Şuşanı hər zaman Azərbaycan xalqı özünün mənəvi paytaxtı hesab edib, tarixinin, mədəniyyətinin beşiyi sanıb, əzəməti ilə qürurlanıb, varlığı ilə öyünüb.
II Qarabağ müharibəsinin gedişi ərəfəsində, 16 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verən zaman jurnalistin sualını cavablandırarkən Şuşanın azadlığının xalqımız üçün nə qədər əhəmiyyətli olmasını xüsusi vurğulamışdı: “... İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.
Çox keçmədən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Şuşanı azad etdi və bu tarixi zəfərlə düşmənə elə bir gözdağı verdi ki, onun ağrı-acısını heç zaman unuda, sınmış belini düzəldə bilməyəcək...
Şuşamız isə gündən-günə dirçəlir. Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında Şuşaya “Zəfər yolu” ilə səfər edərək bu tarixi missiyanın uğurlu təməlini qoydu.
İlham Əliyev bu səfəri zamanı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhları şad oldu. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya - öz əzəli vətənlərinə qaytarılması qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi.
Daha sonra Ali Baş Komandan bizi mayın 12-də ölkəmizin tarixində əlamətdar günlərdən olan və uzun fasilədən sonra Şuşada, Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalından salamladı.
Prezidentin Şuşaya növbəti səfəri çərçivəsində əlamətdar hadisələrdən biri də şəhərin müfəssəl hazırlanmış baş planı əsasında tikiləcək yeni yaşayış kompleksinin təməl daşının qoyulması oldu.
Hər birimiz sevinirik. Şuşa mədəniyyətimizin paytaxtı kimi gündən – günə abadlaşır.
Bəylər HEYDƏROV,
Şıx-Salahlı kənd ağsaqqalı