• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident İlham ƏLİYEVİN Kəlbəcər səfərində verdiyi mesajlar...

  • 06.07.2022, 22:10, Baxış sayı:
  • 465
Prezident İlham ƏLİYEVİN Kəlbəcər səfərində verdiyi mesajlar...
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarında səfərdə olub, bir çox sosial-iqtisadi, hərbi obyektlərin təməlinin qoyulmasında və açılışında iştirak edib. Dövlət başçısı eləcə də tikilməkdə olan bir neçə obyektdə işlərin gedişi ilə maraqlanıb. Prezidentin vurğuladığı kimi, qələbəmizdən ötən ilyarımda işğaldan azad olunan ərazilərdə nəhəng layihələr icra edilib və bu proses davamlı xarakter daşıyır.
Prezidentin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.
Dövlətimizin başçısı Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimindən sonra komando hərbi hissəsinin açılış mərasimindən dünyaya mesajlar verdi.


"BU GÜN BİZ MÜZƏFFƏR XALQ KİMİ, QALİB ÖLKƏ KİMİ ORDU GÜNÜNÜ QEYD EDİRİK"
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinin açılış mərasimində çıxış edərək bildirib ki, iyunun 26-da bu rayonlara səfərimin əsas səbəbi bu gün - Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olmağımdır: "Mən bu gün hərbçilərlə - yeni yaradılmış komando qüvvələri ilə Ordu Gününü Kəlbəcərdə qeyd etdim. Hesab edirəm ki, bunun çox böyük rəmzi mənası var. Hərbi xidmət nöqteyi-nəzərdən bu bölgə - Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından bəlkə də ən çətin bölgədir. Ona görə bu gün mən burada olmalı idim, müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi".

"BİZ BUNDAN SONRA DA ORDUMUZUN İNKİŞAFI ÜÇÜN CİDDİ ADDIMLAR ATACAĞIQ"

Prezident İlham Əliyev çıxışı zamanı onu da vurğulayıb ki, altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilib: "Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir".Dövlət başçısı bildirib ki, müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclü olmaqla yanaşı, həm də təchizat və həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən çox güclüdür: "Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək".

"BİZ VƏTƏN MÜHARİBƏSİNDƏ XALQIMIZIN BÖYÜKLÜYÜNÜ, YENİLMƏZ RUHUMUZU VƏ GÜCLÜ İRADƏNİ GÖSTƏRDİK"

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən bildirib ki, Vətən müharibəsində xalqımızın böyüklüyünü göstərdik, yenilməz ruhumuzu göstərdik, güclü iradəni göstərdik və göstərdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Sadəcə olaraq, biz istəyirdik ki, bu məsələ sülh yolu ilə həll olunsun və uzun illər apardığımız danışıqların məqsədi məhz bu idi.

AZƏRBAYCAN PREZİDENTİNİN ERMƏNİSTANDAKI REVANŞİST QÜVVƏLƏRƏ XƏBƏRDARLIĞI: "DƏMİR YUMRUQ" YERİNDƏDİR, BUNU HEÇ KİM UNUTMASIN!"

"Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın",- dövlətimizin başçısı deyib ki, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır: "Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları haqqında olmayan şayiələri yayırdılar. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir".

"ERMƏNİSTAN DA POSTMÜHARİBƏ REALLIĞINI QƏBUL ETMƏLİDİR"

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bildirib ki, biz müharibə istəmirik, heç vaxt istəməmişik. Amma biz istəyirik ki, bizim maraqlarımız təmin olunsun, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin.Dövlətimizin başçısı deyib ki, dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar: "Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi bir il yarım keçibdir. Bu müharibəni unutmasınlar - nə onlar, nə də ki, sonrakı nəsillər. Bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər".

"BU GÜN BU HƏRBİ HİSSƏNİN AÇILMASI BİR DAHA GÖSTƏRİR Kİ, BİZ İSTƏDİYİMİZƏ NAİL OLACAĞIQ - QARABAĞI VƏ ŞƏRQİ ZƏNGƏZURU BƏRPA EDƏCƏYİK"

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çıxışı zamanı bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır: «Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi - artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır".

"BİZ 1993-CÜ İLİN APRELİNDƏ İTİRDİYİMİZ KƏLBƏCƏRDƏ BU GÜN ORDU GÜNÜNÜ QÜRURLA QEYD EDİRİK"

Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı vurğulayıb ki, “Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq». Prezident İlham Əliyev onu da vurğulayıb ki, "Qarabağ hər zaman Azərbaycan torpağı olub - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!”. Bir sözlə, dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə səfərləri və səfərlər zamanı ən qısa zamanda görülən işlər və bu istiqamətdə gedən bütün işlərə birbaşa Azərbaycan Prezidenti tərəfindən ciddi şəkildə nəzarət olunması, Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.
Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter