Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunur. Bu, həm də inşaat sahəsində çalışanların əməyinə dövlətimiz tərəfindən verilən böyük dəyərdir.Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə respublikamızda tikinti sektoru sürətlə inkişaf etmiş, bu dövrdə sənayenin bütün sahələrində böyük inkişafa nail olunmuşdur. Bu illərdə tikinti, kənd təsərrüfatı, kimya, elektrotexnika, yüngül sənaye və digər sahələrdə onlarla nəhəng istehsalat obyektləri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri istifadəyə verilib. Quruculuq prosesinə Ümummilli Liderin layiqli siyasi varisi İlham Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə daha güclü təkan verilib.
Təbii ki, dövlətin iqtisadi inkişafını göstərən amillərdən biri də inşaat sahəsidir. Bu sahə Prezident cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Bu baxımdan son illərə nəzərə salsaq, tikinti sektorunda gedən canlanmanın və dinamik inkişafın şahidi olarıq. Ötən illər ərzində respublikanın paytaxtı, eləcə də regionları əsl tikinti meydançasına çevrilib.
Bu tikinti və quruculuq işlərini Sabirabad rayonunun da timsalında aydın görmək olar. Son illər Dövlət Bayrağı Meydanında Bayraq Muzeyi, Olimpiya İdman Kompleksi, “Asan Xidmət” Mərkəzi, Gənclər Mərkəzi, 205 çarpayılıq Mərkəzi rayon xəstəxanası, YAP rayon təşkilatı, Maliyyə idarəsi, rayon Təhsil şöbəsi, Kənd Təsərrüfatı idarəsi, rayon Elektrik şəbəkəsi üçün inzibati binalar, “Muğan qızı” abidə - kompleksi yenidən qurulmuş, Kür çayı üzərində körpü, Mənbəyi Kür çayından olmaqla uzunluğu 30 km olan “H” kanalı (11 min 498 hektar sahənin su təchizatı yaxşılaşdırılmışdır) tikilmiş, Mərkəzi meydan, Sabirabad şəhəri də daxil olmaqla 26 yaşayış məntəqəsinin eklektik təsərrüfatı yenidən qurulmuş, rayon Mədəniyyət Mərkəzi, RİH-nin inzibati binası əsaslı təmir olunmuş, 49 ədəd modul tipli sutəmizləyici qurğu quraşdırılmış, “Sabirabad Quşçuluq” müəssisəsi, 12 min tonluq Regional Logistia Mərkəzi, istixana kompleksi, “MKT İK” MMC-nin sutkada 75 ton mahlıc istehsal edən emal müəssisəsi, 5 pambıq qəbulu məntəqəsi yaradılmış, yaşayış məntəqələrinin 80%-ni əhatə edən 5 avtomobil yolu yenidən qurulmuşdur.
Qeyd edək ki, 2010-cu ilidə Kür və Araz çaylarının yaratdığı təbii fəlakət nəticəsində zərər çəkmiş ailələr üçün 1834 fərdi yaşayış evi, 16 sosial obyekt tikilmiş və ya təmir olunmuşdur.
2017-ci ildə cənab Prezident İlham Əliyevin təməlini qoyduğu Sənaye Məhəlləsində yun tədarükü məntəqəsi, orqanik gübrələr və karamel istehsalı müəssisələri tikilmiş və yaxın günlərdə istehsala başlanılacaqdır, inzibati və yardımçı binalar inşa edilmişdir.
Yaşayış məntəqələrinin 84,0%-i (63), ev təsərrüfatlarının 92,6%-i (31714) qazlaşdırılmış, Şəhriyar, Güdəcühür və Rüstəmli kəndlərində məskunlaşmış məcburi köçkünlər üçün salınmış 3 qəsəbəyə təbii qaz verilmiş, Əliləmbəyli kənd İnzibati Ərazi Dairəsinin iki kəndinin qazlaşdırılması davam etdirilir.
Azərbaycan Hökumətinin vəsaiti və Dünya Bankının krediti hesabına maliyyələşən “Sabirabad şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrası 2012-ci ildən başlanmış və 2014-cü ilin dekabrın 15-də ölkə başçının iştirakı ilə şəhərə ilk suyun verilməsi mərasimi keçirilmişdir. Hazırda şəhər əhalisi fasiləsiz içməli su ilə təmin edilir və 6 kəndin su xəttinə qoşulması işləri başa çatdırılmışdır. Hacıqabul rayonunun Talış kəndi ərazisində yerləşən Talış Qrup Su Kəmərindən Sabirabad şəhərinə su kəməri çəkilmiş, 5.0 min kub metrlik 2 ədəd su anbarı tikilmişdir. Rayonun 18 kəndi içməli su şəbəkəsi, 49 kəndi isə içməli su xətti ilə (modul tipli, bulaqlar ilə) təmin edilmişdir.
Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin həyata keçirilməsi haqqında” layihəsinin icrası davam etdirilir (13866 ha) və həmin ərazidə Aqropark yaradılması istiqamətində işlər aparılır.
Məktəb tikintisinə də böyük önəm verilmişdir. 4166 şagird yerlik 13 məktəb binası inşa, 8995 şagird yerlik 14 məktəb binası əsaslı təmir edilmiş, 700 şagird yerlik 34 əlavə sinif otağı tikilmişdir. Son iki ildə 264 şagird yerlik Türkədi kənd tam orta məktəbi inşa olunmuş, 96 şagird yerlik Çığırğan kənd tam orta məktəbi, 132 şagird yerlik Qaragüney 1 nömrəli kənd tam orta məktəbi və 40 şagird yerlik Qəfərli kənd ibtidai məktəbi üçün modul tipli binalar tikilib istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabad şəhərində 100 yerlik uşaq bağçası inşa edilmişdir. Ulacalı və Qasımbəyli kəndlərində 20 yerlik uşaq bağçaları tikilmişdir. 140 yerlik şəhər 1 saylı, 80 yerlik şəhər 2 saylı, 40 yerlik Çöl Beşdəli, Axısxa və Qaraağac kənd uşaq bağçaları əsaslı təmir edilmişdir.
“Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin balansında olan 5000 yerlik mərkəzi stadionunda cari təmir işləri aparılmışdır.
İnkişaf və yüksəliş göz qabağındadır. Hər gün yeni -yeni obyektlər tikilir. Bir neçə ildir ki, Sabirabad öz-özünü maliyyələşdirir.
Sevindirici haldır ki, ölkənin Baş Naziri Əli Əsədov bu günlərdə Sabirabad şəhərlərinin 2038-ci ilə qədərki dövrdə inkişafına dair Baş planını təsdiqləyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Sabirabadın Baş planının detallarını açıqlayıb:
Baş planda hesabat müddətinin sonuna kimi şəhər əhalisinin 53 500 nəfərə çatması ehtimal edilir. Bunu nəzərə alaraq yeni yaşayış sahələrinə tələbatı ödəmək məqsədi ilə çoxmərtəbəli binaların tikintisi təklif olunur, adambaşına düşən ümumi yaşayış sahəsinin 24 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur. Artım dinamikasına əsasən şəhərdə ictimai-işgüzar zonanın, yeni təhsil, səhiyyə, idman, mədəniyyət və əyləncə məkanlarının yaradılması planlaşdırılır. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqların azalmasının qarşısının alınması, tarixi ərazilərin qorunması və müasir memarlıq yanaşmalarının tətbiqi prioritet sayılır.
Baş plan layihəsində inkişaf tempinə uyğun olaraq nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin şaxələndirilməsi, küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 9,65 km-dən 20,38 km-ə çatdırılması nəzərdə tutulub.
Sənəddə iqtisadiyyatın və turizmin inkişafı, ekoloji vəziyyətin yaxşılaşdırılması kimi məsələlərin həlli yolları da öz əksini tapıb. Bir neçə sənaye sahəsinin birləşməsi ilə vahid yeni sənaye ərazisinin ayrılması, istirahət zonasının qurulması, şəhər ətrafında məişət tullantıları üçün müasir poliqonun yaradılması təklif edilir.
***
Son illər ərzində rayon ərazisində həyata keçirilən geniş həcmli tikinti-quruculuq işlərinin yerinə yetirilməsində inşaatçılar əsl peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək, bölgəmizin simasının dəyişdirilməsində həlledici rol oynamışlar. Sadəlik, əməksevərlik, yüksək peşəkarlıq, məsuliyyət kimi şəxsi keyfiyyətləri özündə birləşdirən inşaatçılar səylərini əsirgəməyərək maddi dəyərlər yaratmış və gələcək nəsillərə miras qoymuşlar. İnşaatçılarımızın gərgin əməyinin bəhrəsi olan müxtəlif təyinatlı binalarda ölkəmizin özünəməxsus tarixi siması ilə yanaşı, Azərbaycan memarlığının koloriti, zənginliyi və müasirlik elementləri öz əksini tapmışdır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun parlaq Qələbəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda – Doğma Qarabağımızda geniş bərpa-quruculuq işlərinə start verilib. Əminəm ki, düşmən əsarətindən qurtulmuş torpaqlarımızda aparılacaq yenidənqurma və abadlıq işlərində dəyərli inşaatçılarımız öz missiyasını layiqincə yerinə yetiricək, tarixi ərazilərimizə yeni nəfəs, yeni həyatın qayıtmasına öz töhfələrini verəcəklər. Ölkəmizin daha da müasirləşməsi yolunda gərgin fəaliyyət göstərən inşaatçılar geniş həcmli tikinti-quruculuq işlərinin yerinə yetirilməsində əsl fədakarlıq nümayiş etdirərək, düşmənin uzun illər viran qoyduğu bölgələrimizin və yaşayış məntəqələrimizin simasının bərpa olunaraq müasirləşdirilməsində həlledici rol oynayacaqlar. Əminəm ki, ölkə başçısının təşəbbüsü və dəstəyi ilə bu peşə sahiblərinin birlik simvoluna çevrilmiş “İnşaatçılar Günü” bu il xüsusi əhval-ruhiyyədə, “Böyük Qayıdış” devizi altında həyata keçiriləcək möhtəşəm yeni şəhərsalma layihələri ilə yadda qalacaq.
İnşaatçıları peşə bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinə möhkəm can sağlığı, gərgin əməklərində tükənməz enerji və yeni nailiyyətlər arzulayırıq!
Əli HÜSEYN,
“Muğanın səsi”