44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən rayonlarımıza mütəmadi olaraq səfərlər edir, vəhşicəsinə dağıdılan ərazilərimizdə tikinti, abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanır, müvafiq tapşırıqlarını verir. Dövlətimizin başçısının oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri bir daha göstərdi ki, ötən bir il ərzində Azərbaycanda erməni faşizminin yerlə yeksan etdiyi torpaqlarımızın bərpasını prioritet istiqamət olaraq seçmişdir. O cümlədən, ölkə rəhbərinin səfər zamanı hər bir azərbaycanlının qəlbində qürur və fəxr hissi yaradan çıxışı Qarabağın və bölgənin inkişafı üçün mühüm vəzifələr və milli prioritetlər kimi dəyərləndirilməlidir.
İşğalın yekunlaşmasından hələ bir il belə keçməməsinə baxmayaraq işğaldan azad olunmuş rayonlarımız artıq abadlaşır, yeni görkəm alır və torpaqlarımızdan erməni vandalizminin izləri yavaş-yavaş silinir. O cümlədən, tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast¬rukturu yaradılır, yüksək gərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qaraba¬ğın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm lokomotivi olaraq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcəkdir.
Məlumat üçün qeyd edək ki, Cəbrayılın işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı bölgəyə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev səfər çərçivəsində bir çox obyektin təməlqoyma mərasimində, bəzilərinin isə açılışında iştirak etdi. Səfəri daha əlamətdar edən hadisələrdən biri də dövlətimizin başçısına Cəbrayıl şəhərinin baş planının təqdim edilməsi oldu. Bu isə o deməkdir ki, bundan sonra aparılan işlər daha da sürətlənəcək və sistemli şəkildə aparılacaqdır. Səfər zamanı həmçinin “Araz Vadi¬si İqtisadi Zonası”nın təməli qoyuldu,“KamAz” regional xidmət mərkəzinin açılış mərasimi keçirildi. Qeyd edək ki, açılış mərasimində şirkətin vitse-prezidenti və Tatarıstan Respublikasının Baş naziri¬nin müavini açılış üçün xüsusi olaraq Azərbaycana gəlmişdi. Onu da vurğulamaq istərdim ki, Cəbrayıl rayonunda elektrik təchizatının verilməsi üçün demək olar ki, bütün lazımi işlər görülüb. Cəbrayıl yarımstansiyası artıq istifadəyə verilib.
Ölkə başçımızın çıxışında Cəbrayılın işğaldan azad olunmasının vacibliyi bir daha vurğulandı. Ümumiyyətlə, Zəfər xronologiyamıza nəzər salsaq, Cəbrayılın işğaldan azad edilməsinin xüsusi yeri olduğunu görərik. Çünki Cəbrayıl şəhəri Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər-rayon mərkəzi idi. Hələ 2016- cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu¬nun əks – hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Beləliklə, 2016-cı ildə başlayan Cəbrayıl şəhərinin işğaldan azad olunma prosesi 2020-ci ilin 04 oktyabr tarixində öz missiyasını tamamladı. Cəbrayılda qazanılmış qələbələr ordumuzun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut (Ağoğlan) qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş im¬kanlar yaratmış oldu.
Prezident cənab İlham Əliyev cəbrayıllılarla görüş zamanı bildirdi ki, Aprel döyüşləri zamanı uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Və bu gün Cəbrayıl rayonu artıq azaddır, yaxın gələcəkdə cəbrayıllılar öz doğma el-obalarına qayıdacaqlar. Biz əminik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimiz dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaq, ən qısa zamanda Qarabağı əsl cənnət məkana çevirəcəkdir.
Araz İsmayılov,
Sabirabad rayonu Gənclərin Kariyera və
İnkişaf Mərkəzinin könüllüsü