Sabirabad rayonunda şair-publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza Mükafatı laureatı Şahnaz Şahinin Vətən müharibəsində şəhidlik məqamına yüksələn sabirabadlı oğulların əziz xatirəsinə yazdığı “Sabirabad şəhidləri” və 44 günlük müharibənin qələbəsinə həsr etdiyi “Zəfər nəğmələri” kitablarının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Sabirabad rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təmsilçiləri, şəhid ailələri və qazilər, müxtəlif dövlət qurumlarının əməkdaşları, mədəniyyət işçiləri, yaradıcı ziyalılar, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Sabirabad şəhərinin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi, Sabirabad Regional Mədəniyyət İdarəsinin, habelə rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bildirmişdir ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, Zəfərimizi şəhidlərimiz öz qəhrəmanlıqları ilə təmin etdi və xalqımız onların unudulmaz xatirəsini əbədi yaşadacaq. Sabirabad rayonundan Qarabağ müharibəsində şəhid olanların hər biri böyük itkidir. Amma əsas odur ki, onların qanı yerdə qalmadı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən «Dəmir yumruq» əməliyyatı zamanı Azərbaycan Ordusu düşmənin belini qırdı, başını əzdi və şəhidlərin qisası lazımınca alındı. Şəhid igidlərimizin ruhu bu gün çox rahatdır. Bu da hamımızın ən böyük təskinliyidir. Vətən savaşında Sabirabad rayonunun yüzlərlə qəhrəman övladı döyüşə atıldı. Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir, vətənpərvərlik örnəyidir. Bizim borcumuz isə bu qəhrəmanlıqları yazılı tarixə çevirmək, onu yeni nəslə konkret faktların timsalında çatdırmaqdır. Bu gün təqdimatına yığışdığımız “Sabirabad şəhidləri” və “Zəfər nəğmələri” kitabları da məhz bu amalın, bu niyyətin nəticəsində meydana çıxıb.
Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu, AYB sədrinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə müşaviri, şair-yazıçı Sayman Aruz, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, AYB üzvü, şair Daməd Salmanoğlu, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev, şəhid ailələri adından Fəzail Cəfərov və Vüsalə Cəfərova, AYB üzvü, şair Rahil Məmməd, AYB-nin baş müşaviri Rauf Aslanov çıxış edərək şair-publisist Şahnaz Şahinin bu kitablarının böyük əhəmiyyət daşıdığından danışmışlar. Çıxışlarda vurğulanmışdır ki, şəhidlərin adlarının yaşadılmasında, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində belə kitablar müstəsna rola malikdir. Natiqlər Vətən müharibəsində qazanılan tarixi qələbəmizin bədii ədəbiyyatda vəsf olunmasının, şəhidlik zirvəsinə ucalan qəhrəmanların kitablar vasitəsilə cəmiyyətdə daha geniş təbliğ olunmasının vacibliyini qeyd etmişlər.
Toplantıda həmçinin vurğulanmışdır ki, regionlarda mədəniyyətin qorunması və təbliği, habelə yaratdıqları ədəbi-bədii nümunələrlə mədəniyyətin inkişafına xidmət edən yaradıcı insanların dəstəklənməsi məqsədilə keçirilən belə tədbirlərin mühüm əhəmiyyəti vardır.
Sabirabad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı Şahnaz Şahinə təqdim edilmişdir.
Yüksək səviyyədə keçən təqdimat mərasiminin sonunda Şahnaz Şahin çıxış edərək , hər iki kitab haqqında iştirakçılara ətraflı məlumat vermiş, şəhidlərimiz haqqında kitab yazmağı özünün mənəvi borcu olduğunu vurğulamış, tədbiri təşkil edənlərə, iştirakçılara öz minnətdarlığını bildirmişdir.
Tədbir iştirakçılarına kitablar hədiyyə olunmuş və xatirə şəkilləri çəkdirilmişdir.
Elçin NƏSİB,
“Muğanın səsi”