Məşhurların həyat hekayələri
Arvadı onu
fəxri ad almağa
qoymadı –görkəmli xanəndə haqqında maraqlı faktlar
Qulu Əsgərov 1928-ci ildə Salyanda anadan olub.
Ancaq ilk səhnə fəaliyyəti ən çox Sabirabadla bağlı olub. Müharibədən sonrakı illərdə Sabirabadın el şənlikləri Qulusuz keçməzdi. Çox vaxt Qulu Əsgərov Rübabə Muradova ilə birgə toyları aparardı. Bir müddət Sabirabad dram teatrında işləyib Rayon mədəniyyət evində onların birgə konsetləri bu gün də xatırlanır.
***
Qulu Əsgərovun Sabirabaddan Bakıya getməyində Səməd Vurğunun əvəzsiz xidməti olub. Deyilənə görə, şair Sabirabadın hansısa kəndində toyda onu dinləyəndən sonra səsini çox bəyənir və onu Bakıya gətirir.
Qulu Əsgərov müğənni kimi şöhrət qazandığı illərdə, həm də İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alır.
***
Tarzən, bəstəkar, xanəndə olan Qulu Əsgərov muğamat haqqında kitab da yazıb.
***
Deyilənə görə, onun ömür boyu fəxri ad ala bilməməsində birinci həyat yoldaşının rolu olub. O, yüksək vəzifədə işlədiyi üçün Qulu Əsgərovun fəxri ad almasını istəməyib. Hətta ayrıldıqdan sonra belə hər dəfə adı fəxri ad siyahısına düşsə də, keçmiş yoldaşının əli ilə siyahıdan çıxarılırmış.
***
Birinci həyat yoldaşından ayrılandan sonra uzun müddət teatrda yaşayıb.
Yaqub Məmmədova fəxri ad verildikdən bir neçə gün sonra Yaqubla Qulu küçədə rastlaşır. Yaqub deyir ki, "Qulu, bağışla, sənin adını mənə verdilər". Qulu deyir ki, "Hər kəsə öz haqqını verirlər, sən öz haqqını almısan".
***
Xəstə olduğunu biləndən sonra “Filarmoniya bağı”na gedib, bütün sənət dostları ilə görüşüb, halallaşıb. Səbəbini soruşanda isə deyib ki, “mədəmdə o zəhrimardan var, ona görə gəldim hamınızla vidalaşım”.
Ölümünə yaxın qızını evdən uzaqlaşdırıb. İstəməyib ki, qızı onu son halı ilə xatırlasın.
***
Muğamatın vurğunu olan Qulu Əsgərov övladlarına da muğam adları verib: Rahab və Şahnaz.
***
Xərçəng xəstəliyindən əziyyət çəkən sənətkar 1987-ci ildə 58 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin.
Ülkər ƏSGƏRLİ,
“Muğanın səsi”