• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

28 May Respublika günüdür. Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır!

  • 27.05.2021, 08:13, Baxış sayı:
  • 567
28 May Respublika günüdür.  Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır!
Müstəqil Azərbaycan dövləti günü-gündən
möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir.
Heydər ƏLİYEV

XX əsrin əvvəllərində tarix dünya siyasi arenasında baş verən hadisələr müstəqiliyini 1813-cü ildə “Gülüstan sülh müqaviləsi”nin bağlanması ilə itirərək ikiyə bölünmüş Azərbaycana öz müstəqilliyini elan edib suveren dövlətini qurmaq üçün əlverişli şərait yaratmışdır. Bu fürsətdən istifadə edən Azərbaycan Milli Şurası 27 may 1918-ci ildə Tiflis şəhərində müsəlman şərqində ilk parlamentli respublika, Türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlətin - Azərbaycan Demokratik Respublikasının qurulmasını bəyan etmişdir.
Beləliklə, Azərbaycanın “İstiqlal Bəyannaməsi” elan edildi və Azərbaycan Xalq Cümhuriyyətinin, respublikamızın müstəqilliyinin əsası qoyuldu.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, qısa müddət ərzində həyata keçirdiyi tədbirlər, dəyərli işlər tariximizdə böyük iz buraxdı. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, hakimiyyət strukturunun və onun fəaliyyət mexanizminin formalaşması müstəqil dövlətin böyük uğurları idi. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.
Bu qısa müddət ərzində Qərb dövlətləri ilə əlaqələr yaradıldı. Dünya sivilizasiyasına qovuşmaq üçün parlament üsuli-idarəsi təsis edilərək Azərbaycanda yaşayan bütün xalqların və siyasi partiyaların nümayəndələrinin parlamentdə təmsil olunması təmin edildi. Həm kişi, həm də qadınların seçki hüququ qanunla təsbit olundu. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınların seçki hüququ əldə etdiyi ilk ölkə idi. Qadınların seçki hüququ o zaman hətta hazırda inkişaf etmiş Qərb ölkələrində də tanınmırdı.
Ulu Öndər Heydər Əliyev 1998-ci il mayın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə Milli Məclisin təntənəli iclasında çıxışında deyib: “Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur. Məhz buna görə də Azərbaycanın bütün vətəndaşları - biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, onun fəaliyyətini və Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik”.
Azərbaycan Xalq Cümhuriyyəti öz başlıca tarixi missiyasını yerinə yetirdi. Ən əsası, cümhuriyyətin yaranması ilə vaxtilə itirilmiş dövlətçiliyimiz bərpa edildi, Azərbaycanın müstəqil gələcəyinin əsası qoyuldu. Bu, xalqımızın milli mənlik şüurunun güclənməsinə də böyük təsir göstərdiyi üçün bolşevik işğalından sonra da müstəqillik hissləri azərbaycanlıları heç zaman tərk etmədi.
Tarixin bəxş etdiyi imkandan ikinci dəfə məharətlə istifadə edərək 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. Azərbaycan xalqı bir əsrdə ikinci dəfə müstəqilliyini bəyan edib, özünün suveren dövlətini yaratdı. Lakin müstəqilliyin qazanılması fürsətini əsirgəməyən tarix elə bil onun süqutunu da reallaşdırmaq istəyirdi.
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən cəmi 23 ay yaşadı. İstiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş müstəqil Azərbaycan Respublikasının başı üzərini yenə də qara buludlar almışdı.
Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatları müstəqilliyin beşikdəcə boğulması təhlükəsini günü-gündən reallaşdırırdı.
Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Bu gün tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə Ulu Öndərin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı bir dövlət dünya xəritəsində olmazdı.
Ulu Öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur. Bəllidir ki, Corc Vaşinqton - Amerika dövlətçiliyinin banisi və "Amerika xalqının atası", Mustafa Kamal Paşa türk xalqının atası hesab edilir. Heydər Əliyev də Azərbaycan tarixində eyni rolu oynayıb. Ulu Öndərimiz Heydər Əliyevi də Azərbaycanın Corc Vaşinqtonu və Mustafa Kamalı adlandırır və onun məhz dünya miqyaslı tarixi şəxsiyyət olmasını fəxrlə deyirik. Heydər Əliyevin tarixi rolu dünyada getdikcə daha böyük qiymət alır. Məhz buna görə müxtəlif ölkələrdə Ulu Öndərə abidələr qoyulur, muzeylər açılır... Axı böyük şəxsiyyətlər bir xalqa aid olmurlar! Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdurlar. Məhz bu səbəbdən biz digər xalqların yetirdiyi dahi insanları öyrənir, tanıyr və sevirik. Və məhz bu səbəbdən başqa xalqlar da bu dahi insana belə maraq göstərirlər.
Heydər Əliyev Azərbaycanın tarixini yeni səmtə çevirməyi və dövlətçilik sistemini qurmağı bacardı. Onun böyük tarix prizmasında görünən və araşdırılması gərəkən tərəfləri də az deyil. Ulu Öndər siyasət ustası olmaqla yanaşı, dünya siyasətinə tamam fərqli, indiyə qədər bənzəri olmayan bir lider tipi gətirmişdi. Heydər Əliyev fenomeninin araşdırılması siyasət elminə xeyli maraqlı ideyalar gətirə bilər. Yəni tariximizdə Heydər Əliyev kimi şəxsiyyətin olması faktı bu yolla Azərbaycanın həm də intellektual sərvətinə çevrilməlidir. Necə ki, bu ölkənin Varlığı və Müstəqilliyi başda olmaqla, bütün sərvətlərinin qaynağında Milli Lideri dayanır.
Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun sadiq və layiqli davamçısı İlham Əliyev 2003-cü ilin Prezident seçkilərində rəqibləri üzərində parlaq qələbə qazanaraq xalqın yekdil iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.
İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverinliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi “Müstəqilliyi əldə etmək asan, onu qoruyub saxlamaq çox çətindir”.
Bu gün Böyük Öndərimizin ən layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə söyləməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik.
Əli HÜSEYN
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter