Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. 2022-ci ildə idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı.
Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci il ölkə Prezidenti cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi.
Bu gün Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.
Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Əlbəttə ki, dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir.
Bu amili diqqət mərkəzində saxlayan Prezident cənab İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.
Pəhlivan Qarayev,
Sabirabad rayon Təhsil şöbəsinin müdiri