• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadlı gənclər Vətən Müharibəsində qəhrəmanlıq salnaməsi yazdılar

  • 30.01.2022, 22:51, Baxış sayı:
  • 420
Sabirabadlı gənclər Vətən Müharibəsində qəhrəmanlıq salnaməsi yazdılar

Nadir QULİYEV,

Sabirabad Rayon
Gənclər və İdman İdarəsinin rəisi


Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirir, ölkədə gedən proseslərin daim önündə gedir. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan Pezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçən müstəqil Azərbaycan tarixdə olmadığı qədər güclü dövlətə çevrilib. Bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Ötən illərdə dövlət gənclər siyasəti də müvafiq dövlət proqramlarının və qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. Hələ 2005-2009-cu illərdə həyata keçirilən gənclər proqramı Heydər Əliyevin bu sahədə müəyyən etdiyi xəttin davamının təsdiqi idi. Daha sonra neft gəlirlərini “insan kapitalı”na çevirən Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqləməklə gənclərə geniş özünütəsdiq imkanları yaratmışdı. 2007-ci ili ölkədə “Gənclər ili” elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini nümayiş etdirmişdi.
Dövlət proqramları isə davamlı şəkildə təsdiqlənərək icra olunur və gənclərin inkişafına, məşğulluğuna, cəmiyyət həyatında fəal iştirakına layiqli töhfələr verir. Cənab İlham Əliyev 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı da təsdiq edib.
Həyata keçirilən düzgün dövlət siyasətinin nəticəsidir ki, gənc nəsil respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Təbii ki, bu uğurların əldə olumasında uğurlu dövlət gənclər siyasəti dayanır. Gənclər hər zaman dövlətin diqqətini, xüsusilə, cənab Prezident İlham Əliyevin dəstəyini hiss edirlər.
Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər. Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilərək torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəman ordumuz cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoydu, tariximizi şərəfləndirən, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atdı. Xalqımız müharibə başlayandan yumruq kimi bir oldu, Vətən torpaqlarının azadlığı uğrunda ayağa qalxdı.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi.
Müharibənin ilk günlərindən yüzlərlə sabirabadlı gənc döyüşlərdə iştirak etmək üçün səfərbər oldu. Minə yaxın sabirabadlı gənc düşməndən qisas almaq üçün ön cəbhəyə yollandılar, Vətəni darda qoymadılar. Şərəfli döyüş yolu keçən sabirabadlı gənclər igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdılar, yüksək vətənpərvərlik nümunəsi göstərərək qəhrəmanlıq salnaməsi yazdılar.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş gənclərimiz cənab Prezident İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunublar. Onlardan bir qismi iki, bəziləri üç medala layiq görülüblər. Onlar hər zaman bu orden və medalları sinələrində şərəflə daşıyacaqlar. Elin-obanın, gələcək nəsillərin qürur yeri olacaqlar.
Bu böyük zəfər qətiyyətli siyasi iradə və əzmin nəticəsində, ilk növbədə qəhrəman igidlərimizin canı-qanı bahasına əldə edilib. Bu qələbədə mənfur düşmənə qarşı inanılmaz şücaətlə vuruşan, öz həyatını qurban edən şəhidlərimizin payı əvəzsizdir. Vətən müharibəsində iştirak edən və təcavüzkar düşmənə qarşı döyüşən Sabirabad rayon sakinlərindən 44 nəfəri bu mübarizədə qəhrəmancasına şəhid oldu. Şəhidlərin dəfni ümumxalq sevgisinin əyani təzahürünə çevrildi. Sabirabad rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə könüllülərimiz şəhidlərimizin dəfn mərasimlərində təşkilati məslələrdə, müharibə zamanı ön cəbhəyə ərzaq və s. yardımların göstərilməsində fəal iştirak etdilər.
Vətən müharibəsində şəhid olmuş gənclərimizin məzarları ən müqəddəs and yerimizdir. Müharibədən sonrakı dövrdə şəhidlərimizin doğum günlərinin hər biri idarəmiz tərəfindən yüksək səviyyədə təşkil olunub. Ötən zaman ərzində bütün şəhid ailələri və qazilərlə sıx əlaqə saxlanıb. İmkanlarımız daxilində onların problemləri ilə daha yaxından tanış olmuş və əlaqədar təşkilatlarla birlikdə onlara diqqət və qayğı göstərilməsinə nail olmuşuq. Gənclər Mərkəzində Sabirabad rayonunun bütün şəhidlərinin fotoları əks olunan xüsusi guşə yaratmışıq.
Dövlətimiz şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın hər zaman yanındadır. Onların sosial müdafiəsi üçün lazımi tədbirlər görülür.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar. Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi.
Gənclər və İdman İdarəsi olaraq cari ildə də şəhidlərimizin adının əbədiləşdirilməsi, onların xatirəsinə müxtəlif səpgili tədbirlərin, həmçinin idman və intellektual yarışların keçirilməsini planlaşdırmışıq. Vətən müharibəsində şəhid olan gənclərimizi bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman uca tutacaq, daim xatırlayacaqdır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter