Tanıtım: 1955-ci ilin yazında Sabirabad şəhərində doğulanda atası ona Marta adını qoyur, mart ayında doğulduğu üçün. Ancaq özünün dediyinə görə nənəsi Mələynisə bir loo salır ki, naəlac qalan ata qızını Nisə Bəyim adlandırır. O da başqaları kimi körpə oldu, iməklədi, ayaq açdı. Atalı (İsmayıl), analı (Məryəm) o xoşbəxt, qaygisiz günlər elə bil quş qanadlarında uçdu. M.Muşfiq adına orta məktəbi bitirib Pedoqoji İnistituta daxil oldu və 1976-cı ildə oranın filologiya fakultəsini qırmızı diplomla bitirb həyata vəsiqə aldı.
Sonra ... orta təhsil aldığı məktəbdə əmək fəliyyətinə başladı. 1988-ci ildə “Azərbaycan müəllimi” qəzetinin müxbiri Cavad Cavadlı məktəblərində olanda “məktəbin şairi” ilə tanış olur və Nisə Bəyimin şerlərindən ikisini seçib paytaxda qayıtdıqdan sonra çalışdığı qəzetdə dərc etdirir. Elə həmin vaxtdan Nisə Bəyimin işiqlı dövrü başiayır. Yeni peşəsinin ilk kövrək addımlarını atır. Acılı-şirinli, qəmli-qüssəli bir ruh dünyasına qədəm qoyur. Soruşanda da “Mənim peşəm dərd çəkməkdir”,- deyir.
Bir-birinin ardınca o, Azərbaycan mətbuatında şerləri, poemaları, esseləri, roman və hekayələri ilə çıxış edir. “Yerə, göyə, Tanrıya”(1997), “İlahi vaxt”(2000), “Ulduz səsləri”(2003), “Ayla, günlə bərabər”(2004), “Mənə dünyanı sorma”(2005), “Günəşdən yağan yağışlar”(2006), “Yeddinci kitab”(2007), Taleyin böyüklük töhfəsi”(2008), “Ürək simfoniyası”(2009), “Aran fraqmentləri”(2010), “Qürub rəngləri”(2011), Yarı” (2013), “Duyğu yağışları”(2014), “Online”(2014), “Çərxi-fələk” (2015), “Altı on-on altı”(2015), “Təkbuynuzlu” (2016), “Miraj”(2018), “Qızıl Məbəd” (2018), “Kəpənək sevgisi”(2019), “Diri-biri”(2020) kitabları ilə şöhrət tapdı. Təntənə ilə onu Azərbaycan Yazıçılar Birliyinə qəbul etdilər.
21 KİTAB- ömr vərəqləri, ruhun əlçatmaz, ünyetməz aydın səması. Günlər aylar ötdü, fəsillər dəyişdi. Hər bahar gələndə Nisə Bəyim uçmağa qanad istədi, şirin duyğularından bir qala hördü. Sevib-sevilənlərə poyeziya çələngləri ərməğan etdi. Tənhalıqdan qaçmaq yaxşılara, ürəklilərə, mərdlərə, sədaqətlilərə sığınmaq istədi. Xəyallarında bəsləyib böyütdüyü o şirin dünyanın ən dərinliklərini belə qəlbinə hopdurdu. Gözləri necə deyərlər yol çəkə-çəkə ülvi hisslərdən hey yazdı, yazdı...
Mənim ömür hekayəm nə söz deyil, nə yazı,
Bəlkə də, taleyimin dili lal, gözü kordur..
Damla- damla yığdığım yağışlar qəm dəryası,
Səbrimin quyuları üstü örtülü gordur…
Ayrılığa tutulmuş sevgilər göz açaraq,
Məhrəm duyğular ilə ölümlə barışacaq,
Susan göz yaşlarımın, ürəyimin yerinə,
Tanrının mehrabında
əlllərim danışacaq…
..Onunla görüşə getdim. Yataqda uzanmuşdı. Bir kiçicik otaqda çəlimsiz tənha bir insan. Hal-əhval tutdum,
-Necəsən?,- dedim.
Cavabı,
- Görürsən də nətərəm.
- Bəxtsiz, talehsiz oldum. Əsərlərimlə ruhən göylərə ucalsam da tək-tənhayam. Iki ildir ki bu çarpayının əsiriyəm. Çox zəiflədiyim üçün 10-15 metr yol gedə bilirəm. Onu da çətinliklə.
Bir az sakit dayanıb yenə danışdı:
- Mən yerimdən qalxa bilmədiyimdən yemək də hazırlaya bilmirəm. Keçən dəfə yaxın qohumlardan biri yemək bişirib qarşıma qoyanda deyindi, dedi ki, ölüb itmirsən ki, canımız qurtara. Mən də beləsinin yeməyinə əl uzatmadım, həmin gün ac qaldım.
Yanpörtü baxdım. Nisə Bəyimin gözləri yaşla dolmuşdu, hönkür-hönkür ağlamaqdan özünü güclə saxladı.
Ona baxdıqca qəhər məni boğurdu. Ürəyimdə deyirəm: -İnsan şam kimi əriyərmiş. Gözlərimi ondan yayındırmaq istəyirdim. O da bunu hiss edirmiş kimi keçmış şirin xatirələrindən elə həvəslə danışırdı ki, istər-istəməz ona baxmağa məcbur olurdum.
- Sual etdim ki, bu qədər kitabları əhatənə niyə yığmısan.
Bu dəfə Nisə Bəyim gülümsənən kimi oldu və asta səslə dedi:
- Bu kitab qalaqları məni inandırır ki, mən yazıçıyam...ailə-uşaq sahibi olmasamda ömrüm hədər getməyib.
- Bu tənhalıqda darıxmırsan?
Nisə Bəyim bu sualıma şəstlə cavab verdi:
- Yox. Bütün günü qəhrəmanlarımla oluram. Heç özüm-özümlə oluram ki...
O danışır mən isə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq şairi Anarın Nisə Bəyimin “Online” romanı barədə dediklərini xatırlayıram: “Bu romanı axşamüstü oxumağa başladım, ancaq ayrıla bilmədim, səhərəyaxın başa vurdum. Çöx təsirli romandı, bir daha Nisə Bəyimə heyran oldum”.
...Aramızda bir yazıçı yaşayır, aramızda bütün ömrünü kitablara həsr edən bir şairə yaşayır. Niyə sabirabadlılar fəxr etmir, niyə onunla görüşə tələsmirlər, niyə bu ağır günündə ona dayaq durmurlar. Niyə sağlığında qiymət vermirik belələrinə, görkəmli şairimiz Cabir Novruzun dediyi kimi, “sağlığında iynə boyda hörməti mən, ölən vaxtı min heykələ dəyişmərəm”.
Düşünürəm necə olur ki, bəziləri bir neçə vərəqli kitabı ilə rayonda səs salır. Onunçun görüşlər keçirilir, şəninə təriflər söylənilir. Həmin kitabçalar məktəblilərə belə satılır.
Bəs niyə 21 KİTABIN, o cümlədən 5 romanın müəllifi diqqətsiz qalır, bəs niyə onu tanıtmaq üçün əsərləri təbliğ olunmur.
Düzdü son günlər rayon rəhbərliyi Nisə Bəyimə diqqəti artırıb. Təqaüdünün artırılması və ona baxıcının ayrılması istiqamətində iş aparılır.
... 65 illik ömür payında ailə həyatı qurmayan bir xanıma bir sualda vermək istəyirdim. Dedim də:
- Əsərlərininin demək olar hamsında sevgi-məhəbbətdən bəhs edirsən. Məhəbbətin nə olduğunu bilməyən, o şirin dünyada yaşamayan adam belə şer və romanları necə yaza bilir?
Nisə Bəyim belə bir sualı gözləmirdi, diksinin kimi oldu.
Diqqətlə baxıb köks ötürdü və başını yelləyib susdu...
... Oradan ayrılanda Nisə Bəyim dedi:
- Müəllim, vəziyyətim heç də yaxşı deyil. Kövrlərək pıçıldadı:
Mısmırıq sallayır mənə buludlar,
Elə bil payızın axır vaxtıyam...
Mən özüm dünyaya baharda gələn,
Hər şeyə gecikən ağır baxtlıyam...
Ardı var...
İlham ƏSGƏROV