Mayın 11-də Sabirabad Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi M.Ə.Sabirin 160 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.
Sabirabad rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş “Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfransdan öncə Ulu Öndər Heydər Əliyevin və Mirzə Ələkbər Sabirin abidələri önünə gül dəstələri qoyulmuşdur.
Konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, filialogiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Sabir fondunun təsisçisi və prezidenti Sevda Tahirli, digər elm xadimləri, yazıçı, şair və publisistlər, həmçinin rayon ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Konfransda M.Ə.Sabirin həyat və yaradıcılığına dair müxtəlif mövzuda məruzələr oxunmuş, şairin zəngin yaradıcılığı fərqli aspektlərdən təhlil olunmuşdur.
Konfrans bitdikdən sonra görkəmli şairin Sabirabadda yaşayan qohumu Afət Tahirzadənin ailəsi ziyarət olunmuş, M.Ə.Sabirin bir zamanlar sabun hazırladığı tiyan böyük maraq doğurmuşdur.