• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vergi tarixinin maraqlı məqamları

  • 08.02.2022, 00:26, Baxış sayı:
  • 576
Vergi tarixinin maraqlı məqamları
Vergi tarixindən ilk dəfə 2007-ci ildə yazmağı qərara aldım. Baxmayaraq ki, məndən əvvəldə Azərbaycanda vergi tarixindən yazanlar çox idi. Maraqlı məqam isə bu tarixi yazmaq üçün həmin dövrdə vergi sahəsi üzrə mütəxəssis olan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayevlə görüşüb tanış olmağımda bununla bağlı idi. Həmin dövrdə iqtisadçılar üçün vacib olan qəzetlərdən biri olan "İqtisadiyyat" qəzeti akademik Ziyad Səmədzadənin təsisçi və baş redaktoru olduğu zaman geniş kütlə tərəfindən oxunurdu. Mənim orada daimi məqalələrim nəşr olunurdu. Amma əyalət üçün daha maraqlı olacaq deyə, həmin il Şirvan şəhərində və Sabirabad rayonunda nəşr olunan qəzetlərdə məqaləm nəşr olundu və geniş auditoriyanın marağına səbəb oldu. Qarşıda da 11 fevral "Vergi günü" gəlir. Amma tarixin müəyyən məqamlarını bilmək maraqlı olar. Bu baxımdan tarixi məqmlarla bağlı sizləri aşağıdakı qeydlərlə tanış etmək istəyirəm.

Vergi tarixi uzun əsirlər böyu mövcuddur. İlk dəfə vergi haqqında eramızdan 3000 il əvvəl Misir tarixi əlyazmalarında qeyd olunub. Bundan sonra bir çox dini kitablarda vergi ilə bağlı qeydlər öz əksini tapıb. Vergi təcrübəsi inkişaf etməyə davam edirdi. Səbəb isə həmin zamanlar Yunanların sivilizasiyası inkişaf edirdi. Vergi sistemi Avropa, Şimali Afrika, Yaxın Şərqdə ermazdan 100 il əvvəl inkişaf etmişdir. Misirdə ilk dəfə bu qeydə rast gəlindiyi üçün dünya vergi tarixinə nəzər salaq. Misir fironu əhalidən yığılan taxılın 1/5 vergi rüsumu kimi səlahiyyətli şəxslərinə göstəriş verir. Beləliklə ilk dəfə olaraq vergi yığımı taxılla başlayır. Sual olunar niyə taxıl? Bildiyiniz kimi, taxıl insanın yaşaması üçün ən vacib məhsuldur. Həmin dövrlərdə taxıl çox qiymətli sayılırdı. Əhalinin də əsasə qazanc mənbəyi taxılçılıq idi. 1799-cu ildə "Rozzet daşı" üstündə saxsı lövhəsi tapılır. Həmin bu lövhə vergi qanunvericiliyin əsasını qoyur. Eramızdan əvvəl 196-cı ilə aid olan bu lövhə Ptomleylilər nəslindən qalan nadir tapıntı idi. Üstündəki yazı həm yunan həm də misir iroqlifləri ilə yazılmışdı. İroqliflərin kodlaşdırılmasının açlışı həm də qədim yazı formasının öyrənilməsinə təkan verdi. Maraqlı məqamlardan biri də Çində olan Tan və Sun sülaləsinin vergiyə yanaşmaları ilə bağlıdır. Onlar əhali arasında siyahıyaalınma aparırdılar. Bununla onların hərəkət trayektoriyasına nəzarət edərək vergi qoymanın daha düzgün aparırdıqlarını qeyd edirdilər. Onlar yığdıqları vergi vəsait ordunun saxlanmasında, kanalların qazılması, irriqası işləri və nəqliyyatın inkişafı üçün istifadə olunurdu.
Monqol İmperiyası vergi yığımından alınan vəsaiti müxtəlif məhsulların böyük ölçüdə istehsalına təsri etmək üçün istifadə olunurdu.

Qurban vermək
Vergilər dövlətin maliyyə ehtiyatlarının yaradılmasının əsas mənbəyi olmaqla min illərdir ki, mövcuddur. İngilis iqtisadçısı S. Parkinsonun sözlərinə görə, vergitutma dünyanın özü qədər qədimdir. Verginin ilk forması hər hansı bir yerli hökmdarın çayın mənsəbinə, iki çayın qovuşduğu yerə və ya dağ keçidinə sədd çəkdiyi, tacir və səyyahlardan keçib getmək üçün haqq aldığı zaman yaranmışdır.
İbtidai icma quruluşundan başlayaraq bütün xalqlarda qurban vermək adət halını almışdır. Qurbanlar allahlar üçün nəzərdə tutulsa da əslində qəbilə başçısına çatırdı. Xüsusi məbədlərdə qoyunlar və öküzlər kəsilərdi.
Lakin ən qəribə cəhətdə o idi ki, insanlar da qurban verilirdi. “Qurban” ərəb sözü “qərub”, yəni yaxınlaşma sözündən yaranmışdır. Dilimizdə “əqraba” və “təqribi” sözləri də həmin kökdəndir. Müxtəlif qəbilələrdə insanların qurban verilməsi ilahiyə yaxınlaşma kimi nəzərdə tutulmuşdur. Bütpərəstlər öz övladlarını müəyyən bütlərə, atəşpərəstlər oda qurban verirdilər.
Dini kitablarda qeyd olunduğu kimi, Yunis peyğəmbər gəmidə gedərkən tufan qopur, dalğalar gəmini silkələməyə başlayır. Hamını dəhşət bürüyür və dənizə qurban vermək üçün püşk atırlar. Püşkdə Yunis peyğəmbərin adı çıxır. Ancaq gəmidəkilərin bu nurlu simalı sərnişinə yazığı gəlir. İkinci və üçüncü dəfə püşk atdıqdan sonra da Yunis peyğəmbərin adı çıxır. Bu dəfə, o özünü dənizə atır. Dəniz dərhal sakitləşir. Böyük bir balıq Yunis peyğəmbəri udur və sonra üzüb sahilə çıxarır.
Misallardan göründüyü kimi, insanların qurban verilməsi hansısa bir fəlakətin qarşısını almaq üçün atılan addımdır. Bundan əlavə qurbanlar dünyada həm də ilk vergilər hesab olunurlar.

Alimlərin vergi haqqında fikirləri
Fransız alimi F. Kene ilk dəfə olaraq vergiqoyma ilə xalq təsərrüfatı arasında şəffaf əlaqənin mövcudluğunu əsaslandırdı. 1776-cı ildə vergiqoyma nəzəriyyəsinin banisi, şotlandiyalı iqtisadçı Adam Smit “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” kitabını nəşr etdirdi. A. Smitin ideyaları bir sıra dövlətlərin maliyyə və təsərrüfat həyatına əsaslı təsir göstərdi.
Smitin "Xalqların sərvəti" adlı kitabın 2-ci başlığında 4 əsas prinsipi qeyd edir.
1. Hər bir dövlətin qulluqçuları öz imkanları daxilində hökümətin apardığı siyasətə töhvə verməlidirlər. Bu töhvə dövlətin himayəsi altında əldə etdikləri gəlirə nisbətdə olmalıdır.
İzah: Bu qeyd onu göstərir ki, hər bir dövlət qulluqçusu verginin formalaşmasına və inkişaf etməsinə yardımçı olmalıdır.
2. Hər bir fərdin ödəməli olduğu vergi tək ona yox, hər bir şəxs üçün aydın şəkildə izah olunmalıdır.
İzah: Bu qeyd onu göstərir ki, tək vergi ödəyicisi deyil, statusundan, irqindən, cinsindən, inancından, yaşından aslı olmayaraq vergi hər bir şəxs üçün aydın şəkildə anlayışlı olmalıdır.
3. Hər bir vergi vergi ödəyicisi üçün ən əlverişli vaxtda və şəkildə tutulmalıdır.
İzah: Vergi o vaxtı tutulmalıdır ki, vergi ödəyicisinin gəliri və onun zamanı buna imkan versin.
4. Hər bir vergi sistemi elə qurulmalıdır ki, vergi tutulduğu zaman bu az olsun ki, xalq bunu çox da hiss etməsin.
İzah: Vergi elə tutulmalıdır ki, bu xalqın büdcəsinə çox təsir etməsin ki, onun yaşaması və digər xərclərini ödəmək üçün vəsaiti olsun.
Smitin bu yanaşması ilə razı olmayanlarda var idi. XVII əsrin filosoflarından olan Con Lokk və Tomas Qobbs qeyd edirdilər ki, vergi gəlirə görə yox, xərcə görə tutulmalıdır.

Qanunlar və cəlbetmə
Dünyada ilk vergi qanunlarına Babilistanda “Hammurapi”, Roma imperiyasında “On iki cədvəl”, Hindistanda “Manu” qanunlarını misal göstərmək olar. “Hammurapi” qanunlarına görə dövlət xəzinəsinə bütün əmlakın 10 faizi vergi kimi ödənirdi.
Roma imperiyasında vergilərin 200-dən yuxarı növü var idi. Bundan əlavə burada vergi yükü o qədər idi ki, əhalinin çox böyük hissəsi dilənçi kökünə düşmüşdü. Əsas vergilər can və vərəsəlik vergisi idi.
İlk mütəşəkkil vergi sistemlərindən biri Qədim Romanın vergi sistemidir. Roma vətəndaşları öz əmlaklarına və ailə vəziyyətlərinə görə təqdim etdikləri ərizəyə əsasən vergiyə cəlb olunurdular. Ərizə hazırda tətbiq edilən gəlir haqqında bəyannaməni xatırladır.
Qədim Romada dövlət institutlarının inkişafı imperator Oktavian Avqust tərəfindən əsaslı vergi islahatlarının aparılmasına səbəb oldu. Bu islahatlar nəticəsində “Tribut” adlı pul şəklində ödənilən ilk ümumi vergi yarandı.
XIII əsrdə Fransada duza aksiz vergisi tətbiq edildi. Buradan da aksiz vergisi anlayışı əvvəl Hollandiyada, İngiltərəyə, daha sonra digər Avropa ölkələrinə yayıldı. Adətən aksiz vergisinə alkoqollu içkilər və tütün məmulatları cəlb edilirdi.

Azərbaycanda vergi
Azərbaycanda vergi anlayışı qədim dövrlərdən mövcuddur. Manna və Midiya dövlətlərində əhali əsasən köçəri maldarlıq və əkinçiliklə məşğul olmuş, vergilər isə bir qayda olaraq natural formada toplanmışdır. Midiya dövləti süquta uğrayandan sonra İranda Əhəməni sülaləsinin hakimiyyəti bərqərar oldu. Azərbaycan torpaqları da bütövlükdə onlara birləşdirildi.
633-651-ci illərdə Azərbaycan xilafətə birləşdirildi. Xilafət üsuli-idarəsi VIII əsrdə ərəblərin işğalı dairəsinə düşmüş bütün becərilən torpaqları müsəlman icmasının mülkiyyəti elan etdi.
Zimme yəni başqa dinə mənsub yerli adam statusunu qazanmış bu sahibkarlar müsəlman icmasının himayəsində qalır. Torpaq vergisi xəracla yanaşı, qeyri müsəlmanların verdiyi can vergisi-cizyəni də ödəyirdilər.
Xəlifə əl-Mehdinin dövründə (775-785-ci illər), onun sərəncamına əsasən xəraclama sistemi dəyişildi. Misahə xəracı əvəzinə müqasəmə xəracı-məhsula görə alınan vergi qoyuldu.
Torpaq vergisi və can vergisindən əlavə aşağıdakı vergilər alınırdı: xüms-mülkiyyətdən və əmlakdan alınan gəlirin 1/5-nə bərabər olan vergi. Zəkat – yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi. Zəkat əl-fitri-orucluğun başa çatması münasibətilə verilən pay-fitrə. Sədəqə-yoxsullara verilən ianə. Uşr-məhsulun 1/10 bərabər vergi.
Bunlardan başqa neft və duz mənbələri üzərinə də vergi qoyulmuşdur.
XV əsrdə Azərbaycanda Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin mövcud olduğu bir dövrdə 30-dan çox adda vergi və mükəlləfiyyət mövcud idi. Məlcahət və ya bəhrə əsas vergi olmuşdur.
Uzun Həsənin “Qanunnamə”sinə əsasən bəhrə-əldə edilən məhsulun 1/5 hissəsini təşkil etmişdir. Kəndlilər istifadəsi olunmuş suyun müqabilində bəhrə vergisi ödəyirdilər. Hərbiçilərin, mülki və ruhani vəzifəsini tutan şəxslərin xeyrinə toplanan vergilərin məcmusu ixracat adlanırdı. Qeyri-qanuni surətdə, özbaşına toplanan vergilər şıltaqat adlanırdı. Maldardan çobanbəyi vergisi alınırdı.
XVI-XVII əsrlərdə Azərbaycan kəndlisi aşağıdakı vergiləri və mükəlləfiyyətləri ödəyirdi:
Bağbaşı- məhsulun 1/10-nə bərabər idi. Çobanbəyi – örüşdə heyvanları otarmaq üçün alınırdı. Dəh-yek (1/10) – iri feodal torpaqlarından götürülən gəlirlərin 10 faizi alınırdı. Cuftbaşı-torpağı əkib-becərmək üçün bir cüt qoşqu vasitəsi olanlardan alınırdı. Dəzgahbaşı – hər bir toxucu dəzgahından istehsal edilən məhsuldan alınan vergi idi. Ot-alafa-yük heyvanları, atlar üçün alınırdı.
Ulafa (ərzaq) – bir nəfərin (hərbiçi, canişin və s.) yaşaması üçün alınan vergi idi. Bunlardan başqa konalqa, təyin, ulaq və ulan, rüsum dəstənda, başpulu, biyar, çərik və s. alınırdı.
XVIII əsrin ikinci yarısında Azərbaycanda xanlıqlar dövründə əsas vergini malcəhət (Naxçıvan və Şirvan xanlıqlarında bu vergi bəhrə adlanırdı) təşkil edirdi. Feodallar otlaqlardan istifadə müqabilində rəiyyətdən çopbaşı adlı əlavə vergi alırdılar. Kəndli bağlarından toplanan bağbaşı adlı vergi məhsulun 1/10-ni təşkil edirdi.
Kəndlilərdən toy pulu da alınırdı. Əgər toy kəndlinin ailəsində olurdusa, onda bəy kəndlidən toy pulu tələb edirdi.
XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş vergilər birbaşa vergilərdən, rüsumlardan və aksiz yığımlarından ibarət idi. Qeyd edilən dövrdə Azərbaycan Rusiya imperiyasının tərkib hissəsi olduğundan vergilər haqqında qanunlar yerli xüsusiyyətlər nəzərə alınmaqla mərkəzdən verilirdi. Bu dövrdə vergilər iki hissədən ibarət idi.
Dövlət vergiləri.
Yerli vergilər.
Dövlət vergilərinə daşınmaz əmlakdan vergi, torpaq, ticarət, sənaye, pul kapitalından vergilər və aksizlər aid edilirdi. Yerli vergilər isə ərazi idarəetmə orqanları tərəfindən müəyyən olunurdu və müvafiq ərazilər daxilində yığılırdı.
1863-cü ildə dövlət şəhər əhalisindən alınan can vergisini ləğv etdi.
Azərbaycanda XIX əsrin əvvəllərində vergilərin yığılmasına nəzarəti xəzinədarlıqlar həyata keçirirdi. XIX əsrin 70-ci illərində Xəzinədarlıqlar Xəzinə Palataları ilə əvəz olunmağa başladı. Bu dövrdə Azərbaycan ərazisində vergilərin yığılmasına nəzarət sahəsində aşağıdakı orqanlar fəaliyyət göstərdi.
Naxçıvan əyaləti Xəzinədarlığı (1838), Şamaxı şəhəri Xəzər Xəzinə Palatası (1840-1843), Zaqatala dairə Xəzinədarlığı (1868-1920), Bakı şəhər Xəzinədarlığı (1821-1920), Naxçıvan şəhər Xəzinədarlığı (1898-1916), Yelizavetpol qəzası Xəzinədarlığı (1854-1919), Nuxa qəzası Xəzinədarlığı (1840-1918), Şamaxı Xəzinə Palatası (1846-1849), Bakı Xəzinə Palatası (1872-1918).

1918-ci ilin may ayının 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası Azərbaycanın istiqlaliyyəti haqqında akt qəbul etdi. Beləliklə Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı – İstiqlal aktının qəbulu ilə Azərbaycan dövlətçiliyi dünyada Xalq Cümhuriyyəti formasında elan olundu.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin büdcəsi aşağıdakı vergi növləri hesabına formalaşırdı:
1. Birbaşa vergilər – torpaq, daşınmaz əmlak, dövlət gəliri, sənaye natariat vergilər.
2. Dolayı vergilər – tütün, papiros kağızları, şəkər, çay, ağ neft, benzin və digər neft məhsullarından tutulan vergilər.
3. Möhür haqqı – məhkəmə, kargüzarlıq, sənəd yazışmalarından vergilər.
4. Hökumət inhisarına aid vergilər – mədən, poçt, teleqraf, meşələrdən, balıq vətəgələrindən, pambıqçılıq təsərrüfatlarından gəlirlər.
5. Dövlət dəmir yolundan gəlirlər – yük daşınmasından gələn gəlirlər.
AXC hökuməti maliyyə siyasətində mütərəqqi gəlir vergisi siyasətinə üstünlük verirdi.
Azərbaycan SSRİ tərkibində olduğundan onun müstəqil vergi sistemi olmamışdır.

1990-cı ilin iyulunda Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 11 fevral tarixli Fərmanı ilə isə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılıb. 2019-cu il oktyabrın 23-də isə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.

Arzuılar
Əvvəlcədən Vergi İşçilərinin peşə bayramı ilə əlaqədar, vergi xidməti işçilərini, vergi sahəsində yazan şəxsləri və bu sahədə xidmətləri olanları təbrik edirəm, ölkəmizin iqtisadi yüksəlişi yollarında onların hər birinə uğurlar arzulayıram.

Rauf QARAYEV, iqtisadçı-ekspert

İstifadə olunan materiallar: "İşıq" qəzeti 31 oktyabr 2007-ci il. "Suqovuşan" qəzeti 16 noyabr 2009-cu il tarixlərində nəşr olunmuş "Vergi tarixi" adlı məqalə.
Sayt: https://onlinebusiness.northeastern.edu
https://www.britannica.com/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter