Bu günlər müstəqillik tariximizin ən şərəfli, qürurlu zamanını yaşayırıq. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək tarix yazdı.
Müzəffər ordumuz həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günə gerçəkləşdirdi. Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Düz 30 il bundan əvvəl Oktyabrın 18-də Müstəqilliyimiz Bərpa edildi. 30 illik müstəqillik tariximizdə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf məhz bu müstəqillik tarixində əldə olunan nailiyyətlərdir.
Bu gün - 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunduğu tarixi gündür. Lakin, müstəqilliyk aktı qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.
Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Böyük zəka və iradə sahibi olan Heydər Əliyev qısa zaman kəsiyində müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. Xalqımızın azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsi ilə müstəqil Azərbaycan dövlətçiliyi daha da möhkəmləndi.
1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə aparılan demokratik islahatlar sayəsində ölkədə bazar iqtisadiyyatı münasibətləri bərqərar edildi."Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır",- deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin Müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı.
Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilmiş, əbədi və dönməz olmuşdur. Bu, müasir Azərbaycan insanının xoşbəxtliyidir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi: "Bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq".
Həqiqətən də ölkəmizdə uğurla inkişaf etdirilən neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlərimiz, bilavasitə Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsidir və bu gün həmin siyasət Onun kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Əlverişli coğrafi mövqedə yerləşən, mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın geoiqtisadi və logistik mərkəzi kimi tanınır.
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Ölkə rəhbəri ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb, təhsildə özəl sektor formalaşıb. Azərbaycanda güclü sosial siyasət həyata keçirilir, vətəndaşlar dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunur.
Prezident İlham Əliyev ölkə əhalisinin sosial rifahının yaxşılaşması üçün geniş miqyaslı layihələr həyata keçirib. Yüz minlərlə məcburi köçkünə yeni evlər, şəhid ailələrinə, müharibə veteranlarına isə güzəştlər, müavinətlər, mənzillər və minik avtomobilləri verilib. Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Bu gün məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bu və ya digər amillər 30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər tarixi gerçəkliklərdir.
Əzəli torpaqlarımızın düşmən işğalından azad olunması üçün 30 il yol gəldik. Artıq güclü Azərbaycan ordusu düşmənə öz sözünü dedi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, biz sona qədər getdik. Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı və 30 ilə yaxın davam edən işğala həmişəlik son qoyuldu. Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti bir daha sübut etdi ki, əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi: "Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi”.
Həsən HƏSƏNOV,
Sabirabad rayon İcra Hakimiyyəti
Başçısının birinci müavini