2020-ci ilə nəzər salsaq görərik ki, Ermənistanın Azərbaycana qarşı iyul, avqust və sentyabr aylarındakı hərbi təxribatları Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyinin göstəricisi idi. Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindəki döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı başlamışdı. 44 gün davam edən müharibədə Azərbaycanın qalibiyyətli zəfəri sayəsində üçrəngli şanlı Azərbaycan bayrağı Qarabağ səmasında dalğalandı. Günbəgün irəli gedən, dədə-baba torpaqlarımızdan düşməni təmizləyən Azərbaycan Ordusunun 8 noyabr tarixli bənzərsiz döyüş əməliyyatı ilə Şuşa şəhəri işğalçılardan təmizləndi. Bunun ardınca Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsini və digər mühüm strateji mövqeləri, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndi azad etməsindən qısa zaman sonra Ermənistan təslim olmağa məcbur oldu. Laçın rayonunun cənub hissəsində yerləşən ərazilərin düşməndən azad olunması isə strateji əhəmiyyətə malik yüksəkliklərə eləcə də Laçın dəhlizinə nəzarət etmək imkanını vermişdi. Bu döyüşlərdə qəhrəmanlıq, şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 nəfər hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Vətən müharibəsinin döyüş meydanında topların, atəşlərin, toz-dumanın dayanması isə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli kapituliyasiya bəyanatı ilə oldu. Bildiyimiz kimi, Bəyanatın bəndlərində Ağdamın, Kəlbəcərin və Laçının Ermənistan Respublikası tərəfindən geri qaytarılması öz əksini tapmışdı. Və bu bəndlərin icrası addım-addım həyata keçirildi: ərazisində 90 mindən çox mina basdırılmış ruhlar şəhəri olan Ağdam, təbii sərvətləri ilə yanaşı təbiəti də talan edilmiş Kəlbəcərdən sonra Ermənistan Respublikası Laçını da şanlı Ordumuza təhvil verdi. Və beləliklə 01 dekabr 2020-ci il tarixində üçtərəfli bəyanatın daha bir bəndi yerinə yetirildi, artıq Azərbaycan Ordusu Laçın rayonuna nəzarət edirdi. 01 dekabr 2020-ci il tarixi həm də 27 il ərzində mövcud olan lakin yerinə yetirilməyən BMT Qətnamələrinin Azərbaycanın Rəşadətli Ordusu vasitəsilə həyata keçirildiyi tarixdir. Beləliklə, 4 qətnamə artıq icra olunmuş tarixi sənəddir. 30 ilə yaxın bir müddət ərzində Azərbaycan bu qətnamələri real siyasi, iqtisadi, beynəlxalq əlaqələr siyasətində, ideologiyada, təbliğatda, təşviqatda əldə rəhbər tutdu və sonda Azərbaycan dövləti, Azərbaycan xalqı, Ali Baş Komandanı onu reallığa çevirdi, həyata keçirdi, icra etdi. Artıq bu tarixdən etibarən biz Laçının işğal olunduğu yox, işğaldan azad olunduğu günü qeyd edirik.
Qarabağın qapısı hesab edilən Laçının işğal edilməsi prosesinin necə baş verdiyinə nəzər salaq. 1992-ci ilin may ayının 8-i Şuşa şəhəri, həmin ilin 18 may tarixində Laçın, daha sonra isə 1993-cü ilin aprelində Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Məhz bu üç rayonun, coğrafi-hərbi-strateji yüksəkliyin itirilməsi sonrakı dövrdə Qarabağın digər bölgələrinin işğalına mühit yaratmışdır. Bunun nəticəsidir ki, bu rayonlardan sonra sırası ilə Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan şəhərləri işğala məruz qaldı. Beləliklə, 1992-ci il 18 may tarixindən etibarən məcburi köçkün həyatı yaşamağa məhkum olmuş soydaşlarımızın fikri, düşüncəsi ancaq Laçınlı günlər idi. Azərbaycan xalqı 90-cı illərin hərbi-silahlı acılarını, ağrılarını, çətinliklərini hətta düşüncələrində belə qayıtmaq istəmir. Vətən müharibəsində əldə edilən zəfər bu acılara son qoydu. Və bu gün mühüm yüksəkliklərin hər birində - Şuşada, Laçında, Kəlbəcərdə və bütün Qarabağda üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır. 28 il 6 ay 12 gündən sonra daha bir Zəngəzur eli, hamımız üçün doğma olan, 79 mindən artıq soydaşımızın yaşadığı Laçın şəhəri düşmən işğalından azad olundu.
Şanlı zəfər ilə Qarabağ üçün arzuladığımız o günlər: əzəli sahibləri ilə yeni simasını qazanacağı, bizi böyük qayıdışa yaxınlaşdıran, neçə illərdir həsrəti ilə yaşadığımız torpaqlardan xoş xəbərlər alacağımız günlər gəldi. Amma 10 min kv.km-dən böyük bir ərazinin qurulması, insanlar üçün layiqli həyat şəraitinin təmin edilməsi nəhəng bir işdir. Bu işləri layiqincə yerinə yetirən Azərbaycan dövləti öz iqtisadi gücü, həyata keçirdiyi layihələri ilə dünyanın diqqətini bölgəyə cəlb edir. Planlaşdırılan yeniliklərə isə bizi yollar aparacaq - işğaldan azad edilən ərazilərdə yeni çəkilən yollar. Kəlbəcər və Laçın rayonları arasında yeni bir bağlantı sayılan, uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi isə ölkə başçımızın sözügedən rayona səfəri zamanı söylədiyi kimi, “Həm İstisuya Laçın Beynəlxalq Hava Limanından istifadə edərək gəlmək üçün rahat imkan olacaq, eyni zamanda, Kəlbəcərlə Laçın arasında ikinci yol bağlantısı olacaq. Bunun həm strateji, həm də hərbi əhəmiyyəti var. Eyni zamanda, vətəndaşların rahatlığı, İstisu kurortunu yenidən bərpa etmək, müasir səviyyəyə gətirmək üçün bu yolun böyük əhəmiyyəti var”. Laçında icra olunan digər çox böyük layihələrdən biri də beynəlxalq hava limanının inşası olacaqdır. Azərbaycanın ən hündür yerində yerləşəcək beynəlxalq hava limanı Azərbaycan və eləcə də işğaldan azad olunan ərazilərimiz üçün mühüm əhəmiyyət daşıyır. Çünki beynəlxalq statusda olacaq bu liman imkan yaradacaq ki, turistlər həmin ərazilərə daha rahat səfər etsinlər. Beləliklə, nəinki, Laçında bütövlükdə Qarabağda son bir il ərzində bir sıra layihələr uğurla icra olunur. Eləcə də icrası planlaşdırılan, həyata keçirilməkdə olan işlər də sürətlə davam etdirilir. Azərbaycan öz ərazilərinin inkişafı üçün atdığı addımlar müasirliklə yanaşı ekoloji sağlamlığı da özündə əks etdirir.
Sonda bir məsələni də vurğulamaq istərdim ki, Ermənistan Laçın rayonunda coğrafi adları dəyişdirməklə, rayonun təbii resurslarını talan edərək qazanc mənbəyinə çevirməklə, əsasən Livanda olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasəti aparmaqla, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər törədirdi. Bununla da Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozurdu. Amma görünən odur ki, işğal illəri ərzində ermənilər Qarabağda həyat qura bilməyiblər. Bu isə onların bu torpaqlarla bağlılığının, doğma yurdunun, vətəninin olmaması ilə bağlıdır. Artıq bu doğma yurd nəhayət əzəli sahiblərinə qovuşur, Qarabağın hər daşında, qayasında, qarışında tarixi, xatirələri olan, bu qayıdışı 30 ilə yaxın bir müddətdə həsrətlə gözləyən sahibləri qayıdır.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağasaqqalar Şurasının sədri