Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimzə göstərdiyi diqqətin parlaq təzahürüdür.
Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Ulu Öndər 2003-cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdi: "Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!".
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də son 18 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına da xüsusi diqqət yetirmişdir. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənlərin əyani təsdiqidir.
Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, islam və qeyri-islam dini icmalar öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.
Xalqımızı Qurban bayramı münasibətilə təbrik edirəm.
Mais
MƏMMƏDOV ,
Nərimankənd
kənd tam orta məktəbinin
direktoru