• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ordumuz Vətən müharibəsində hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi

  • 25.06.2022, 08:37, Baxış sayı:
  • 594
Ordumuz Vətən müharibəsində hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Daha sonra – dekabrın 25-də istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular.
Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək cəsarət və igidlik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib.
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri sonrakı dövrdə qorunub saxlanıldı və inkişaf etdirildi. Bu, Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Əbədiyaşar lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Çünki hələ yaxın keçmişdə Azərbaycan Ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qalmışdı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Belə ki, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet hakimiyyəti illərində çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı bilən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən qısa müddət sonra - 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ulu Öndərimiz azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdu. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz igidliklər göstərdilər.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Lakin müstəqilliyin əvvəllərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda belə ordu quruculuğu işinin öhdəsindən gələ bilmədilər. Nəticədə torpaqlarımızın 20 faizi işğal olundu, vətəndaş qarşıdurması baş verdi, Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldı.
Belə bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Bundan ruhlanan ordumuz Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında oldu. Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işinə böyük önəm verən Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb.Ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində həmin hərbi məhsullar nümayiş olunur.
Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi.
Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.
Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Ordumuz Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqeləri ələ keçirdi.
Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev demişdi: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Dövlətimizin başçısının qəti əminliklə dediyi bu sözlər – xalqımızın həsrətlə gözlədiyi qələbə arzuları çox keçmədən həyata keçdi. 2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunın Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısının alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına – Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.
Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi.
Vətən müharibəsində Azərbaycan Ordusunun 2900-dən çox hərbi qulluqçusu doğma torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucaldı. Bu şanlı qələbəni xalqımıza yaşatmış rəşadətli ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçularımızın təltif olunması ilə bağlı onlarla Sərəncam imzaladı.
Prezident İlham Əliyevin müharibənin başa çatmasından qısa müddət sonra – dekabrın 9-dan 30-dək imzaladığı sərəncamlarla ümumilikdə 82 min 670 nəfər təltif olundu. Vətən müharibəsi qəhrəmanlarının təltif olunmasını davam etdirən Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamlarla isə 76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edildi.
Sabirabad rayonundan da 44 şəhidimiz oldu. Onların hər birinin ailəsi ilə bu gün də sıx təmasdayıq. Şəhidlərimizlə bağlı keçirilən bütün tədbirlərin önündəyik. Vətən müharibəsinin iştirakçıları və əlillərlə də sıx münasibət qurmuşuq.
Bu gün gənclərimiz dövlət qarşısında Konstitusion borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə böyük həvəslə gedirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi ilə yanaşı digər aidiyyatı təşkilatlar vətəndaş məmnunluğunun təmin olunması üçün görülən işlərin səmərəliliyini təmin etmişlər.
Səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, rayonda vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xid¬mətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində müntəzəm işlər aparılır.
Rayon şöbəsi tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş tədbirlərin səmərəli nəticələri olub. Vətəndaşlar arasında hərbi vətənpərvərlik işinin aparılması ilə əlaqədar rayonumuzda “Vətənin müdafiəsinə hazıram!” devizi altında maarifləndirmə xarakterli silsilə vətənpərvərlik tədbirləri, həmçinin çağırış aylarında çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması, ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının qarşılanması mərasimləri də təntənəli şəkildə qeyd edilmişdir.
Vətən müharibəsində Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Qələbə sayəsində işğaldan azad olunan ərazilərimizdə artıq geniş bərpa-quruculuq işləri aparılır. Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya nümayiş etdirən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad olunmuş ərazilərimizin mühafizəsi və müdafiəsində “Dəmir Yumruq” kimi dayanaraq, düşmənin canına qorxu salmaqdadır.

Səbuhi TÜRKSOY,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter