Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görülməlidir
Əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə hələ 2016-cı ildən başlayaraq Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunub.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun qiymətinə uyğun olaraq 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılmalıdır.
Bəs Sabirabadda necədir, un neçəyədir, çörək çəkiyə uyğun satılırmı?
Öyrəndik ki, bir kisə “Karmen” 26 manata, “Mehriban” isə 28 manata təklif olunur. Un satışında qiymət fərqi ortadadır.
Bir neçə çörəkbişirmə müəssisəsində də qısa bir araşdırma apardıq. Nəticələr məyusedici oldu. “AS-GÜN” ticarət mərkəzinin “Bərəkət” çörəkbişirmə müəssisəsi demək olar ki, rayonun 25-30 faizini çörəklə təmin edir. Müəssisə 24 saat fasiləsiz işləyir, satışa müxtəlif çəkidə 4 çeşiddə ağ undan (“Karmen”) məhsul çıxarır. Sobada bişirilən təndir çörəyi adı ilə 370-372 qramlıq çörək 30 qəpiyə, 392 qramlıq 30 qəpiyə, 520 qramlıq çörək isə 40 qəpiyə satılır. Rəqəmlərdən də göründüyü kimi, “Bərəkət”dən satışa verilən 30 qəpiklik çörəyin çəkisi normadan 100-110 qram, 40 qəpiklik çörəyin çəkisi 180-200 qram əskikdir.
Cavad kürə çörəyi adı ilə satışa çıxarılan Cavad kəndində istehsal olunan 30 qəpiklik çörəyin çəkisi 325 qramdır, bu da normadan 175 qram azdır.
Ümumiyyətlə hansı şəraitdə bişirilməsindən və keyfiyyətindən asılı olmayaraq rayonda satışa çıxarılan ayrı-ayrı sexlərdə hazırlanan çörəklərin çəkisində normadan ən azı 100-200 qram fərq var.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz zəfər çalır. Cəbhədə uğurlu əks-hücum əməliyyatı aparan şanlı Ordumuza dəstək üçün bu günlərdə arxa cəbhədə olan bizlərdən daha məsuliyyətli olmaq tələb olunur.
Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tədbirlərini davam etdirir, əminik ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcəkdir.
“Muğanın səsi”