Aygün ƏLİYEVA,
Sabirabad Qadın Resurs Mərkəzinin
koordinatoru
Cənab Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonuna səfəri çərçivəsində “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxış edərkən bildirdi ki, bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər tamamilə yenidən qurulur. Biz gəlmişik, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Məsələn, mənə verilən məlumata görə, indi Şuşa şəhərində mindən çox insan yerləşib və inşaat işləri ilə məşğuldur, xidmət sahəsində işləyir. Artıq Ağdamda sənaye parkı yaradılır. Zəngilanda, Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi istismara verilmişdir. Yəni, bunu biz edirik, biz – bu torpaqların sahibləri. Ancaq hər kəs bilməlidir, bu, çox genişmiqyaslı işdir.
Cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza dəfələrlə səfər edib. Bu səfərlər müxtəlif təyinatlı və məqsədli olur. Xarici ölkə rəhbərləri ilə görüş, beynəlxalq və milli əhəmiyyətli mədəniyyət tədbirlərində iştirak, quruculuq, bərpa işlərində təməlqoyma və açılışlarla müşayiət olunur. Yəni, bu səfərlərin hər biri özünəməxsusluğu ilə seçilir, lakin hamısı siyasi, iqtisadi, hərbi mahiyyət daşıyır.
Dövlətimizin başçısının son səfərinin Silahlı Qüvvələr Günündə olması heç də təsadüfi deyil. Belə bir gündə Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkənin ən çətin coğrafi relyefinə malik Kəlbəcər və Laçın rayonlarında hərbçilərlə birlikdə olması onlara göstərilən qayğının, dəstəyin ifadəsidir.
Cənab Prezident İlham Əliyev səfər çərçivəsində yeni komando hərbi hissəsinin açılışını edib və döyüş bayrağını təqdim edib. Komando birliklərinin yaradılması tarixi Qələbəmizdən sonra ordu quruculuğumuzu Türkiyə Respublikasının Silahlı Qüvvələri tipində yenidən formalaşdıracağıq fikri istiqamətində görülən işlərdir. Səfərlər çərçivəsində yeni–yeni layihələrin təməli atılır və ya tikintisi bitmiş layihələrin açılışı edilir. Əlbəttə, bütün bunlar regionun inkişafına, ərazidə yaşayacaq sakinlərin məşğulluğuna xidmət edəcək. Yenidənqurma və bərpa işləri üçün əvvəlcə ərazinin təhlükəsizliyini təmin edəcək şərait yaradılır, hərəkət üçün yol - nəqliyyat, hava limanları, kommunal xidmətlər infrastrukturu qurulur, köçürüləcək sakinlərə məşğulluğun və iş yerlərinin yaradılması üçün müəssisələr hazırlanır. Həmçinin kənd təsərrüfatı sahələrinin becərilməsi üçün suvarma sistemləri, su anbarlarının inşası həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə həyatın bərqərar olması, inkişafın təmin edilməsi, bölgənin coğrafi mövqeyinin verdiyi imkanlardan istifadə edərək beynəlxalq kommunikasiya sistemlərinin qurulması sahəsində dövlətin vahid siyasi xətti var. Əlbəttə, bütün bunlar cənab Prezident İlham Əliyevin güclü Liderliyi, xalqın birliyi, güclü ordu və iqtisadi sabitliyə əsaslanır.