44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz qazandığı tarixi Qələbə ilə tarix yazdı. Ali Baş Komandanımızın və şanlı ordumuzun qəhrəman əsgər və zabitlərinin sayəsində işğal altında qalan torpaqlarımız azad olundu. Tarixi ədalət bərpa olundu və ərazi bütövlüyümüz təmin edildi.
Vətən müharibəsi zamanı ordumuz 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər Günü kimi təsbit edildi. Azərbaycan, Rusiya liderlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə Bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi.
Bununla da Qarabağa Böyük Qayıdışın əsası qoyuldu. Tarixi torpağımız olan Qarabağın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin-Füzuli-Şuşa magistral yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Ali Baş Komandanımız Qarabağın xilaskarı kimi Şuşa şəhərini addım-addım gəzdi, dağılmış, xarabazara çevrilmiş məscidlərin, tarixi abidələrin bərpası üçün, eləcə də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstərişlər verdi. Bülbülün ev-muzeyinin açılışı qeyd edildi. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən Vaqif Poeziya Günləri təşkil olundu.
Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradıldı. Həmçinin dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanı bu istiqamətdə atılan daha bir mühüm addım oldu.
Dövlətimizin başçısının sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunduğu kimi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə xalqımız son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük Zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların Vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir vəsilə olacaq. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək. Azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu İqtisadi məsələlər üzrə İşçi Qrup əmlakın inventarlaşdırılması, işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi kimi proseslər üzərində işləyir.
Göründüyü kimi, Qarabağa Böyük Qayıdış ərəfəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-qurucluq işləri sürətlənir. Görülən işlər, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqram uğurla icra olunacaq, quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar. Prezident İlham Əliyev “Bizim yarışacağımız əsas tərəf müqabili zamandır” söyləyərək bir daha vurğulamışdır: “Planlaşdırdığımız məsələləri həll edəcəyik. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq.
İşğaldan azad olunmuş ərazilərdə aparılan sürətli bərpa və quruculuq işləri bütün dünyaya bir daha göstərdi ki, bu torpaqların əsl sahibi kimdir. Həmçinin bir daha sübut olundu ki, təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan qurucu, yaradıcı olmaqla yanaşı, regionda, eləcə də bütün dünyada inkişaf, sülh, əməkdaşlıq, tərəqqi üçün var qüvvəsi ilə çalışan güclü dövlətdir.
Afaq Cabbbarlı,
YAP Sabirabad rayon təşkilatının üzvü