Avropa İttifaqının mövqeyi Azərbaycanın maraqlarına uyğundur
- 10.04.2022, 12:54, Baxış sayı:
- 427
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi ilk dəfə 2021-ci ilin dekabrın 14-də Brüsseldə keçirilən görüşdə formalaşıb. Bu il aprelin 6-da keçirilən üçtərəfli görüş isə artıq ikinci belə görüşdür. Məhz birinci görüş zamanı Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən sülh gündəliyi formalaşdırılmışdı. Məhz o görüşdən sonra Avropa İttifaqı ilə Azərbaycan arasında təmaslar intensiv xarakter aldı. Buraya telefon zənglərini, səfərləri də aid edə bilərik. Bunun nəticəsi olaraq bir daha gördük ki, aprelin 6-dakı görüşdə sülh gündəliyinin formalaşması tam Azərbaycanın istədiyi kimidir. Həmin keçirilən üçtərəfli görüş təxminən 5 saata yaxın davam edib. Görüşün nəticələri olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda bir daha vurğulandı ki, Ermənistan ilə Azərbaycan arasında artıq sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar başlanılması təsbit olundu.
Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı təklifləri artıq qəbul olunub. Yəni, görünən odur ki, həmin 5 maddə qəbul olunandan dərhal sonra danışıqların aparılmasına başlandı. Artıq həm Azərbaycanın, həm də Ermənistanın Xarici İşlər nazirliklərinə bu sənədin üzərində işləməklə bağlı tapşırıqlar verildi. Sənəddə əsas məqam ondan ibarətdir ki, burada Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapır. Digər tərəfdən, bəyanatda yer alan məsələlərdən biri də tərəflərin sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılmasıdır. Bu, o deməkdir ki, dondurulmuş sülh danışıqları canlandırılacaq. İlk növbədə qeyd olunan vacib nüanslardan biri əlbəttə, sərhədlərin delimitasiyası prosesinə başlanılması barədə razılığın əldə olunmasıdır. Bunun davamı kimi delimitasiyanın tərkibi və nəticəsi olaraq isə sərhədlərdə gərginliyin aradan qaldırılması vacib məqamlardan biridir.
Bəyanatda Avropa İttifaqının minatəmizləmə məsələsi, itkin düşmüş şəxslərin axtarılıb tapılması istiqamətində səyləri də yer alıb: Bildiyimiz kimi, Ermənistan bu günə kimi Azərbaycana minaladığı sahələrin xəritələrini versə də, onun dəqiqlik göstəriciləri təxminən 25 faiz təşkil edib. Məlumdur ki, Azərbaycanın uzun illər işğal altında saxlanılan əraziləri ermənilər tərəfindən başdanıbaşa minalanmışdır. Biz hətta müharibənin qurtarmasından il yarım vaxt keçsə də həbçilərimizin və mülki şəxslərimizin minaya düşərək həlak olmasının və yaralanıb şikəst olmasının şahidi oluruq. Narahatedici faktdır. Çünki minalı ərazilər zərərsizləşmədikcə ölənlərin və şikəst olanların sayı artacaq. Eyni zamanda yaddan çıxarmamalıyıq ki, Birinci Qarabağ müharibəsindən bu günədək hələ də 3890 nəfər Azərbaycan vətəndaşının taleyi naməlum qalıb.
Bəyanatda bütün məsələlərin öz əksini tapması çox əhəmiyyətli məqamlardandır. Digər vacib məqam nəqliyyat-kommunikasiya xətlərinin təsdiq olunması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, eləcə də İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması məsələsidir. Azərbaycan hər zaman qeyd edib ki, biz əməkdaşlığa daha çox üstünlük veririk. Qarşılıqlı kommunikasiyaların açılması sayəsində Azərbaycan bölgədə böyük bir coğrafi məkanı birləşdirəcək nəhəng bir qovşağa çevriləcək. Ölkəmiz artıq Avrasiyanı əhatə edən çox əlverişli bir logistika mərkəzinə çevrilib və bunu daha da genişləndirmək imkanı var. Azərbaycan bunu dəfələrlə vurğulayıb və sözügedən məsələ həmin sənəddə öz əksini tapıb. Bu sənəd Ermənistanla Azərbaycan arasında münaqişəyə son qoyan və daimi sülhə çağıran ilk ən əhəmiyyətli sənəddir.
Seyidhüseyn Hüseynov,
Sabirabad rayon Təhsil şöbəsinin metodisti