Gənclərin 44 günlük müharibə dövründə ön və arxa cəbhədə fəallıq nümayiş etdirməsi təsadüfi deyildi. Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Gənclərimizin belə faəllığında, hazırlıqlı gənc nəslin formalaşmasında dövlətimizin uzun illər apardığı ardıcıl işlərin, tərbiyəvi tədbirlərin böyük rolu var. Dövlətin gənclər siyasətinin nəticəsiydi ki, Azərbaycan gəncləri torpaqlarımızın işğal altında qaldığı 28 il ərzində siyasi, ictimai, hərbi hazırlıq istiqamətində böyük inkişaf dövrünü keçiblər, onlar cəmiyyətimizin fəal üzvlərinə çevriliblər.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə gənclərimiz görülməmiş qəhrəmanlıq dastanı yazdılar. Müqəddəs mübarizədə canlarını qurban vermiş şəhidlərimizin işıqlı xatirəsi hər birimizin qəlbində yaşayacaq. Azərbaycan xalqı bütün şəhidlərimizin əziz xatirəsini daim uca tutur.
Xalqımız hər zaman 27 Sentyabr – Anım gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır!
Əminliklə qeyd etmək olar ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanın inkişafı üçün əlindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək. İşğal altında olan torpaqlarımızın azad olunmasında iştirak edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir.
Bundan sonra da gənclərin üzərinə böyük məsuliyyət düşür. Qələbədən sonra Azərbaycanın müasir tarixində yeni səhifə açılıb. Qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında daha böyük vəzifələr durur. Bu vəzifələrin həyata keçirilməsində gənclər xüsusi diqqət mərkəzində olacaq. Onlar qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətlərini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Bununla gənclər ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirilməsinə fayda vermiş olacaqlar.
Gənclik ölkənin gələcəyidir və dövlətin strateji olaraq möhkəmlənməsi, eləcə də əbədi olmasının qarantıdır. Buna görə də ölkəmizdə düzgün istiqamətlənmiş gənclər siyasəti həyata keçirilir. Bu gənclər siyasətinin məqsədi milli-mənəvi dəyərlərə uyğun gənc nəsilin tərbiyə edilməsi və sağlam gənc nəsilin formalaşdırılmasından ibarətdir.
Hazırda Qarabağda yenidənqurma işləri gedir. Ağıllı kəndlərin salınması, çox qısa vaxtda həyata keçirilmiş quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə yol çəkilişləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması işğaldan azad olunmuş ərazilərin tezliklə cənab Prezidentin söylədiyi kimi, cənnət-məkana çevriləcəyindən xəbər verir.
Biz o quruculuq işlərinə baxanda da daim şəhidlərimizi anırıq, ehtiramla xatirlərini yad edirik. Şəhidlərin qanı, canı bahasına qovuşduğumuz o müqəddəs ərazilərdə həyat normala düşəndə də hər birimiz şəhidlərimizi unutmayacaq, hər addımımızda onları anacağıq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
Zabit Babayev,
Sabirabad rayonu Zəngənə kənd həkim məntəqəsinin müdiri