Vəd olunmuşdu ki, FASİLƏSİZ su veriləcək. Bəs nə oldu?!
KANALİZASİYA layihəsinin başına kimlər daş saldı?!
Bu gün Sabirabad şəhərinin ən ciddi problemi bu şəhərin kanalizasiya sisteminin olmaması, çirkab sularının hara gəldi axıdılmasıdır.
Unutmamısınızsa, 12 il əvvəl Sabirabada kanilizasiya xəttinin çəkilməsi günün məsələsi idi. Çünki “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sabirabad şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinin başa çatdırılması nəzərdə tutulmuşdu. Bununla əlaqədar artıq işlər başlanmışdı da. Su təmizləyici qurğuların və nasos stansiyaların yerləri müəyyənləşdirilmiş, şəhərin müxtəlif yerlərində 8 kanalizasiya nasos stansiyasının tikintisi üçün torpaq sahəsi də ayrılmışdı. Yaxın zamanda bu mühüm işə başlanacağını deyirdilər.
Deyirdilər ki, "Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi əsasında Kür Sutəmizləyici Qurğular Kompleksindən çəkiləcək yeni magistral kəmərlə rayona saniyədə 118 litr su ötürüləcək. Layihənin icrası nəticəsində sakinlər keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunacaq və şəhərin kanalizasiya infrastrukturu tamamilə yenidən qurulacaq.
Deyirdilər ki, həmin layihənin həyata keçirildiyi yaşayış məntəqələrində yüksəksıxlıqlı polietilen borulardan 79,8 km uzunluğunda içməli su və 87 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 300-dən artıq yanğın hidrantı quraşdırılacaq. Fasiləsiz su təchizatının aparılması üçün tutumu 5400 kubmetr olan su anbarı inşa ediləcək. Yaranacaq çirkab suları kənarlaşdırarkən özüaxımlı rejimi təmin etmək üçün mikrotunel qazılacaq, məhsuldarlığı sutkada 10500 kubmetr olan çirkab sutəmizləyici qurğu da inşa olunacaq.
Onu da deyirdilər ki, Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tenderin nəticələrinə əsasən, tikinti işlərini Türkiyə-Azərbaycan konsorsiumu - "Koçoğlu-Art-Akkord" həyata keçirir.
Sabirabadlılar sevinclərindən bir-birlərini təbrik edir, gözaydınlığı verirdilər. Nəhayət ki, qızmar yay günlərində əllərində vedrələr su axtarmayacaqlar. Ən başçıcası çikab suların içərisində “üzməyəcəklər”.
İllər bir-birini əvəz etdikcə camaatın da nigarançılığı artırdı. Nəhayət, bununla bağlı 2012-ci il iyunun 8-də rayonda təmtəraqlı təməlqoyma mərasimi keçirildi. Mərasimdə "Azərsu" ASC-nin o vaxtkı sədri Qorxmaz Hüseynov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları iştirak edirdi
Həmin vəzifəli şəxslər dedilər ki, rayonda yenidənqurma işləri Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində həyata keçiriləcək. Dedilər ki, şəhərə və ətraf kəndlərə fasiləsiz su veriləcək və bir də layihə çərçivəsində Sabirabad şəhərində 134 km uzunluğunda kanalizasiya şəbəkəsi və kollektoru inşa ediləcək. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə Sabirabad rayonu ərazisində məhsuldarlığı sutkada 20 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.
Vəd olunmuşdu ki FASİLƏSİZ su veriləcək. Bəs nə oldu?!
Doğrudu, Sabirabad şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildə başlanıldı. Sabirabad şəhərini içməli su ilə təmin etmək üçün Hacıqabul rayonu ərazisində yerləşən Kür sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda Sabirabad-Saatlı magistral su kəməri çəkildi.. Sabirabad şəhərində ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı, 1,8 km uzunluğunda magistral su xətti tikildi. Şəhərdə 150 km içməli su şəbəkəsi yenidən quruldu, minlərlə ünvana birləşmə verilərək sayğaclar quraşdırıldı.
Sonrakı illərdə də magistral su kəmərindən rayonun 18 yaşayış məntəqəsinə suyun verilməsi “təmin edildi”.
Ancaq əhaliyə FASİLƏSİZ su verilməsi məsələsi nağıl oldu.
Sakinlərlə apardığımız söhbət zamanı bəlli oldu ki, “qrafiklə su verilir, gündə bir dəfə- 2 saat. Kim götürdü götürdü. Həmin vaxt evdə olmasan qaldın susuz. Özünüz təsəvvür edin də, bina evi, bir qaşıq da su yox!”.
Redaksiyamıza məlumat verən sakinlər dedilər ki, “susuz qalmamağın dərdindən otaqlarımızın harasına baxsan vedrələrdə su görərsən. Bu qaynar istilərdə başqa neyləyə bilərik?!”
Öyrəndik ki, suyun qrafiklə verilməsində söhbət qətiyyən su pulunun verilməməsindən gedə bilməz. Çünki abonentlərin hamsında su sayğacı var. Deməli, sakinlərin su pulu ödəmək problemi yoxdur ki, su satışı idarəsi hər hansı bəhanə gətirsin. Naəlac qalan sakinlərin hər birinin həyətində, eləcə də beşmərtəbəli binaların damında bir neçə çəni var ki, bu fakt da Sabirabadda su probleminin daimi olduğunun göstəricisidir.
Vəd edildiyi kimi suyun fasiləsiz verilməməsinin və bu istilərdə su qıtlığının səbəbini Sabirabad Su-Kanal sahəsinin rəhbərliyindən soruşanda, onların izahı belə oldu:
- Biz Talış Su Kəmərindən asılıyıq. Suyu az verirlər, bunun da səbəbi orda olan siyirtmənin nasaz olmasıdır. Suyun qrafiklə verilməsinin əsas səbəbi isə vətəndaşların sudan israfçılıqla istifadə etmələridir. Lazım oldu-olmadı su kranları həmişə açıqdır. Elə bu səbəbdən də bəzən şəhərin kənar ərazilərindəki evlərə su verilməsində problemlər yaranır. Bir də sayğacı olmayan, hətta gizli yolla sudan istifadə edənlər də var. Onlar barədə ardıcıl gördüyümüz tədbirlər hələ də tam səmərə vermir.
Bəs KANALİZASİYA layihəsinin başına kimlər daş saldı?!
... Yadımdadı, 2012-ci il iyunun 8-də Su-Kanal idarəsinin yaxınlığında Sabirabad şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması münasibətilə təntənəli təməlqoyma mərasimi keçirilirdi. “Azərsu”nun sədri və yerli icra hakimiyyətinin başçısı düyməni birgə basdılar və Mərkəzi Təmizləyici Terminalın bünövrəsinə beton dolmağa başladı. Toplaşanlar elə ürəklə əl çalıb alqışlayırlardı ki. Axı antisanitariyadan, çirkabdann bir yolluq xilas olacaqdıq. Deyir sən saydığını say, gör fələk nə sayır. Biz saydığımız olmadı, fələyinki keçdi. Sabirabadda kanalizasiya layihəsi yerinə yetirilmədi.
Kür çayının bir neçə kilometrliyində yerləşən Sabirabad üçün kanalizasiya həyati əhəmiyyətlidir. Azca yağış yağan kimi küçələrdə gölməçələr yaranmasına, yayın qızmar istisində belə beşmərtəbəli binaların zirzəmilərinin kanalizasiya suları ilə dolmasına, ətrafın üfunətə bürünməsinə - dəhşətli bir natəmizliyə adi hal kimi baxırıq. Ən başlıcası isə ekologiya korlanır və antisanitariya vəziyyəti yaranır.
Bir sözlə ifadə etsək, biabırçı bir vəziyyətdə yaşayırıq.
Kanalizasiyasız Sabirabad şəhəri günü-gündən böyüyür. Elə götürək Heydər Əliyev prospektində inşası sürətlə aparılan 9 mərtəbəli yaşayış binasını, bu prospektin üstündə salınmış yeni tibb müəssisələrini, ticarət mərkəzlərini və.s.
Heç görəsən bu obyektlərin başbilənləri fikirləşirlər ki, bu obyektlərin “kanilizasiya işi” necə olacaq, hara bağalanacaqlar, cirkabları hara axıdacaqlar.
Həmin sahibkarların da cavabı belə oldu: “Bizlik deyil”.
P.S. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda 2010-cu ildə Sabirabad şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinin başa çatdırılması nəzərdə tutulmuşdu.
O boyda Dövlət Proqramında, hələ 10 il bundan qabaq icrası nəzərdə tutulmuş SABİRABADIN KANALİZASİYA layihəsinin “taleyi” necə oldu.
Bunun cavabını İqtisadiyyat Nazirliyindən istəyirik.
İ.DƏMİRQAYA,
“Muğanın səsi”