2022-ci il fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi. Forumda 25 il ərzində ölkədə gənclər siyasəti və bir çox digər sahələrdə həyata keçirilən işlər təhlil edildi, iştirakçıların müxtəlif mövzulara həsr edilən çoxsaylı sualları ölkə başçısı tərəfindən ətraflı cavablandırıldı.
Prezident İlham Əliyevin gənclərlə görüşdə səsləndirdiyi fikirlər milli vəzifələr baxımından strateji əhəmiyyətli, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunun müəyyənləşdirilməsi kontekstdə isə bir çağırış idi.
Dövlət başçısı əldə etdiyimiz tarixi Zəfər və onun nəticələrinin dünyaya qəbul etdirilməsini şərh edərkən mənəvi məsələləri önə çəkdi. Prezident İlham Əliyev milli özünüdərk, vətənpərvərlik, milli birlik və həmrəylik kimi mənəvi-strateji komponentlər üzərində xüsusi dayanaraq bütün bu nailiyyətlərimizdə mənəvi keyfiyyətlərin mühüm rol oynadığını qeyd etdi. Dövlət başçısı dövlətçilik institutunun da əsasını təşkil edən komponentlərdən biri kimi mənəvi siyasi dəyərlərin əhəmiyyətindən də danışdı. Qeyd etdi ki, milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Əslində bu fikirlər mili dövlətin mövcudluğunun başlıca mənəvi –strateji komponentlərindən birinin milli-mənəvi dəyərlər olduğunu aydın ifadə etməklə, onu qoruyub və əbədi etməyin də yolunun məhz bu dəyərlərə sadiq olmaqdan keçdiyini ifadə edir. Bu mənada Prezidentin fikirləri konseptualdır, gənclər üçün çağırışlar və vəzifələr müəyyən edir, yol göstərir. Bu aspektdə dövlət başçısı milli yaddaşın əsas komponentlərindən biri olan tarixi yaddaş və onun milli-mənəvi dəyərlərin formalaşmasında oynadığı rola nəzər yetirərək, tarixi yaddaşın vacibliyinə toxundu. Çünki tarix təkcə dünən yaşananların xronoloji ardıcıllığı deyil, həm də sabahı necə yaşayacağımızın təcrübə və dərsidir, ya da elə ibrətidir. Tarixi hadisələri unutmamaq, tarixdə yol verilmiş səhvləri yadda saxlayaraq, onu bir daha təkrar etməmək lazımdır. Kimin kim olduğunu bilmək və onunla münasibətləri necə qurmağın daha doğru olduğunu yəqin etmək gərəkdir. Milli taleyimizlə bağlı qərarlar qəbul edərkən bütün bunları nəzərə almaq həmişə strateji əhəmiyyət daşıyıb və daşıyacaq. Ona görə də Azərbaycanın ən yeni və şanlı hərbi-siyasi tarixinin memarı kimi Prezident İlham Əliyev bildirdi ki, tariximizi yaxşı bilirik və bilirik ki, uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, milli xüsusiyyətlərini qorudu. Dövlət başçısı vurğuladı ki, biz həmişə öz milli dəyərlərimizə, ənənələrə sadiq olmuşuq, onları qorumuşuq, nəsildən-nəslə əsrlər boyu bu milli ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürmüşük. Beləliklə də özümüzü assimilyasiyadan, kənar təsirdən qoruyurduq.
Gənclərlə görüşdə səsləndirilən fikirlərin əsas istiqamətlərindən biri də qlobal imperializmin müxtəlif ideoloji siyasi mərkəzləri tərəfindən gənclərin hədəf kimi müəyyənləşdirilməsi, onların davranışlarının və milli kimliklərinin sorğulanması və manipulyasiya edilməsi cəhdləri ilə bağlı idi: “Şübhəsiz ki, hər bir xalqın gəncliyi onun gələcəyidir. Bir xalqın gəncliyini təsir altına salmaq o xalqın gələcəyi ilə bağlı söz sahibi olmaq deməkdir. Hazırda “vahid dəyərlər” adı altında bəzi “universal” dəyərləri milli dəyərlər yerinə oymaqla gənc nəsli öz milli dəyərlərindən uzaqlaşdırmaq cəhdləri də əslində elə bu məqsədə xidmət edir. Azərbaycana qarşı da həmişə belə addımlar ardıcıl olaraq atılır. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev vurğuladı ki, düzdür, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır, çünki bu cərəyana qarşı dünyada çox geniş müqavimət göstərilib, ancaq ideya olaraq qalır. Yəni qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Göründüyü kimi, təsbit edilmiş gerçəklik və düzgün ifadə edilən ideoloji istiqamət gənclərimizin qlobal imperializmin strateji toruna düşməmələri üçün vacib çağırışdır. Ancaq Azərbaycanda həyata keçirilən düzgün gənclər siyasəti bu vaxta qədər bəzi dağıdıcı ideoloji mərkəzlərin bu planlarının qarşısını vaxtında alıb. Elə Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də Azərbaycanın gələcəyi olan gənclərimiz üçün konseptual əsaslarda bir yol xəritəsi hesab edilə bilər.
Mircamal Həşimov,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər
tam orta məktəbinin direktoru