1993-cü ildə Azərbaycan dövlətçiliyi ən ağır sınaqlarla qarşı-qarşıya qalanda yenə də xilaskarlıq missiyası Heydər Əliyevin üzərinə düşmüşdür. Heydər Əliyev kimi bütün mənalı ömrünü öz xalqına həsr edən nəhəng dövlət xadimi Azərbaycan xalqının çağırışına və təkidli tələbinə, ölkəmizin üzləşdiyi ağır vəziyyətə laqeyd qala bilməzdi. O, Vətənin ağır günündə yenə də məsuliyyəti öz üzərinə götürmüş, müqəddəs xilaskarlıq missiyasını böyük məharətlə yerinə yetirmişdir. 15 İyunun Azərbaycan dövlətçilik tarixində Qurtuluş günü kimi öz yerini alması məhz bu gerçəkliklərdən irəli gəlir. Ulu Öndər Heydər Əliyev xalqını xilas etmiş, dövlətini xaos, anarxiya və böhrandan inkişaf relsləri üzərinə çıxarmışdır.
2003-cü ildə ali kürsüdə fəaliyyətə başlayarkən "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir" deyərək, ölkəmizin gələcək inkişaf yolunu aydın ifadə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində Ulu Öndərin müəyyənləşdirdiyi yolla uğurla inkişaf edir.
Bu inkişafın və tərəqqinin nəticəsi olaraq Azərbaycan 44 günlük müharibədə qalib gələrək öz ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Bir daha sübut olundu ki, ermənilərdən fərqli olaraq biz dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik. İndi gündəliyi Azərbaycan diktə edir.
Qürurverici faktdır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa və Şərqi Zəngəzura səfərləri çərçivəsində yeni müəssisələrin təməlinin qoyulması, eləcə də tarixi dini abidələrin təmir və bərpası ilə maraqlanmaları ənənə halını alıb. Ən diqqət çəkən məsələ isə odur ki, bu gün dünyanın heç bir yerində infrastruktur layihələri belə sürətlə icra olunmur. Azərbaycan bu məsələdə də dünya üçün bir nümunədir.
Prezident İlham Əliyev mayın 27-də Zəngilanda Ağalı kəndinin sakinləri ilə görüşü zamanı bir sıra məqamlara toxundu. Qeyd etdi ki, artıq “Böyük qayıdış” deyilən prosesə start verilib. Azad edilən ərazilərdə bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihənin icra edildiyi Zəngilanın Ağalı kəndində bir il ərzində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə olaraq daha 150 iki və üç mərtəbəli evlərin inşa edilməsi nəzərdə tutulub.
Bu gün qarşıda duran əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələrin dayanmadan genişləndirilməsidir. Bu ərazilərə dəmir yolları, altı və dörd zolaqlı avtomobil yolları çəkilir. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Burada salınan yeni aqroparkda artıq bu il ilk məhsul götürüləcəkdir. Bütün bu işlər böyük zəhmət və maliyyə hesabına başa gəlir. Azad edilmiş ərazilərin miqyası çox böyükdür, bura cənab Prezidentin qeyd etdiyi kimi dörd Lüksemburq və ya bir Livan ölkəsinə bərabərdir. Ancaq bütün çətinliklərə baxmayaraq işlər sürətlə gedir və Azərbaycan qarşısına qoyduğu məqsədlərə çatacaqdır.
Bu, bir daha onu göstərir ki, Prezidentimiz İlham Əliyevin siyasətində Qarabağın və Şərqi Zəngəzurun tez bir zamanda bərpası və yenidən qurulması əsas yerlərdən birini tutur. Ölkəmizin başçısının Qarabağa və Şərqi Zəngəzura davamlı səfərlərində o da aydın nəzərə çarpır ki, bütün layihələrin icrasına bilavasitə özü nəzarət edir, bəzi hallarda əlavə tövsiyə və tapşırıqlarını verir.
Gülnar HÜSEYNOVA,
Qaratəpə kənd tam orta məktəbin
direktoru