ilə yaxın qonşuluq münasibətləri, dünyanın aparıcı ölkələri və güc mərkəzləri ilə qarşılıqlı səmərəli və bərabərhüquqlu əməkdaşlığı göz önündədir.
Müşavirədə Ermənistana vacib mesajlar da ünvanlandı. Bu Ermənistan hakimiyyətinin düşünməsi üçün bir növ çağırış idi.
Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycan xalqının rifahının yüksəlməsinə, ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə və dövlətimizin daha da güclənməsinə xidmət edir.
Səttar
QARAĞACLI,
AYB-nın üzvü,
şair - publisist