Vaksinasiya cəmiyyətin sağlam inkişafı, ənənəvi həyata qayıdış və yaxın ətrafdakı insanların səhhətinin təhlükə altında qalmaması üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin bu sahədə vaxtında və dəqiq yol xəritəsi hazırlamış olması, ölkəmizdə vaksinasiya prosesinin sürətlə davam etməsini təmin etmişdir. Bunun nəticəsidir ki, Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir. Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir. Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Vaksinin qüvvətləndirici üçüncü (Buster) doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər.
Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştammlarına qarşı güclüdür. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir.
Bu baxımdan, Vaksinin qüvvətləndirici üçüncü (Buster) dozasının tətbiqini məqbul hesab olunur.
Dövlətimizlə yanaşı hər bir vətəndaşımız peyvəndlənmə prosesinə məsuliyyətlə yanaşmalıdır. Özümüzü və ətrafımızdakı insanları qorumaq üçün hər birimiz bu prosesdə fəal və məsuliyyətli davranmalıyıq.
Ölkəmizin bütün regionlarında olduğu kimi, Sabirabad rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Bu günə kimi Sabirabad rayonu üzrə ümumilikdə 140622 COVİD-19 infeksiyasına qarşı vaksin edilib ki, onlardan 76531 nəfər birinci doza, 64091 nəfər isə ikinci doza peyvənd olunmuşdur.
Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
Bu gün də biz hamılıqla, eyni birlik və həmrəyliyi nümayiş etdirməklə COVID-19-a qarşı mübarizəmizin növbəti, bəlkə də ən mühüm mərhələsini – kütləvi vaksinasiyanı başa vurmalıyıq.
Əlişirin Əliyev,
Sabirabad RMX-nın Poliklinika
şöbəsinin müdiri